SƏMƏD MƏLİKZADƏ

İki mahnıya duyğulu "popuri"

İki mahnıya duyğulu "popuri"

SƏMƏD MƏLİKZADƏ

İlhamə xanım yenə eyni həvəs və kövrəkliklə oxuyurdu:
...Qarşını kəsib ağlasam,
Qapını döyüb yalvarsam, 
Neylərsən mənə görən, neylərsən?
 
Yarama məlhəm istəsəm,
Səndən imdad diləsəm,
Neylərsən mənə görən, neylərsən?

(Musiqisi Faiq Sucəddinovun, sözləri Nuridə Atəşindir)
 
Mahnının bu yerində qaşınma tutdu məni. İstədim özümü qaşıyım, basabas olduğu üçün əlim başqasının qoltuğuna girdi. "Hərif" nə fikirləşdisə tərs-tərs baxdı üzümə... Ancaq mən bu hərəkəti bilərəkdən eləmədim deyə özümü günahkar da saymadım. Ümumiyyətlə, açığı deyim ki, bu mahnını eşidəndə bir az özümü ələ ala bilmirəm, qaşınma tutur məni. Görünür belə şeylərə öyrəncəli olmadığımdan "allergiya"lanıram. İstədim bunu yol yoldaşıma da başa salım, gördüm uzun çəkəcək və mənə inanmayacaq. Ona görə də üzr istəyib, üzümü çevirdim.
Mahnı davam edirdi. Avtobusda hərə öz dünyasında idi. Heç kəs sürücüyə demirdi ki,  ay kişi, baş-qulağımız getdi, o radionun səsini azalt. Görünür mahnı sərnişinlərin ürəyincə idi:
 
Sənsiz ölərəm desəm,
Sənə səninəm desəm,
Səni sevirəm desəm,
Neylərsən mənə görən, neylərsən?
 
Gözlərim önünə o qaranlıq, mübhəm gecənin olayı gəldi. Bir özünüz fikirləşin, "gecə qara-cücə qara", qapı qəfil döyülür. Sən də bərkə-boşa düşməmiş adam, beyninə min fikir gəlir. Titrətmə tutur səni. Əlinə keçəni- çörək bıçağını, çəkici götürüb "qlazok"dan baxırsan. Blok qaranlıq olduğundan bir şey görünmür. Ay, dad! Təngnəfəs olursan. Yenidən "kimsən" deyə qışqırırsan. Səs gəlmir. Bu dəfə üşütmə tutur canını. Dilini dişinə tutub açırsan qapını. Qapının arasından atılan işıq şüasından gördüklərinin həyatmı, yuxumu və ya nağılmı olduğunu bir anlığa ayırd etməyə çalışırsan. İlahi, Sən özün qüvvət ver mənə. İlahi, Sən özün gözlərimi işıqlandır!... Birdən yadına düşür ki, bir əlində çörək bıçağı, o birində çəkic var. Utanıb yerə girmək istəyirsən, amma hara? Və qıpqırmızı qızarırsan.. Çünki qarşında ağlına belə gəlməyən, heç vaxt özünü ona layiq bilmədiyin,  heç həndəvərində dolanmadığın, hərdən avtobusda, küçədə rastlaşdığın saçları narın yağışdan islanmış, dili, dodağı bomboz bozarmış bir alagöz xanım dayanıb yalvarır:
 
Ürəyimi sənə açsam,
Dərdlərimi sənə danışsam,
Neylərsən mənə, görən, neylərsən?
 
Yarama məlhəm istəsəm,
Səndən imdad diləsəm,
Neylərsən mənə, görən, neylərsən?
 
