ALLAHVERDİ AYDIN

Əsl yalançı kimdir?

Əsl yalançı kimdir?

ALLAHVERDİ AYDIN

Yəqin, xəbəriniz var, iki gün əvvəl Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Ermənistana məxsus TIR-ların Trabzon limanından yük daşıması ilə bağlı açıqlama verib. ASİMDER rəhbəri bildirib ki, Ermənistana məxsus TIR-ların Türkiyə ərazisində rahat hərəkət edə bilmələri üçün Türkiyənin Gürcüstandakı səfirliyi Ermənistan vətəndaşları olan sürücülərə iş vizası verir. ASİMDER rəhbərinin açıqlaması bizim yerli mətbuatda dərc olunandan dərhal sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hamit Karadeniz dərhal öz etirazını bildirib. Hörmətli diplomat deyib ki, bir sıra KİV-lərin Türkiyənin sərhədlərini Ermənistandan gələn yük maşınları üçün açması barədə dərc etdiyi xəbər həqiqəti əks etdirmir. Səfirlik adından yayılan məlumatda isə qeyd olunub ki, Ermənistan vətəndaşları üçün Türkiyənin Gürcüstandakı səfirliyində işçi vizalarının verilməsi və sonradan onların iri tonnajlı avtomobillərinin Trabzon limanına istiqamət almasından söhbət gedə bilməz.
Qeyd edim ki, Ermənistana məxsus TIR-larının Trabzondan yük daşıması barədə məlumatlar 2012-ci ildə həm Ermənistan, həm də Türkiyə mətbuatında yer alıb. Yəni Göksel Gülbeyin açıqlaması yenilik deyil. Daha əvvəl də bu barədə məlumatlar Türkiyənin aparıcı mətbuat orqanlarında yer alıb (bax - http://www.hurriyet.com.tr/gundem/ermenistan-siniri-trabzon-dan-deldi-21058055).
Görünür, o zaman bu məlumatlar Azərbaycan mətbuatında bu qədər geniş yer almadığı üçün Türkiyənin ölkəmizdəki səfirliyi məsələyə münasibət bildirməyib.  
Türkiyənin Azərbaycandakı səfirliyinin də bağlı olduğu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatda qeyd olunur ki, Ermənistan 1993-cü ildə Azərbaycanın Kəlbəcər bölgəsini işğal etdiyi üçün Türkiyə bu ölkə ilə olan ticarət əlaqələrinə son qoyaraq iki ölkə arasındakı sərhədi bağlayır, dəmiryolu və hava əlaqələrini dayandırır (bax - http://www.mfa.gov.tr/turkiye-ermenistan-siyasi-iliskileri.tr.mfa).
Halbuki,  Türkiyə və Ermənistan arasında olan əlaqələr həm rəsmi, həm də qeyri-rəsmi qurumlar tərəfindən dəfələrlə təsdiqlənib. Lakin, buna baxmayaraq Türkiyə tərəfi Ermənistanla əlaqələrini inkar etməyə çalışır. Türkiyə XİN-dən fərqli olaraq Ermənistan XİN-in rəsmi veb-səhifəsində qeyd olunur ki, bir il əvvəl - 2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 164 milyon 153,1 min dollar olub. Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ən yüksək səviyyəyə 2011-cü ildə yüksəlib - 241 milyon 297,6 min dollar olub (bax - https://www.mfa.am/ru/bilateral-relations/tr).
İki ölkə arasında ticarət əlaqələrinin mövcud olduğunu BMT tərəfindən təsis olunan və dünyanın ən böyük maliyyə qurumlarından olan Dünya Bankı tərəfindən də təsdiqlənib. Dünya Bankının xarici ticarətlə bağlı təsis etdiyi məlumat bazasında - "wits.worldbank.org" (The World Integrated Trade Solution - WITS) göstərilir ki, 2016-cı ildə Türkiyədən Ermənistana 168,9 milyon dollar dəyərində məhsul ixrac olunub, əvəzində Ermənistandan 525,7 min dollarlıq məhsul idxal edilib.
İki ölkə arasındakı əlaqələrinin mövcud olduğunu təsdiq edən daha bir məlumatı Türkiyənin "Atlasglobal" şirkətinin rəsmi veb-səhifəsindən (online.atlasglb.com) öyrənmək olar.  Qardaş ölkənin müxtəlif şəhərlərindən Ermənistana (İrəvana) mütəmadi uçuşlar təşkil edir və bu barədə məlumatı şirkətin rəsmi veb-saytındən açıq şəkildə görmək olar.
Daha bir Türkiyə şirkəti - LC WAIKIKI Ermənistanın paytaxtı Yerevanda 3 satış mərkəzi açdığını gizlətmir. Bu barədə LC WAIKIKI-nin rəsmi veb-səhifəsində də məlumat var: (http://corporate.lcwaikiki.com/magazalar).
Özünü "Beko"nun Ermənistan təmsilçisi adlandıran ED-SPO şirkətinin  "beko.am" veb-səhifəsinə daxil olsanız görərsiniz ki, orada açıq şəkildə yazılıb ki, ED-SPO şirkəti "Beko", "Grundig", "Bloomberg", "İstikbal", "Libro" kimi markaların rəsmi və eksklüziv distribyutorudur (http://beko.am/ru/page/mer-masin).  Elə həmin məlumatda qeyd olunur ki, bu şirkətin təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da mağazalar şəbəkəsi mövcuddur.
Bu cür rəsmi və qeyri-rəsmi məlumatlar internet resurslarda kifayət qədərdir. Baxmayraq ki, Türkiyənin Azərbaycandakı səfirliyi bu məlumatlara ya münasibət bildirməyib, ya da təkzib etməyə çalışıb.
Maraqlıdır, görəsən Türkiyənin Azərbaycandakı səfirliyi bilirmi ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən qurulan və 2016-cı ildən fəaliyyətə başalaya "E-Viza" sisteminə Ermənistanın da adı daxil edilib?

Heç kimə sirr deyil ki, Türkiyə XİN-ə məxsus olan "evisa.gov.tr" saytı  vasitəsilə Ermənistan vətəndaşları çox asanlıqla viza ala bilirlər. Belə olan halda Türkiyə XİN-in rəsmi veb-səhifəsində yer alan "iki ölkə arasındakı sərhədi bağlayır, dəmiryolu və hava əlaqələrini dayandırır" ifadəsi nə mənaya gəlir?
Deyirsiniz ki, ASİMDER rəhbəri Göksel Gülbey bəyin açıqlaması həqiqəti əks etdirmir. Biz də TIR-ları gözümüzlə görmədiyimiz üçün bu arqumenti qəbul edirik. O zaman, vaxtınız və həvəsiniz varsa bir açıqlama verin görək, sərhəd bağlıdırsa, dəmiryolu və hava əlaqələri yoxdursa, onda Ermənistan vətəndaşlarına niyə "e-viza" verilir? 15,5 dollar ödəyib viza alan Ermənistan vətəndaşları hansı yolla Türkiyəyə daxil olacaqlar?
 
 ​Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top