İtgəzdirən

Bineyi-qədimdən kişilər alın təri ilə qazanılan bir tikə çörəyi, bir dadım duzu əyri yolla əldə edilən var-dövlətdən uca tutublar. Buna görə də ağır zəhmətdən qorxmayıblar, çalışıblar ki, yaxşı bənna, dəmirçi, əkinçi, çoban, bağban, sürücü, rəngsaz, qaynaqçı və sair olsunlar. İşini, sənətini yaxşı bilən ustaya da elə-oba həmişə dəyər verib. Biri ev tikdirəndə, qapı-pəncərə bağlatdırmaq, avtomobilinə baxdırmaq istəyəndə yaxını ona öz tanışı olan ustanı nişan verib və üstəlik də: "Zalım balasının əlləri qızıldı, anasının südü ona hala olsun, həm də gözütox insandı ",- deyib. Əlbəttə bu, hər kəsə qismət olmayan xoşbəxtlikdi. Ancaq, atalar demiş: "halva, halva deməklə ağız şirin olmur", gərək halvanın ortaya çıxması üçün onun ununu, şəkərini qazanasan, üstəlik də yaxşı bişirməyi bacarasan... Yox, halvanın bu söhbətə o qədər də dəxli yoxdu, məqamı düşdü dedik. Bir də gündə, günaşırı kimdi halva yeyən. Dükan, bazarda bəyəm azdı köhnə, hansı yağla bişirildiyi məlum olmayan şirniyyat, al ötür içəri, axırı nə olar, olar!

 Dünaya yaman dəyişib. Yaxşılar, sözübütövlər, halal qazancı haramdan üstün tutanlar çox azalıb. Bunu, demək olar ki, hər gün hiss edirik. İndi əyri yolun yolçuları düzləri aldadıb düzdə qoyurlar və bununla fəxr edənlər də olur. Bir də görürsən ki, belə dələduzlar cələqırmışlar hansı məclisdəsə oturub düzlükdən danışır, təmiz, vicdanlı adam isə susur. Oradakı adamların əksəriyyəti də o yaramazın dediklərinə haqq qazandırır... Halbuki, bəyənmədiyimiz Sovetin vaxtında belələri cəmiyyətdə keçmişin qalıqları sayılırdı, rüşvətxorlar, alverçilər, dəllallar, falabaxanlar hökumət və əhali tərəfindən gözümçıxdıya salınırdı. Çünki onda da əyri yolla qazanc əldə edən, dövlətin malını mənimsəyən, südə su qatan, çörəyin çəkisini azaldan vardı. Daha indiki qədər harınlayanlar, rüşvətxor olub düzlükdən danışan, taxta başıynan xalqa ağıl öyrətməyə çalışan, özü əxlaqsız olub ekranda namusdan danışan bu qədər yox idi...

Bağda oturub fikirlərimlə baş-başa idim. Dərd-sər azdı bəyəm. Digər tərəfdən indiyədək rastlaşdığım vəfalı, vəfasız o qədər insan olub ki. Vaxt olub ki, mən özüm də dosta, tanışa qarşı az vəfasızlıq etməmişəm, bəzən kiminsə haqqına girmişəm və bunlara görə indi o hərəkətlərimin əzabını çəkirəm. İnsan gərək tez-tez özünə hesabat versin, haradasa nəyi düz, nəyi yersiz elədiyini, başından böyük danışdığını təkbaşına müzakirə etsin. Axı, biz Uca Allahımızn yaratdığı yer üzünün əşrəfi sayılan varlığıq... Bəli, bu düşüncələr, xatirələr məni əyləşdiyim məkandan ayırmışdı... Onu da deyim ki, ilk dəfə Bakıya gələndə bu bağda oturub beşmərtəbəli binalara, tənəklərlərin bürüdüyü balkonlara heyranlıqla tamaşa edir, yanımdan keçən adamlara maraqla baxırdım. Mənə elə gəlirdi ki, bu şəhərdə yaşayan insanların hamısı xoşbəxtdi, hamısı rahat yaşayır, ürəkləri təmizdi... Axı, onda sadəlöv kənd uşağı idim. Amma illər ötdükcə bu böyük şəhər başqaları kimi mənə də həyatın hər üzünü göstərdi, müxtəlif taleli insanlarla məni üz-üzə gətirdi.

