RAHİB ALPANLI

Yeddi oğul istərəm...

Yeddi oğul istərəm...

RAHİB ALPANLI

Yaz fəsli bütün yaşlarda insanın ruhunu oxşayıb, ümidini fərəhləndirsə də, payız daha çox yaşlı insanlara təsir edir. Heç bir rəssamın yarada bilməyəcəyi gözəlliklər qarşısında heyranlıq insanın bütün düşüncələrinə qalib gəlir. Saysız-hesabsız ağacların yarpaqlarını eyni bir rəngin neçə-neçə çaları ilə bəzəyib, sonra onları sehirli bir nəfəslə üfüləyib, zamanın ahəngi ilə budaq-budaq, dənə-dənə yerə sərib, bütün təbiəti qışı qarşılamağa səfərbər etmək ancaq Uca Yaradanın qüdrəti ilə mümkündür. Tikilməsinə 1887-ci ildə başlanılan və hər il təxminən altı milyon turistin seyr etdiyi Eyfel Qülləsini 132 fəhlə və 50 mühəndis iki ilə tikə bilib. Onun rənglənməsi isə 25 rəngsaz tərəfindən həyata keçirilib. Bu qurğuya 60 tona yaxın rəng işlənib. Yaradanın qüdrəti qarşısında bu, “əzəmət” nümunəsi toz dənəciyindən də kiçikdir! Payız fəsli həm də ilahi bir hesabat dövrüdü. Ağaclar, elə bil, öz əməl dəftərlərini vərəq-vərəq açıb insanlığa xidmətlərinin hesabatını veririlər. İnsan da bu, “çək-çevirdən” ibrət alıb, bu dünyada ona verilən azadlıq ipinin ondan aralı görünən ucunda bir haqq-hesab dəftərinin anba-an ona yaxınlaşdığının fərqində olmalıdır. Neçə il, necə yaşamağımız, zillət çəkməyimiz və ya zövqü-səfa sürməyimizdən, hansı mövqe sahibi olmağımızdan asılı olmayaraq ömür adlı yolun o biri başından üzü bizə tərəf addımlayan acı bir həqiqət payızda daha aydın görünür görən gözlərə...

***

Atası əlindən tutub, torpaq alqı-satqısı elədiyi kişinin yanına gəldi. Razılaşdıqları qızıl onluqları kisədən çıxararaq sayıb torpaq sahibinin ovcuna qoydu: - Xeyirini görəsən, -  deyib, oğlunu da onunla tanış etmək istəyirdi ki, torpaq sahibi özü sual verdi: - Bu qədər pul verib bu yeri kimin üçün alırsan?
O, sol tərəfində dayanıb sapsarı kirpiklərinin arasından gözünə düşən günəşdən qorunmaq üçün yarıyumulu gözlərini zilləyib, sakitcə dinləyən, arıq, kürən oğlunu bir az irəli – sahibkara tərəf çəkib: - Yeri bu oğluma alıram, - dedi.
Torpaq sahibi gülüşünü xırdalayıb, yaşına-başına yaraşmayan bir tövrlə: -  Oğul dediyin budu? Bunun burnunu tutsan, canı çıxar ki, - deyib, iri əlini uşağın burnuna tərəf uzatmaq istədi. Ata onun əlini açıqca hiss olunan sərtliklə geri itələyib : - Bura bax, soyuq yumurtaya can verən Allah istərsə, bu bir oğuldan bir kənd yaranar. Qismət olar, biz də görərik, olmazsa yenə şükür Uca Yaradanın məsləhətinə.

***

Oğluna ata malı olaraq bir parça torpaq aldığına sevinsə də, dünən qayınına - oğlunun dayısına - elədiyi vəsiyyəti xatırlayıb doluxsundu. Anadan yetim qalmış oğlunun yaxında atasını da itirəcəyi dammışdı ürəyinə. Ona görə də dayısı ilə təkbətək danışıb, oğlunu ona tapşırmışdı.

