SƏMƏD MƏLİKZADƏ

Mənə mikrafon verin...

Mənə mikrafon verin...

SƏMƏD MƏLİKZADƏ

Mən də oxumaq istəyirəm. Elə uşaqlıqdan oxuyan olmuşam. Qonşu kəndə məktəbə gedəndə, çöldə, düzdə gəzəndə səhərdən axşamacan mızıldanmışam, səsim də özümə xoş gəlib. O vaxtlar məni evdə danlamışdılar ki, "dingiş olma", özünü bir az ağır apar. Mən də o vaxtdan oxumağı kəsdim. Düzünü desəm, yenə keyfim kök olanda, təklikdə arabir oxuyurdum. Amma illər ötdükcə mən oxumağı tərgitdim. Son illər səhərdən-axşamadək telekanalların ekranlarında tamaşaçıların gözünü yara, qulağını dəng eləyən müğənniciklərə baxandan sonra yenidən oxumaq həvəsinə düşmüşəm. İndi arada evdə, işdə, küçədə, hətta avtobusda pəsdən mızıldanıram. O gün evdə oxuyanda nəvəm gülüb dedi ki, baba, olmaya xanəndə olmaq istəyirsən? Küçədə isə mənim yanımdan keçib gedənlər mızıltımı eşidib mənə qəribə tərzdə baxırlar. Guya mən qəbahət iş görürəm. İş yoldaşlarım arasında da bu məsələyə baxış birmənalı deyil. Biri deyir, oxu, həvəsin varsa, istəyin həyata keçəcək. "Tem boli" yaxşı nitqin, şeir deməyin də var, səsin yaxşı-pisliyi isə indi o qədər də "vajnı" deyil. O işi aparatura yoluna qoyacaq. Onsuz da indi oxuyanların çoxunun məlahətli səsi yoxdu. Sağ olsun, mikrafon,  bir az tüstü, sonra da rəngbərəng işıqlar. Çətini bir-iki dəfə səhnəyə, ekrana çıxıncadı. Bunun da yolu var. İmicini dəyişirsən- saç-saqqalını uzadırsan, əlinə keçən arvad yaxud kişi paltarı, ayaqqabı əvəzinə qədimi çarıq geyinirsən. Zatən, sənin saqqalın var. Sonra lazımi adamları görüb haqqını verirsən, adını salır şou-biznes proqramlarına. Çətini "kruq"a düşənəcəndi. Əvvəlcə sən onları tərifləyirsən, "ustad" deyirsən. Sonra da onlar səni tərifləyir və yanlarına salıb orda-burda tanıdırlar.

Başqa iş yoldaşım isə deyir ki, ayıbdı, həm də bu yaşda oxumağa başlamaq çox gecdi, bir də axı sənin səsin yoxdu, üstəlik xalq mahnılarından, muğamdan da bixəbərsən. Mən isə onu başa salmağa çalışdım ki, bəyəm əlinə mikrafon alanların hamısı xalq mahnısı və yaxud muğam oxuya bilir. Onların çoxu heç muğamın şöbələrinin adını bilmir. Eləsi də var ki, oxuduğu mahnının sözlərini tam bilmir. Buna görə də sözlərin axırını "yeyir". "Pərəstişkarları" deyirlər ki, guya o, mahnını yeni oranjimanda oxuyur. O stildə elə mən də oxuya bilərəm dəə.

Özümə ad, təxəllüs də seçmişəm - Çöloğlu Gümüşsəs. İndi belə adı olmayanlara yaxşı baxmırlar. Həm də qoy desinlər ki, yəqin xaricdə yaşayan türklirdəndi. Saçımı da iki rəngdə boyayacam - yarısını qırmızı, qalanını da göy. Desinlər ki, müğənni olmaqla yanaşı, azadlıqsevərdi, inqilabçidi. Bilirsiz ki, bizdə xaricdən gələn "posledni" oxuyanlardan ötrü də sino gedirlər. Özümə ikinci qondarma ad da tapmışam - "Platin şlyager". Tezliklə mənə mükafat verəcək təşkilatla da danışmışam, mükafatın pulu onlara qalacaq, ancaq mənə qızıl suyu çəkilmiş adi mikrafon verəcəklər. Media nümayəndələrinə o məclisdən sonra restoranda yaxşı qonaqlıq verəcəm. Qonaqlığın pulunu sokzavodda işləyən xalaoğlu verəcək. Çünki söz vermişəm ki, onun oğlunu özümə prodüser götürəcəm. Oğlan dədəsindən də "delovoy", cələqırmışın biridi. Qalır restoran, şadlıq evi məsələsi, onun da yerini eləmişəm. Biri dənizin dibində "Akvarium" adlı əyləncə mərkəzi tikdirir. Mənə elə gəlir ki, pullu yer olacaq və orada oxumaq elə də çətin olmayacaq. Çünki o yerə gələnlər balığa, tısbağaya, krokodilə  tamaşa etməyə, yeyib-içməyə gələcəklər. Çoxu da pullu adamların balaları olacaq. Onlar da xalq mahnılarını, muğamı neynirlər, tez-tez xarici müğənnilərin diskini qoy, ağzını aç-yum, sürt özünü yerə. Elə toylara da çoxu fonoqramla gedir. Deyəcəklər kişi can qoyur, belə oxuyan heç yerdə yoxdu.

Repertuarıma adı bizlərə o qədər də tanış olmayan xalqların mahnılarından salacam. O mahnıları da özüm oxumayacam, başqası oxuyacaq və lentə yazdıracam, ancaq klipdə məni göstərəcəklər. Klipi də xarici ölkələrdə satdıracam. Bir də gördün çağırdılar Cənubi Afrika Respublikasına konsert verməyə. Deyilənə görə, orada küçədəki toz-torpaq da qızıldı. Konsertləri pulsuz verəcəyəm. Deyəcəyəm ki, məni  ölkənizin fəxri vətəndaşı eləyin və gedəndə icazə verin küçələrin toz-torpağından bir-iki kisə aparım...

Nə başınızı ağrıdım, elə sabahdan başlayıram "manıslığa"...
Mən - Çöloğlu Gümüşsəslə konsert salonlarında, toylarda görüşənədək.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top