SƏMƏD MƏLİKZADƏ

Qaraxançallıların şair oğlu

Qaraxançallıların şair oğlu

SƏMƏD MƏLİKZADƏ

Kəlbəcər deyiləndə gözlərim önünə, ilk növbədə, təbii sərvətləri zəngin olan torpaq, heç vaxt görmədiyim o əsrarəngiz təbiət - quşqonmaz zirvələr, zümrüd donlu meşələr, təbii müalicə bulaqları, geniş yaylaqlar, ilin bütün fəsillərində şırhaşır axıb gedən çaylar, bulaqlar gəlir...
Kəlbəcər həm də fədakar, zəhmətkeş, doğma yurda bağlı insanların yurdudur.
Kəlbəcər sazın, sözün həmişə uca tutulduğu bir eldir. O eldə Aşıq Bəsti, Aşıq Qurban, Aşıq Xalıqverdi, Dədə Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Musa, Ənvər Rza, Məmməd Aslan, Bəhmən Vətənoğlu,  Şücaət və başqaları saz çalıb, söz qoşublar...
O uca dağların qoynunda, güllü-çiçəkli yaylaqlarda gəzib-dolanan, maya bağlayan, bol bəhrəli bağların, soyuq bulaqların həmdəmi olan az kəlbəcərli tapmaq olar ki, saz çalmasın, söz qoşmasın. Çünki insan gözəllik aşiqidir, gözəlliksə ruha qida verir, onu çoşdurur, dilləndirir.
Sabir müəllim də əslən kəlbəcərlidir. Onun doğma Qaraxançallılar kəndindən ayrıldığı yarım əsrdən çox olar. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) bitirib. Əmək fəaliyyətinə işıq şəhəri Mingəçevirdəki ağac emalı zavodunda mühasib kimi başlayıb, sonra təmir-tikinti idarəsində mühasib, meşə ticarəti bazasında mühasib və direktor işləyib. Amma sazın ruhu, sözün, şeirin cazibəsi onu uşaqlıqdan özünə çəkib. Özi də ürəyində şeirə çevrilən duyğuları kağıza töküb. Şair dostlari ilə yaxınlıq onu poeziyaya daha möhkəm bağlayıb. Bir də onda görüb ki, bir neçə kitablıq "cızmaqara"sı var...
Bu yaxınlarda Sabir Qaraxançallının "Bir ömrün yadigarı" adlı kitabı ( redaktoru Əli Çərkəzoğludur ) işıq üzü görüb. O, bu kitabını ömür yolunun qısa xəritəsi sayır. Çünki bu kitabda həm əlli yaşlı, həm də bir yaşlı şeirlər var: " Ən başlıcası isə bu kitab yaşadığım duyğuların, könlimə hakim olmuş hisslərin dondurulmuş halıdır. Sevgim də buradadır, xainlərə, satqınlara, yetim-yesirin haqqını yeyən alçaqlara qəzəbim də. Həsrətini çəkdiyim doğma yurdun, dağların, bulaqların nisgili də burdadır, sağıma-soluma boylanıb şükr etməyim də:.... Bu kitab mənim insanlara sözüm, dünyaya yadigarımdır".  S. Qaraxançallının köhnə dostu şair Məmməd İsmayıl kitaba yazdığı ön sözdə qeyd edir ki, mənə elə gəlir ki, o, ancaq könlünün sifarişi ilə yazmağa başlayıb, əsas olan da elə bu deyilmi?: " Bu yazıların əsas özəllikləri dünyanın ən mübarək yeri olan Kəlbəcərin adət-ənənələri, köç yolları, yaylaq axar-baxarı, ən çox da əldən çıxılmışlığın çəkilməz ağrılarıdır və bütün bunlar Sabir bəyin misralarının mayasını oluşdurur". Digər şair dostu, həmyerlisi, rəhmətlik Məmməd Aslanı üzən, " ...o Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər..." nisgili Sabir Qaraxançallının da ürəyində çəkilməz ağrıya çevrilib:
Neynirsən soruşub halımı mənim?
Kədər aşiğımda, qəm qurşağımda.
Gəmisi qərq olmuş fırtınalarda
Gəmiçi xoşbəxtdi mənim yanımda.
 
Vaxtlı kədərlənib, vaxtsız qocalmış,
Diləyi, arzusu gözündə qalmış,
Payız yarpağı tək solub saralmış,
Asılıb qalmışam son budağında... ("Halımı sorana")
 
Vətəndə vətənsizlik ağrısı onun şeirlərindən bir xətt kimi keçir. Amma bu şeirlər kədər ruhlu olsa da, sanki uzaqda ümid işığının yandığı da qeyd edilir:
Gəlir qulağıma cəngi sədası,
Artıq yetişməkdə türkün dünyası,
Qalmaz qiyamətə qəsdin qisası,
İndi əsirlikdə qalan Kəlbəcər.    ("Əsir Kəlbəcər")
 
S. Qaraxançallının digər yurd həsrətli "Hardasan", "Ürəyim", "Ağlayır", "Mən", "Ömrün qürüb çağında", "Vətəndə vətənsiz", " Yaylaqda nə var!?", "Qaçqın yurddaşlarıma ", "Qəriblik" şeirlərində də Kəlbəcər həsrəti hakimdir. Bu şeirlərdə eyni zamanda o torpağın gözəllikləri, dərdlərə dərman yaylaq havası, el-oba adətləri, yurd adları dönə-dönə xatırladılır:
 Bu dünyada oxşarı yox,
 Sirli, soraqlı Kəlbəcər.
 Hər qayadan kövsər qaynar,
 Dərdə dərmanlı Kəlbəcər.
 Boz sürülər sinəsində,
 Naxır, çobanlı Kəlbəcər.
 Hər kovuşdan arı qaynar,
 Pənəkli-ballı Kəlbəcər.
 Yaz olanda gülşən olar
 Dağlı, aranlı Kəlbəcər. ("Kəlbəcər")
 