***

İbrahim kişi kəndin varlı-karlı, sayılıb-seçilən kəslərindən idi. Zahirən qaraqabaq, soyuqqanlı görünən dayı, bacısını erkən itirən qardaş, yağmura hazırlaşan payız axşamı kimi yavaş-yavaş dolub kövrəldi.
Həyat bəzən insana ürəyinə damanı da yaşada bilir. Dayı himayəsi ilə keçən illər sürətlə irəlilədi. Dayısı onu öz qızı ilə evləndirdi. Torpaq satan kişinin qarışqa kimi gördüyü cılız bir uşaq dörd qız, altı oğul atası olaraq yüz il yaşadı. Bu əhvalatın qəhrəmanı atam bunları mənə danışanda yaşı doxsanı ötmüşdü. Adətən təklikdən gileylənən, oğul övladı gözləyən qız atalarına danışardı o, bu əhvalatı. Atam üçün ard-ardınca dörd qız olub. O, nə asilik etmiş, nə Kifayət, nə də Bəsti kimi adlardan vermişdi qızlarına. “Qız verən Allah lazım biləndə oğul da verəcək” – deyib, şükür etmişdi.
İlk övladlarımız qız olanda da çox sevinərdi, Allah onu sizə kömək göndərib, qızlar tez böyüyür, özlərindən sonra gələn qardaş-bacılarını böyütməkdə onlar əvəzsizdir deyərdi. Yaşanmış bu həyat parçasından göründüyü kimi, Allaha güvənən nə yetimlikdən, nə də təklikdən qorxar. Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı başdan-başa Allaha güvənməyin, Onun rizasını qazanmağın parlaq nümunəsi deyilmi?

***

Bunları xatırlatmaqda məqsədim müasir ailələrdə dəb olan “bir oğul, bir qız” nümunəsinin və oğul övladının olmasını ana bətnindəki qız övladlarını məhv etməklə gözləyən valideynləri bu düzgün olmayan hərəkətdən çəkindirməkdir. Uca Quranımızın bəyan etdiyi kimi: - “Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” Şura Surəsi (42/49-50) 
Qonşumuz Balasultan kişinin yeddi oğlu olmuşdu. Qardaşlar bacı həsrəti ilə yaşayırdılar. Çox keçmədən Allah gözəl bir bacı verib onları arzularına qovuşdurdu.  
Nəzir kişinin on qızdan sonra yaşıdımız Həmid adlı oğlu olub. Kiçik gəlinimin atası rəhmətlik Əfqan müəllimə Allah yeddi qız, bircə oğul verib.
Qız övladını çəkilməz ağır yük hesab edən cəmiyyətlər çoxdur. Bir-iki misala nəzər salaq.

***

Pakistanlı, qadın təhsil aktivisti, ən gənc Nobel mükafatçısı Malala Yousafzai (1997) yazır: - Mən oğlan uşağının doğulduğu zaman atəşfəşanlıq edildiyi, qız övladlarının isə pərdə arxasında gizlədildiyi, qızların həyatda rolunun ancaq yemək hazırlamaq və nəsil artırmaqdan ibarət olduğu bir ölkənin qızıyam.
 
Benqal mənşəli Amerika yazıçısı Bharati Mukherjee (1940-2017) yazırdı: - Hindu cəmiyyətlərində, xüsusilə də mənim ailəm kimi patriarxal ailələrdə qızlar qətiyyən arzu olunmur. Onlar dərddirlər. Mənim anam kimi, oğul övladı olmayan üç qız anası uğursuz bir analıq səbəbkarı olduğu üçün gedib özünü asmalı, öldürməli idi.

***

Ər evinə köçməkdə olan gəlinin belini “Anam, bacım, qız gəlin, Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm, Bircə dənə qız, gəlin”. – deyərək bağlamaq adətimiz bu gün də yaşamaqdadır. Yaşamayan bu adətin arzusu, istəyidir. Hamı yaxşı bilir ki, çoxuşaqlılıq, yeddi qardaşın bir dam altında yaşaması bir zamanlar ölkəmiz üçün də adi hal olub. Bir dam altında yaşamaq bir yana, əksər ailələrdə bir-iki uşağın böyüməsi “Yeddi oğul istərəm...” deyimini artıq xəyala çevirib. Digər tərəfdən, hər kəs yeddi oğul, bir qız planı, və ya günümüzdə olduğu kimi, dünyaya göz açmayan qız ovladlarımızın qatili olmaq xəyalı ilə ailə qurarsa, qızların sayı azaldığından yaxın gələcəkdə subay oğlanlarımız üçün qızlar “idxal” etməli olmayacağıqmı? Üstəlik, bu proses genetik təhlükə ilə üzləşmək deyilmi?

