ALLAHVERDİ AYDIN

Gəlin etiraf edək ki...

Gəlin etiraf edək ki...

ALLAHVERDİ AYDIN

Azərbaycan Xarici İşlər Nazirliyinin saytında Dağlıq Qarabağa qanunsuz səfər edən 700-dən artıq əcnəbinin siyahısı yerləşdirilib. Son illər siyahıya daxil edilən şəxslərin sayı sürətlə artır. İstənilən şəxs http://www.mfa.gov.az/folder/Updated_AZ%2004.09.2018_1.pdf linkinə daxil olub baxa bilər. Siyahıda Qarabağa səfər edənlərin sayının son illər ərzində necə artdığı açıq şəkildə görünür. Gələnlərin də əksəriyyəti ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya kimi dünyada söz sahibi olan ölkələrdən səfər edirlər. Hətta qardaş dediyimiz Türkiyədən belə Qarabağa səfər edənlərin sayı arta-arta gedir.
Ötən ay dünyanın ən məşhur qumarbazı və sosial şəbəkələrdə milyonlarla izləyicizi olan Dan Bilzeryan Qarabağa səfər etdi və Qarabağın ermənilərə məxsus olduğundan bəhs edən onlarla video və fotonu sosial şəbəkələrdə paylaşdı.
Bilzeryanın ardınca öz iqtisadiyyatı ilə Rusiyadan böyük olan Kaliforniya ştatının senatoru Qarabağa səfər etdi. Qarabağda istehsal olunan məhsulların ABŞ-a ixrac olunmasına dəstək olacağına söz verdi. Gələn ayın əvvəlində də Kaliforniyada "Artsax" adlı kilsənin açılışını edəcəklər.
Bəs, biz bütün bunların əvəzində nə edirik? Ən yaxşı halda Qarabağa səfər edənlərin adını siyahıya salmaqla və bir də bəyanatlar verməklə məşğul oluruq. Bu məsələdə ən böyük uğurumuz Lapşini həbs etməyimiz oldu ki, onu da axıra kimi həbsdə saxlaya bilmədik.
Bugünə kimi Qarabağ məsələsi ilə bağlı gördüyümüz işlər təxminə bu cür olub və böyük ehtimalla bundan sonra da belə davam edəcək.
Çünki biz hələ də torpaqlarımızı niyə itirdiyimizi, yaxud da, niyə itirdiyimiz torpaqlarımızı geri ala bilmirik? suallarına dürüst və səmimi cavab verə bilmirik. Təxminən son 100 ildir bu suallara bir-birinə bənzər onlarla, yüzlərlə cavab tapmışıq. Bu cavabların içərisində ən populiyar olanlarını hər kəs əzbər bilir. Məsələn, bu suallara ən çox verilən cavablardan birincisi belədir: "Ermənilərin arxasında ruslar dayanıb". "Biz müsəlman olduğumuz üçün xristiyan dünyası ermənilərə dəstəkləyir" cavabını da iknci sıraya yerləşdirmək olar. Başqa cavabların təxminən bunlara bənzər olduğunu da çox yaxşı bilirsiniz.  
Hər kəs verdiyi cavabın doğru olduğunu düşünə bilər. Amma ortada nəticə yoxdursa, biz torpaqlarımızı geri ala bilmiriksə və hər 50-60 ildən bir torpaq itirməyə davam ediriksə belə cavabların heç kimə bir faydası olmayacaq.
Niyə başa düşmək istəmirik ki, "Ermənilərin arxasında ruslar dayanıb" həqiqətini bilməyimiz torpaqlarımızı geri almaq üçün bizə kifayət etməyəcək.  
Halbuki bu cür cavabların əvəzinə səmimi şəkildə düşmənin bizdən güclü olduğunu etiraf etsəydik və fəaliyyətimizi də bu etirafa uyğunlaşdırsaydıq, yəqin ki, daha fərqli nəticələr əldə etmiş olardıq.
Bu gün bizi toplum olaraq düşündürən yeganə sual - "Düşməndən güclü olmaq üçün nə etmək lazımdır?" sualı olmalıdır. Ermənilər nə edirlər ki, bizim torpaqlarımızı əlmizdən ala bilirlər? Necə olur ki, son 100 ildə bizim torpaqlarımızda biri qanuni, biri də qanunsuz olmaqla iki dövlət qura biliblər?
Son 200 ildir fasiləsiz olaraq qarşıdurmada, çəkişmədə, hətta müharibə şəraitində olduğumuz bir toplumu tədqiq edəcək bir institutumuz belə yoxdur. Erməninin kim olduğu haqqında ağızdan-ağıza eşitdiyimiz və böyük əksəriyyəti yalandan ibarət olan bir-iki cümləlik məlumatla kifayətlənmişik.
Amma unutmayaq ki, xalqlar, toplumlar güclərini ayrı-ayrı fərdlərdən alırlar. Fərdlər nə qədər güclü olursa xalqlar da bir o qədər güclü olur.
İndi gəlin görək, son 200 ildə biz nə etmişik, ermənilər nə edib?
Gəlin etiraf edək ki, bizim heç bir zaman idmançılarımızı Andre Aqassi, Harri Kasparov, Yuri Corkayef, Henrix Mxitiryan kimi dünya ulduzu etməyi bacarmamışıq... İnanmırsınızsa "Google" axtarış sisteminə ingilis dilində Garry Kasparov yazın. Qarşınıza 3 020 000 mənbə çıxacaq. Bir də, ingilis dilində Shahriyar Mammadyarov yazın - cəmi 23 900 mənbə.
Gəlin etiraf edək ki, bizlər azərbaycanlı olaraq heç bir zaman Rusiyada, İngiltərədə, Fransada, Ukraynada, Misirdə nazir, ABŞ-da qubernator, Argentinada, Livanda prezident vəzifələrinə sahib olmamışıq... Ən yaxşı halda hansısa nazirlikdə nazir müavini, komitə sədri və bu cür 3-cü, 4-cü dərəcəli postlara sahib olmuşuq. 
Gəlin etiraf edək ki, bizim xarici ölkələrdə yaşayan heç bir iş adamımız Kirk Kerkoryan kimi Qarabağa 100 milyonlarla, milyardlarla dollar yardım etməyib... Dünyanın ən zəngin iş adamları arasında yer alan azərbaycanlırın sərvəti Kirk Kerkoryanın sərvətindən də çoxdur.
Gəlin etiraf edək ki, bizim incəsənət xadimlərimiz Şarl Aznavur, Ciqerxanyan, Frunzik Mkrtçyan, Karen Şaxnazarov kimi məşhur və söz sahibi olmayıblar...
Gəlin etiraf edək ki, biz heç bir zaman Həzi Aslanovun İvan Baqramyan kimi marşal olması üçün çalışmamışıq...
Gəlin etiraf edək ki, xarici ölkələrdə yaşayan heç bir alimimiz Darem Acemoğlu kimi öz soydaşlarının yaşadığıl ölkəyə təmənnasız yardım etməyə çalışmayıb...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top