Tam aydınlığı ilə başa düşmürsən ki, axı bu xanım, nə istəyir? Qalırsan qıvrıla-qıvrıla. Nə deyə bilirsən lazımsan mənə, nə deyə bilirsən, lazım deyilsən! (Cabir Novruz). Axı elə sərhədlər var ki, onları adlamaq, tikan məftilli dövlət sərhəddini pozmaqdan da çətindi. Elə hədlər var ki, ordan o yana quru çollü-biyaban, səhrada susuz qalmaq, yolu itirmək kimi bir şeydi... Səhər açıla, qohum-qonşu, tanış-biliş eşidib tökülə qapıya... Gəl indi bu həngamədən yaxa qurtar. Kimi inandıracaqsan ki, öz ayağıyla gəlib ... Hamısı cəhənnəm, indi qarşında dayanıb səndən yarasına məlhəm istəyən alagözə nə cavab verəsən?
...Tər aparır səni. Elə bil iki qaya parçasının arasında qalmısan- nə o yana gedə bilirsən, nə də geriyə dönməyə taqətin qalıb. Eşitdiklərinə, gördüklərinə hələ də inanmaq istəmirsən. Belə də şey olar? Heç belə gözəl xanım da gecənin bir aləmində mənim kimi bir miskinin qapısına gəlib yalvarar? Xudaya, xudabəndi-aləm, bu nə işdi?... Elə bil dilini boğazdan kəsıblər, nəsə demək istəyirsən, ancaq deyə bilmirsən. Bədən dili də köməyinə gəlmir. Buna bənzər başına gələn başqa bir olay düşür. Onda da halal süd əmmişin biri gözlənilmədən sənə eşq elan eləmişdi. Görün harda, görün haçan? Payızın və ömrün yarpaq tökümü başlayanda. Qaldın vurnuxmada, çək-çevirdə. O tay da uzaq idi, bu tay da uzaq (Şamxal Rüstəm)...
Yenə qaşınıram. Ancaq son dayanacağa az qaldığından genişlikdi, ecgahanlıqdı. Buna görə də əlimi köynəyimin yaxasından salıb, bədənimi o ki var qaşıyır və rahatlanıram. Bu dəmdə yaşlı bir qadın mənə baxıb nə isə dodaqaltı deyinir: " Nə ağsaqqalda qalıb, nə qarasaqqalda... Get xarabana, özüvi sürt daşa-divara, avtobus sənünçün haradı bəyəm?..."
Bu dəmdə sürücü radionu söndürüb dispetçerə doğru gedir... Mən isə mahnının doğurduğu o qəribə və sirli olayın havasından çıxa bilmirəm. Yuxulu kimi avtobusdan düşüb yaxınlıqdakı parka girir və sakit bir yerə çəkilib rahatlanmaq istəyirəm. Altında oturduğum titrəkyarpaq qovağın xışıltısı sanki mənə laylay çalır və xumarlandırır...
Haçan yuxuya getmişəm, haçan çilik qıçlarımı uzadıb yatmışam, bilmirəm. Ancaq yuxuda görürəm ki, əllərim və ayaqların qandallanıb. Saçlarım, üz-gözüm toz-torpağa bulanıb. Təzəcə geyindiyim şalvar dəmir pasına elə bulanıb ki, öz rəngindən əsər qalmayıb. Haradasa, yenə bir xanım ucadan oxuyurdu. Səhv etmirəmsə o, Duyğu Kutlu idi, Əhməd Kayanın mahnısını oxuyurdu:

Üstüm, başım toz içində,
Önüm, arxam pus içində,
Saqqalların pas içində,
Siz mənim nasıl yandığımı, nerden bileceksiniz?
 
Bir fidandım, derildim,
Fırtınaydım, duruldum.
Yoruldum, aaah, çox yoruldum...
Siz mənim nələr çəkdiyimi, nerdən biləcəksiniz?
 
Daha yeriyə bilmirdim. Ayaqlarıma və qollarıma bağlanmış zəncirlər məni taqətdən salmışdı. Ürəyim isə susuzluqdan illərlə yağış görməyən torpaq kimiydi. Dilimlə yalamaqdan dodaqlarım şırım-şırım olmuşdu və göynərtisi kəsmirdi. Hara baxırdımsa hər şey mənə ilğıma dönmüş su kimi görünürdü. Elə bilirdim indicə yaxınlıqda çeşmədən şırıl-şırıl səpsərin su axıb gedir. Mən o çeşmədən doyunca içməyə çalışırdım, ancaq gözlərimi açan kimi o çeşmə qeyb olub gedirdi. Günəşin yandırıcı şüaları isə ilğımı gözlərim önündən silib aparmağa çalışırdı...  Belə bir məqamda az-çox mənə qüvvət verən o mahnı, daha doğrusu, o mahnının sözləri idi. O mahnı bitsəydi, yəqin ki, tezliklə dizlərimin əhdi kəsiləcək və ayaqlarım bədənimi saxlaya bilməyəcəkdi. Bu nə yol idi, hansı günahıma görə məni qandallamışdılar, hara aparırdılar?  Amma içimdə bir hayqırtı çırpınır, getdikcə böyüyür, sanki qarşısı alınmayacaq qüvvəyə çevrilirdi. Mən bunu tam yəqinliyi ilə hiss edir və həmin gücün nə vaxt zəncirləri qırıb tökəcəyini səbirsizliklə gözləyirdim. Həmin an yetişməkdə idi...