Deyəsən giriş bir az uzun oldu axı. Onda keçək mətləbə.
Birdən yuxudan ayılan kimi oldum. Yanımda boyu-buxunlu, cins şalvar geyinmiş cavan oğlan oturmuşdu. Onun yanında isə qəribə bir qara it vardı. İt mənə diqqətlə baxırdı. İtin uzun qulaqları, par-par parıldayan qıvrım saçları vardı. Elə bil onun tüklərini indicə ütüləmişdilər. Əvvəlcə mən itdən qorxdum. Çünki it nəyə görəsə gözlərini mənə zilləmişdi. Yadıma Kanon Doylun "Baskervillərin iti" romanındakı dəhşətli it düşdü. Oğlan mənim həyacanımı hiss edib dedi:
- Narahat olma dayı, dəyən deyil, tərbiyəlidi. Ancaq ilk dəfə gördüyü insanlara belə baxır...
Oğlanın bu sözlərindən sonra itin sifəti bir qədər dəyişdi. Sanki it məndən üzr istəyirdi. Bundan sonra mən də ürəyimdən keçənlərə görə itə üzrxahlıq edirmiş kimi ona təbəssümlə baxmağa çalışdım.
Oğlandan soruşdum:
- Buna nə yedizdirirsən?
- Öz menyusu var. Ancaq o işə mən baxmıram. Hər şeyi yemir.
- Belə baxıram ki, sən qazandığını bu itə yedizdirirsən...
- Deyəsən, məni düz başa düşmədiniz. Mən ancaq onu gəzdirməklə məşğulam, qulluq edən başqa adamdı. Gündə iki dəfə gəzməyə - parka, bulvara, stadiona ya da şəhərdən kənara dəniz qırağına gəzməyə çıxarıram. Yolumuz uzaq olanda avtomobillə gedirik.
- Soruşmaq ayıb olmasın, bu işə görə sahibindən nə qədər aylıq alırsan?
- Pullular bizim kimilərə pul verəndə elə bil canlarını verirlər. 400 manat verir. Amma  başqa birinin itini də növbə ilə gəzdirirrəm. O lap "kraxabor"du, 300 manat verir.
- Əcəb peşən var, deməli itgəzdirənsən. Belə baxanda pis deyil.
Oğlan itin başını tumarlaya-tumarlaya dedi:
- Nəyi pisdi ki? İndi idarələrdə işləyənlərə heç bu qədər əməkhaqqı vermirlər. Həm də səhər gedib, axşam qayıdırlar. Mən isə itgəzdirməyə gündə uzağı dörd-beş saat sərf edirəm.
- Yəqin sahibi bu itə ayda 1500-2000 min manat xərcləyir. Bu, onun nəyinə lazımdı ki?
- Bilirsiz, hərənin öz xobbisi var. Varlıların çoxu müxtəlif heyvanlar, quş, balıq saxlayırlar. Amma çoxu bahalı xüsusi cinsli it saxlayırlar. Bu adam da, it xəstəsidi. Harda gözəl, bahalı it görür alır.
- Kimdi o adam, nəçidi?
- Bağışlayın, onu deyə bilmərəm. Bir də mənim nəyimə lazımdı kimdi, əsas odu ki, pulumu vaxtlı-vaxtında verir.
- Yaxşı olar ki, o adam itə sərf etdiyi pulları imkansızlara, müalicə üçün ona-buna ağız açanlara verə. Allaha da xoş gedər.
- Bəlkə də verir, biz bilmirik.
- Yaxşı, sənin bir sənətin, peşən yoxdumu, beləsinin itgəzdirəni işləyirsən?
- Niyə elə deyirsiz, mən halal zəhmətlə dolanıram. Oğurluq eləmirəm, kiminsə malına, dövlətinə göz dikmirəm...
- Əcəb halal qazanc yeri tapmısan. Get fəhləlik elə, vağzalda yük daşı...
- Elə danışırsız ki, elə bil, heç nədən xəbəriniz yoxdu. Fəhlə yeri tapmaq elə asandı, bəyəm. Şirkətlərin çoxuna, ticarətə də cavan xanımları götürürlər. Bir də indi çox yerdə fəhləyə elə 300-400 manat ancaq verirlər. Bir ay işlə aldığın da o, yaşamaq olar? Əvvəllər hara getmişəm bəhanə ilə başdan eləyiblər, ya da bir ay işlədib, pulumu verməyiblər. Qardaşım universitet qurtarıb, müəllimdi. Ayda 250 manat alır. Ailəlidi. Ona da mən kömək eləyirəm...
İt yavaşca mırıldadı... Məncə, it ona deyirdi ki, məni gəzdirməyə çıxarmısan, yoxsa başqaları ilə çənə döyməyə.
Oğlan yenə itin başını tumarladı və sonra ayağa qalxıb xudahafizləşdi.

Həmsöhbətim gedəndən sonra o cavan itgəzdirən, o xoşbəxt it və o itin milyonçu sahibi haqqında düşünməyə başladım. Bu dəfə öz-özümə dedim ki, gör belə itlərə sərf edilən vəsaitlə nə qədər ac-yalavaca çörək vermək, xəstə soydaşımızı həyata qaytarmaq olar. Yox, mən itlərin ac, baxımsız qalmasının da tərəfdarı deyiləm. Ancaq belə də yox! 
İtgəzdirən oğlanla, onun bugünkü işi ilə bağlı ürəyimdə təəssüf hissi baş qaldırdı. Lakin onu bu işə görə qınaya bilmədim...
Bu yazıya görə isə məni qınayıb-qınanamaq sizin işinizdi.

DİGƏR XƏBƏRLƏR

Top