RAHİB ALPANLI

Cənnət bibinin sacı və ya Ermənistanın sağsağan siyasəti

Cənnət bibinin sacı və ya Ermənistanın sağsağan siyasəti

RAHİB ALPANLI

Ötən əsrin 60-cı illərində kəndimizdə Ömər adlı, şair təbiətli bir kişi yaşayıb. O, daha çox Ömər Qağa kimi tanınıb el-obada. Dünyasını çoxdan dəyişsə də, duzlu-məzəli, söz-söhbətləri, atmaca şeirləri bu gün də yaşamaqdadır.
***
Sovet dövründə kolxozun ümumi iclasında iştirak etmək üçün “yuxarıdan” bir qadın nümayəndə gəlibmiş kəndə. Qadın iclasdan əvvəl yeyib-içdiklərini unudub iclasda çox ötkəm-ötkəm danışıbmış. Ömər Qağa iclasdan sonra onu yanalayıb deyib, Ay bacı:
Yemisən, içmisən dadla, ləzzətlə,
Bura Alpandı ha, özünü gözətlə.
Yəni ki, bu iclasda dediklərini, gördüklərini özünlə aparma, bir də yolun düşər buralara, ac gəlib, ac gedərsən.
***
Ömər kişinin həyat yoldaşı Aytikə xanımla da bağlı lətifələri var. Bu əhvalatlardan ikisini bu yaxınlarda həmkəndlimiz əməkdar həkim, gözəl ziyalımız Cabir Məmmədov danışdı mənə. Doktorun nənəsi Cənnət xanım Ömər kişinin bibisi olub.
 
Arabada köçüb, ər belində ata evinə qayıdan qız
 
Bir gün yeyib-içmiş Ömər kişi arvadından “inciyib” onu qonuşuluqda olan atası evinə, qovmaq istəyirmiş. Aytikə xanım da deyirmiş ki, onu Ömər kişinin evinə araba ilə gətiriblər, ona görə də yaxınlıqda yaşasalar da, atası evinə piyada getməyəcək. Çətinliklə üzləşən Ömər kişi həyat yoldaşını belinə götürüb aparır atası evinə və deyir: - Baxın, bizə araba ilə gələn qızınızı sağ-salamat, belimdə gətirmişəm, sizin olsun bundan belə.
Şübhəsisz ki, hamı Ömər kişinin zarafatını başa düşüb, o ki var gülürlər.
***
Sac, yoxsa təknə?
 