***

Oğul atası olmaq hər bir atanın arzusudur. Nə gözəl. Bu arzunu dədə-babalarımız kimi çoxuşaqlılıq hesabına həqiqətə çevirmək olmazmı? Oğulun qardaşı, qızın da bacısı olsa daha yaxşıdır. Bacanaqlarımın hər birinin iki oğlu, bir qızı var. Məni özləri ilə bərabər görmək istəsələr də, qızımın bacısının olmasına da ürəkdən sevinmişəm və bu gün də o sevinci yaşayıram. Allah hamının balalarına kömək olsun, aşağıdakı sətirlər də o sevincin ifadəsidir:
...İşığımdı gözlərimdə,
Taqətimdi dizlərimdə,
Yol salacaq izlərimdə,
İki oğlum, iki qızım.
 
Bir dastanam – boylarımdı,
Dəlilərim, hoylarımdı,
Mahal yığan toylarımdı,
İki oğlum, iki qızım...
Bilirəm, dyəcəksiniz ki, coxun dərdi də çoxdu. Onları belə bir zəmanədə necə böyüdəsən? Qədim bir hikmətə qulaq verək: - Kasıb nəyi isə olmayan adam deyil ki, kasıb - olanının fərqində olmayıb, olmayan şeyi istəyəndir. Nəfsimiz doymursa, günahkar bizik. Bu gün uşaq böyütmək daha asandı.
İslamın ən böyük xidmətlərindən biri də islamdan əvvəlki ərəb dünyasında qız övladlarına olan vəhşi münasibəti qadağan etməsidir. “Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” İsra (17/31)      
Bu ali həqiqətin kölgəsində adi bir yaşantı ilə sözümüzə davam edək.
Uzaq keçmişdə çox hörmətli bir övliya yaşayırmış. İllərlə davam edən quraqlıq ucbatından yaranmış aclıq qışqabağı əsib ağacları lüt-üryan edən soyuq küləklər kimi  ürəklərin fərəhini, üzlərin təbəssümünü silib-süpürmüşdü. Səhərə ümidin qan ağladığı vaxtda varlı bir nəfərin xidmətçisinin çırtma vurub, oxuyub oynaması övliyanın diqqətini çəkir, onu yanına çağırıb, aləmin pərişan olduğuna baxmayaraq bu şən halın səbəbini soruşur. Xidmətçi şad-xürrəm cavab verir: - Aləmin dərdindən mənə nə var ki? Ağamın canı sağ olsun, əynimin də, qarnımın da qayğısına o qalır, niyə kefimi pozmalıyam ki?
Övliya barmağını dişləyir, köksünü dələn təəssüf hissi ilə öz-özünə deyir: - Ey dili qafil! Aləm səni övliya bilir, sənə hörmət edir. Adi bir xidmətçi öz ağasına güvənib çırtma vurub sevinir, onun da, onun ağasının da, üstəlik hamımızın ağası olan Allahın olduğunu bilə-bilə qəm çəkirsən?!

***

Qız övladı Allahın ən qiymətli neməti hesab edib, onu canı qədər sevənlər də az deyil. Bir irland məsəlində deyilir: - Oğul özünə arvad alana qədər sənin oğlundur, qız isə ömrü boyunca sənin qızındır. Dünyanın o başında, İrlandiyada deyilməsinə baxmayaraq, elə bizdə də belədir. Necə deyərlər, az yaşımızda neçə oğul övladı olsa da, ölüm günü qızına qalan nə qədər kişilər gömüşük.
Eşq olsun qız övladlarını ömürlərinə mələk, həyatlarına zinət hesab etməyi bacaran atalara!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top