Yenə o mahnı oxunurdu:
 
Daş divarları yıkıb gəldim,
Dəmirləri söküb geldim,
Həyatımı yakıb gəldim, heeey!
Siz mənim nədən kaçdığımı, nerden biləcəksiniz?
 
Gökdə yıldız sönər şimdi,
Annəm məni anar şimdi,
Sevdiyim yox kana şimdi,
Siz mənim niyə içdiyimi, nerden biləcəksiniz?....
 
Həmin an gəldi və mən hayqıraraq qolumdakı zənzirləri həlqə-həlqə qoparıb atmağa başladım...
 
- Vətəndaş, qalx ayağa! Qalx deyirəm, sənə! Niyə qışqırırsan? Deyəsən harada olduğunun fərqində deyilsən. Park sənincün oteldi? Harada içmisən?
- Vallah, billah balaca butulka su...
- Səni yaşda kişiyə yaraşar? Özü də bu istidə.
- İnanın, mən araq içməmişəm.
- Yoxsa, iynələmisən...
- Nə danışırsız? Mən elə adama oxşayıram?
- Ürəyim balaca narahat idi...
- Üst-başından ziyalı adama oxşayırsam. Axı bura parkdı. Burada vətəndaşlarımız istirahət edirlər. Şəhərimizə çoxlu turist gəlir. Biri səni bu vəziyyətdə görsə, gedib öz ölkəsində bizim haqqımızda nə danışar? Deməli, sən ölkəmizdə turizmin sürətli inkişafını istəmirsən, hökumətin turizmlə bağlı dövlət proqramının əleyhinəsən... Gedək şöbəyə, əvvəlcə bir izahat yaz, sonra baxaq-görək, neynirik...
Polisin əlindən yaxamı qurtarmaq üçün dedim ki, yoldaş rəis, bağışla, mən filan professorun yaxın dostuyam, filan jurnalistlə bir yerdə işləyirik, özüm də yazanam... Hələ bu yaxınlarda kitabım da çıxacaq... O, acı-acı gülümsəyib dedi:
-  Rəhmətliyin oğlu, professoru, jurnalisti, kitabı neynirəm, indi daşı atırsan jurnalistə dəyir. Kimdi onların yazdıqlarına baxan. Şükür Allaha, kağız baha olduğundan qəzetlərin çoxu bağlanıb. Tak çto, heç qəzet oxuyan da yoxdu. Kitab, qəzet boş şeylərdi. Adama manqır lazımdı. Bilirsən manqır nədi?... Yenə güldü və dedi ki, ay yazıq, o kağızları qaralamaqdansa, bir gözünü aç, həyata bax, gör dünya nə ilə nəfəs alır. Get yoxla: ürəyin ağrıyanda həkimə-zada getmə, döş cibinə daim beş-on şax yüzlük qoy. O dəqiqə ağrı kəsəcək, ürəyin öz ritmində varacaq. Manqır belə şeydı... Heç sənin çoxlu pulun olub? Dedim ki, çox deyəndə, nə qədər? Dedi ki, "pul o deyil sayasan, pul odu ki, sayı yox"! Ay yazıq, pulu bəziləri indi kilonan sayıllar, ey. Məsələn, 50 kilo yüzlük, 56 kilo beşüzlük...
Cibimdə bir neçə onluq və beşlik vardı. Onları da polisə təklif eləsəydim gərək bir həftə hava udaydım. Bir də ağlıma gəldi ki, bəlkə heç o məndən pul istəmir, həyat təcrübəsini öyrədir.
Birdən yadıma düşdü ki, qardaşoğlu buralardakı hansı bölmədəsə işləyir. Tez dedim ki, mən sizinlə işləyən filankəsin əmisiyəm.
Bu sözləri eşidən kimi o, valı dəyişdi:- A kişi, bayaqdan de dəəə. Sonra əlavə etdi ki, deyəsən yaman yorulmusan. Canına bax, get sanatoriyaya.  Axırda da dedi ki, otur maşına aparım səni evinə...
Polisə "çox sağ ol!" deyib, oradan uzaqlaşdım. Yolda özümə söz verdim ki, bir də avtobusda, bağda belə mahnılara qulaq asmayım,  düşər-düşməzi olar.
 
Sözardı: Gözəl, duyğulu əsərlərə görə mahnıların müəlliflərinə və ifaçılara dönə-dönə təşəkkür edirəm. Yazdıqlarıma görə isə Siz də məni bağışlayın, əlbəttə, bu, bir zarafatdı...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top