SƏMƏD MƏLİKZADƏ

Nooolar!

Nooolar!

SƏMƏD MƏLİKZADƏ
                Bəs, hökümət öz vətəndaşını niyə başa düşmək istəmir?
                Bəllidir ki, müşkül məsələləri həll etmək, elmi suallara cavab vermək adamdan bilik, təcrübə və bacarıq tələb edir. Lakin adam hərdən bu gözəlim məmləkətdə bəzən elə sadə məsələ, yaxud suallarla rastlaşır və deyir ki, bunın cavabı aksioma kimi bir şeydi. Amma, ancaq və lakin sonra görürsən ki, heç də sənin düşündüklərin, verdiyin cavablar hökumətin bəzi məmurlarını qane eləmir...
                 Məni darıxdırmayın, qoyun fikrimi konkret misalla əsaslandırım. Məsələn, bir paytaxt sakini ora-bura şikayət edir və bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları mənə çatası pensiyanı tam vermək istəmirlər. Eşidən-bilən ona deyir ki, a kişi, nə danışırsan, elə şey olmaz, yəqin sənədlərin qaydasında deyil. O soydaşımız da and-aman eləyir ki, məsələ sənədlə bağlı deyil.
                Bəs problemin kökü nədir və ya nədədir?
                 Kişi deyir ki, mənim həyat yoldaşım hərbçi olub. 5-6 il əvvəl onu pensiyaya gödəriblər. Xanım 3 il əvvəl dünyasını dəyişib. Rəhmətlik o illərdə 530 manat pensiya alırdı, yəqin ki, həmin məbləğ son illər artaraq azı 700- 750 manata çatıb. Onu da bildirir ki, mən həyat yoldaşımdan təqribən 2 il sonra pensiyaya çıxmışam və hazırda çox az pensiya alıram, həm də işləmirəm. Mənim bildiyimə görə, ailə üzvlərindən biri (kişi və ya qadın ) rəhmətə gedərsə, digəri (öz pensiyasından imtina etməklə ) o birinin yüksək pensiyasını ala bilər. Amma hara müraciət edirəmsə deyirlər ki, yoldaşının pensiyasını sənə tam vermək olmaz, çünki sizin azyaşlı övladınız yoxdur. Maraqlıdır, əgər o pensiyanı mənim həyat yoldaşım illərlə işləyərək və əmək vergisi verərək qazanıbsa, niyə onu mənə vermək istəmirlər? Deyirlər ki, qanun icazə vermir. Görəsən həmin qanunu yazan və qəbul edənlər hansı məntiqlə belə ediblər? Axı o vəsait mənim ailəmindir. Digər tərəfdən, mən işləsəydim heç bu haqda danışmağı özümə sığışdırmazdım. Amma hamı yaxşı bilir ki, indi pensiyaçıları nə dövlət, nə də özəl qurumlar işlətmək istəmirlər. Əgər bu, dövlətin qayğısına qalmaqdırsa, bəs dövlət öz vətəndaşının hansı çətinliklə yaşadığını niyə başa düşmək istəmir?... Bunlar da hökumətdən narazı soydaşımızın fikirləridir.
                Mən o kişiyə haqq qazandırıram, bəs siz necə?
                Nooolar, qoy bu suala həmin qanunu qəbul edən millət vəkilləri və aidiyyəti qurumların rəhbərləri cavab versinlər.
                O tulaları yığışdırın!
                 Paytaxtın yeddinci mikrorayonu bir vaxtlar sakit, xudmani bir məkan idi. Binəqədi rayonunun ərazisində yerləşən bu mikrorayon son onbeş-iyirmi ildə çox dəyişib, sərhədlərini genişləndirib. Metronun "Dərnəgül" satansiyasının istifadəyə verilməsi bu ərazidə yaşamaq  istəyənlərin sayının artmasına səbəb olub. Tikinti şirkətləri də burada çoxlu sayda yeni çoxmərtəbəli yaşayış binası istifadəyə veriblər... Onu da deyim ki, bir vaxtlar mikrorayonun qarşısında (evtikmə kombinatı ilə mikrorayon arasında ) böyük bir yaşıllıq zolağı vardı. Ora ağac və kol cinsləri ilə zəngin idi. Yayın ən isti günlərində belə o yaşıl vadiyə girsəydin rahatlıq və sərinlik tapardın. Eşitdiyimə görə, həmin yaşıllıq rəhmətlik akademik Həsən Əliyevin təşəbbüsü ilə salınmışdı. Təəssüf ki, imkanlı və vəzifəli məmurlar o gözəl məkanda bir-birinin ardınca çoxlu şadlıq evi və restoran tikdirdilər. Beləliklə, mikrorayon sakinləri o yaşıllığa həsrət qaldılar. Yaşıllıq zolağının qalan az bir hissəsi də uzun illər suvarılmadığından öz simasını itirdi və sahibsiz itlərin oylağına çevrildi. O qalan yer də "setka" ilə hasarlanıb...
                 Mübaliğəli olsa da deyim ki, bir ara 7-ci mikrorayonda itlərin sayı adamların sayından çox idi. Elə indinin özündə də orada az it yoxdu. Sakinlər xahiş edirlər ki, ay itbazlar, nooolar, o tulaları yığışdırın, arvad-uşaq  işə, məktəbə qorxa-qorxa gedir...
                Ögey ağaclar
                 Təxminən beş ildir ki, Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsi həyata keçirilir. Bu illər ərzində yeddinci mikrorayonda da bu istiqamətdə az iş görülməyib. Görülən işlərdən biri mikrorayonun mərkəzində, "Vətən" uşaq-gənclər futbol məktəbinin qarşısındakı yaşıllığın yenidən qurularaq, sakinlərin istirahəti üçün müasir bağ halına salınmasıdır. O qədər də böyük olmayan bağ yayın qızmar günlərində gecəyarıyadək adamla dolu olur. Bir qoca bağban səhər-axşam o yaşıllığı səliqə ilə suvarır. Buna görə də bağ yamyaşıldır. Təəssüf ki, həmin yaşıllığın yuxarı hissəsi çox acınacaqlı vəziyyətdədir. 40-45 yaşlı yüzədək ağac ilboyu bir dəfə də olsun suvarılmır. Ağacların altında çoxlu ocaq yerləri var. Belə davam edərsə həmin qiymətli ağaclar quruyacaq. Bəzi sakinlər bu fikirdədirlər ki, yəqin hansısa "işbaz" və ya məmur oraya əl qoyub və istəyir ki, ağaclar quruduqdan sonra öz planını həyata keçirsin. Axı bu günahdır, qanunsuzluqdur. Belə deyilsə, niyə o yaşıllıq hamının gözü qarşısında qurudulur. Onsuz da mikrorayonda yaşıllıq kifayət qədər deyil. Olmazmı ki, həmin ərazi də bağ halına gətirilsin? Bu, orada yaşayanlara yaxşı hədiyyə ola bilər.
                Nooolar, o ağacların məhv olmasının qarşısını alın!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top