Ömər kişinin bibisi Cənnət nənə gözəl çörək bişirərmiş.  Həyat yoldaşı Aytikə xanımın da onun kimi çörək bişirməsini istəsə də alınmır ki, alınmır. Bir dəfə bibisi oğlu, rəhmətlik İsrafil kişi (Cabir doktorun atası) ilə hərəyə bir kisə, eyni növ un alırlar. Aytikə xanım yenə öz ənənəvi dəst-xəttilə çörək bişirir. Ömər kişi bibisigilə gedəndə görür ki, arvad elə çörəklər bişirib ki, gəl görəsən. Evə gəlib bibisinin bişirdiyi çörəkləri tərifləyib, Aytikə xanıma iradını bildirir: - A kişinin qızı, İsrafil ilə mən eyni dükandan, eyni növ un almışıq,   ocağımızda da eyni kəndin meşəsindən gətirilmiş odun yanır. Necə olur ki, sənin çörəklərinə adamın nəfsi düşmür, bibimin bişirdiyi çörəyi süfrədə görəndə xörək yada düşmür?
Həyat yoldaşı bilmir nəyi bəhanə gətirsin. Birdən Cənnət bibinin sacı düşür yadına və Ömər kişiyə deyir ki, bibisinin çörəklərini gözəl eyləyən onun sacı imiş.
Ömər kişi bir söz demir, ona əyani bir dərs vermək istəyir. Həyat yoldaşı növbəti dəfə xəmir yoğurmaq istəyəndə gəlir bibisigilə. Bibisindən hal-əhval tutandan sonra, həyat yoldaşının adından onun çörək bişirdiyi sacı istəyir. Cənnət xanım da öz səliqə-səhmanı ilə seçilən birisi imiş. Əşyalarını başqasına qıymazmış. Gildən hazırlanmış sacını da heç kəsə verməzmiş. Qardaşı oğlu Ömər kişiyə başqa saclardan istədiyini götürməyi təklif edir. Ömər kişi də inadından dönmür, məhz onun çörək bişirdiyi sacı istəyir. Bibi yumşalıb sacını verir Ömər kişiyə. O da sacı gətirib, həyat yoldaşı Aytikə xanıma deyir: -  A kişinin qızı, bibimin sacını gətirmişəm, bu dəfə çörəyi bu sacda bişirəcəksən. Vəziyyətin gərgin olduğunu anlayan Aytikə xanım çarəsiz qalıb bu dəfə çörəyi Cənnət bibinin sacında bişirməli olur. Sac dəyişsə də, Ömər kişinin süfrəsindəki çörək öz simasını dəyişmir. O, həyat yoldaşına sübut edir ki, çörək sacda deyil, yoğrulan zaman, təknədə bişir. Xəmir yoğurmağı öyrənmək lazımdır. Cənnət bibinin sacını bəhanə gətirmək deyil, onun xəmir yoğurma üsulunu öyrənmək lazımdır.
 ***
Erməni rəhbərliyini əvəz edənlər də öz səriştəsizliyini örtbasdır eləmək üçün hər cür bəhanələrə əl atırlar. Azadlığın nə olduğunu qonum-qonşuda görüb həzm edə bilməyən erməni rəhbərliyi işğalçlıq siyasəti ilə öz xalqını aldatmaqda davam edir. Sadə insanlar yaxşı başa düşürlər ki, düşmən gülləsinə tuş gələn hər bir Azaərbaycan əsgəri şəhid olur, özgə torpağında ölən erməni əsgəri isə gorbagor olur. Sağsağan siyasəti yeridən erməni rəhbərliyinin ünvansız karvanı bir zaman öz xalqına hesabat verməli olduğunu dərk etsə də, öz bildiyindən əl çəkmir.
***
Sağsağanlar ən ağıllı varlıqlardan olsalar da, bu nemətdən başqa quşların yuvalarını dağıtmaq, yumurta və balalarını yemək, hətta oğurluq etmək üçün istifadə edir.
Ermənilər də musiqimizdən, kinomuzdan tutmuş mətbəximizə qədər hər şeyimizi oğurlamaqla saxsağanlıq etməkdədir. Sağsağan həm də bəzi xalqların inanclarında şər qüvvə hesab olunur. İngilislər onu “nefarious(Latınca “nefas”– cinayət deməkdir) sayırlar.
Ağıllı adamların dedyinə görə xoşbəxt çox sərvət əldə edən (bu və ya digər formada) deyil, əlində olanın qədrini bilib, ona qane olandır. “Böyük Ermənistan” xülyası tarix boyunca ermənilərə layiq olduqları nifrəti qazandırmış və bu gün də bu bədnam siyasət 
Ermənistan rəhbərliyinin xarici siyasət maşınınn sükanı olaraq qalır. Azərbaycan, ərazisinin işğalına münasibətdə illərlə davam edən ikili standartlara baxmayaraq, beynəlxalq təşkilatlarla birlikdə Ermənistana hələ ki nəsihət verir. Bu da acı bir həqiqətdir ki, nəsihət başa düşməyəni müsibət başa salır. Nə qədər ki geç deyil, Ermənistan öz saxsağan siyasətindən əl çəkib sağlam düşüncəyə üz tutmalı və öz sərhədləri daxilində yaşamaq vərdişinə yiyələnməlidir. Bu gün özünü müstəqil ölkə hesab edən Ermənistan heç bir ölkə ilə sağlam münasibət qura bilməz, çünki o, güclü ölkələr arasında seçim apararaq, utanmadan gah Rusiya, gah da qərb ilə sevdalaşır.
Hələ ki heç kəsi başa düşmək istəməyən Ermənistan rəhbərliyini Allah başa salsın.
Çörək sacda bişsə də, onun keyfiyyətinin əsası təknədə hasil olduğu kimi, Ermənistan rəhbərləinin də xarakteri oturduqları stolda deyil, aldıqları təlim və tərbiyədən asılıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top