SƏMƏD MƏLİKZADƏ

Yaya vida nəğməsi oxumağa tələsməyin

Yaya vida nəğməsi oxumağa tələsməyin

SƏMƏD MƏLİKZADƏ
Yaya vida nəğməsi oxumaq hələ tezdir. Çünki son illər bəzən payızın da bir ayı isti və bürkülü keçir. İl olub ki, sentyabr avqust ayından da qaynar keçib, kölgələnməyə yer axtarmışıq. Çünki indi bəzən təbiət də əbədi bölgüləri pozur, fəsillər öz yerini və rolunu, borcunu unudur hərdən... Bu sözlərimə başqa rəng verən, başqa "don geyindirən" olmasa, deyərdim ki, təbiətdə də cəmiyyətdəki kimi mizan-tərəzi pozulub. Belə olmasaydı Afrikada qar yağmaz, Rusiyada, Avropa ölkələrində 40 dərəcə isti olmaz, Antarktidada buzlar çat verməzdi. Deyilənə görə, Antarktidada buzlar tamamilə ərisə okean və dənizlərin səviyyəsi, qulaqlara qurğuşun, 75  metr yüksələ bilər. Bəlkə də bir az əvvəl söylədiklərimiz elə buna bir xəbərdarlıqdı.

Adam var ki, günlərin, ayların, hesabını aparmır, onda qalmış belə şeylərin fərqinə vara, bu barədə düşünə, başını ağrıda. Elələrini danışdıranda da deyir ki, rəhmətliyin nəvəsi, gör nəyi qoyub, nəyi hesablayırsan, gündü də gəlib keçir, hər şeyi niyə ürəyinə salırsan? Amma başa düşmür və ya düşmək istəmir ki, bu dünyada başa verən yaxşı və pis hər olay, istəyimizdən asılı olmayaraq, qəlbimizə iz, naxış salır. Bax, sizi bilmirəm, ancaq mən lap isti günlərdə belə, qapı-pəncərəni bağlayıb kondinsioneri işə salanların hərəkətinə yaxşı baxmıram. Deyə bilərsiniz ki, axı burada qəribə nə var? Hə, belə baxanda burada qəribə, təəccüblü bir şey yoxdur- isti sizi təntidir və siz də sərinlənmək istəyirsiniz. Amma, inanın ki, mən kondinsioner işləyən otağın pəncərəsi qarşısında dayanıb baxanda şüşənin o biri üzündəki yayın istisinə, daha dəqiq desək, o günəşli yay gününə yazığım gəlir.. Və tam səmimiyyətlə, mən bu sözləri fəlsəfə açmaq üçün yazmıram. Ona görə ki, elə bil həmin otaqdakı süni sərinlik mənim ömrümü oğurlayır, ürəyimdə yaşanan ifadəsi çətin olan şirin duyğularımı öldürür və məni darıxdırır. Çünki gərək insan yayın istisini, qışın şaxtasını canında, iliyində hiss edənədək yaşasın. Yox, demirəm ki, özünü günvurmadan, soyuqdəymədən qorumasın, qorusun. Ancaq yayı, yay kimi yaşasın, qışı da qış kimi. Belə olmayanda vücudumuz, düşüncələrimiz də öləziyir, fəsillərin şirin anlarını, müxtəlif yaş mərhələsində dünyanın eyni pəncərədən görünüşünü və digər şeyləri itiririk. Axı bizim üçün uşaq yaşlarında rəngbərəng, cilvəli görünən dünya gəncliyimizdə, qocalıqda başqa fonda görünür...

Bir neçə gündür ki, havalar sərinləşib. Hətta Qaxda uca zirvələrə qar, qırov düşüb. Gecələr indi rahat yatmaq olur. Axı, elin dili ilə desək, artıq quyruq donan vaxt gəlib.. Amma inanamıram ki, o deyim ilkin anlamını doğrultsun. Çünki, əvvəlcə dediyim kimi, fəsillərin sərhədləri elə bil qarışıb. Buna görə də hər şeyi deyimə bağlamaq olmaz. Son günlər arabir yer islanır və tez quruyur. Sanki göydəki buludlar meydan sulamaq istəyirlər və buna cəsarət etmirlər. Amma, sizi bilmirəm, indi mənim ürəyimdə bir güclü yağış həsrəti yaşayır. O yağış hər il bir az əvvəl, bir az gec düşür. Və sanki göydə dolaşan cəsarətsiz buludlar o yağışa hamilədirlər və düşəcəkləri ünvanı axtarırlar. O yağış yayın toz-torpağını, hisini-pasını və eyni zamanda bizim içimizdəki ağrı-acıları bir qədər azaldacaq, gərilmiş əsəblərimizi yumşaldacaq, duyğu-düşüncələrimizi həzinləşdirəcək. Az keçməyəcək ki, hər yanda yaşıl otlar baş qaldıracaq, bu saralmış, vağam olmuş çölləri yenidən oyadacaq. Bu təmizlənmədən sonra dünyanın rəngi də, halı da başqalaşacaq...

Bizim kənddə bir Burcalı kişi vardı, deyirdi ki, gərək payızın şeh, qırov düşən çağlarında açıq havada yatasan ki, ciyərlərin təmizlənsin. Elə özü də həmin havalarda  eyvanda, çardaqda yatırdı. Ömrünün son gününəcən "bədənim, başım ağrıyır" demədi. Öləndə də vəsiyyət elədi ki, məni havalı yerdə, külək, yağış tutan yerdə basdırın. Qoy qəbirdə yağışın, küləyin səsini eşidim, torpağımı yağış yusun, külək sovursun.. Allah rəhmət eləsin!

Əlbəttə, hər fəsilin öz gözəlliyi var. "Payız ilin ən heyranedici son təbəssümüdür" (Uilyam Brayant). Stenli Xorovi isə deyir ki, qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasidir. Buna görə də yaşadığımız ayların, fəsillərin dadını, ləzzətini dadmağa çalışmaq lazımdır. Xoşbəxt o insandır ki, gördüyü hər işdən zövq aldığı kimi, ömrün hər fəslini də zövqlə yaşayır...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top