Yurd ağrısını yurdsuzlar, didərginlər bilər. Belə insanların ürəyində yaşayan doğma ocaq həsrəti onların baxışlarından, gözlərindən  oxunur, təsəlliləri o yerlərlə bağlı xatirələri, yuxuları olur:
Düşər irəddinə, izləyir səni,
Kəlmədə qəriblik, sözdə qəriblik.
Kimsəyə fərq etməz, qoyar izini,
Alında qəriblik, sözdə qəriblik. ("Qəriblik")
 
Saza, aşıq şeirinə bağlılıq, sevgi Sabir bəyin şeirlərində özünü aydın göstərir. Daha doğrusu, onun elə qoşmaları, rübailəri, təcnisləri və bayatıları var ki, sanki yüz illərdi çilalanıb, dildə-ağızda dolaşıb. Bayatılara fikir verin:
Mən aşiq, bircəsinə,
Qurbanam bircəsinə.
Şirinli Fərhad olsa,
Dağ yarar bircəsinə.
 
Mən aşiq, kölgəsinə,
Şam yana, kölgə sinə.
Canan əğyara qismət,
Mən qurban gölgəsinə.
 
Əzizim, şəkər bala,
Bal bala, şəkər bala,
Balam necə şirindi,
Qatmışam bala dərdi.
 
 Kitabda bir cüt təcnis də var. "Qar alar məni" adlı təcnisdən bircə bəndi təqdim edirik:
 
Ağ günün yoluna həsrətlə baxan,
Daima izləyər, qaralar məni.
Dərd məni çulğasa, dağlara qaçsam,
Mən qara düşərəm, qar alar məni.
 
 Kitabda həvəslə əzbərlənəcək, yaddaşa köçürüləcək belə misralar çoxdur. Bu, onu göstərir ki, Sabir bəyin şeirləri çağdaş ədəbiyyatımızın uğurlu bir qoludur, oxucu üçün yeni nəfəsdir.
Bir neçə kəlmə də oxucu marağını çəkən və Məmməd İsmayılın dediyi kimi, "qəribə assosiasiya" oyadan Qaraxançallı soyadı barədə. Elə mən özüm də bu soyadı ilk dəfə eşidəndə bir az təəccüblənən kimi oldum. Sən demə, bunun da maraqlı və fəxr ediləcək  tarixçəsi varmış. "Bir ömrün yadigarı" adlı kitabın "Soyadım Qaraxançallı adının tarixi haqqında" bölməsində bu tarixə də işıq tutulub. Yazılana görə, gavurlarla döyüş gedirmiş. Cavan bir oğlan gavurları biçib tökürmüş. Düşmən məğlub olur. Döyüş bitən kimi xan göstəriş verir ki, o cavanı mənim yanıma gətirin. Belə də edirlər. Xanın qarşısına enlikürək, bütün döyüşçülərdən uca bir igid gəlir. Xan ondan kimliyini, hansı eldən olduğunu soruşur. İgid deyir ki, mən İsmayıl oğlu Allahverdiyəm. Elim Kəlbəcərin Dəlidağın ətəyində, Qoturlu dərəsində yerləşir. Xan soruşur ki, axı sənin qılıncın, qalxanın yoxdur, bəs gavurları nə ilə qırırdın?
İgid deyir ki, xan sağ olsun, kiçik tiyə ilə necə döyüşmək olar? Mən palıd budağını fırladaraq düşməni əzib tökürdüm. 
Xan  üzünü hamıya tutub deyir:
- Bilin və agah olun! Biz bu igidin qəhrəmanlığı hesabına düşməni məğlub etmişik!... Sonra xan xəzinədara işarə edir və dəmirçini yanına çağırıb deyir ki, bu igid üçün boy-buxununa uyğun bir xançal bağlayarsan. Qoy həmişə üstündə gəzdirsin. Bunun düşməni çox olar.
Dəmirçi xançalı hazırlayıb Allahverdiyə təqdim edir. Allahverdi də qara dəstəkli, qara qınlı xançalı belinə bağlayıb gedir.  O vaxtdan hamı ona böyük hörmətlə yanaşır, təzim edir. Hər bir məclisdə onu yuxarı başda oturdurlar. İllər ötür Allahverdi unudulur. Amma "qaraxançallı" ifadəsi yaddaşlarda yaşayır. Allahverdi uşaqları Qaraxançallılar ( "Kitab-Dədə Qorqud" dastanında onlar qaradonlular adlandırılıblar) kimi tanınıblar. Bax, bu da Qaraxançallıların qısa tarixi...
Şair Məmməd İsmayılin dili ilə desək, bu kitab dürüst bir ömür yaşamış, ruhunu saza, sözə təslim etmiş bir mübarək insanın ömür macərası, könül çırpıntılarıdır. Bu könül çırpıntılarının ritmində, ahəngində uzun, keşməkəşli və şərəfli ömrün geniş və təkrarsız mənzərəsini görmək mümkindür.
Hər ömürdən bir yadigar qalır. Kimi tikdiyi, ucaltdığı qalanı, sarayı, körpünü, kimi düşmənə qarşı göstərdiyi qəhrəmanlığı, kimi elmi kəşflərini yadigar qoyur. Düşünürəm ki, Sabir Qaraxançallı da xeyirxah əməllərini və bir də özünün dediyi kimi, insanlara sözünü - "Bir ömrün yadigarı" kitabını.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top