SƏMƏD MƏLİKZADƏ

Ömür kimi xatirələr də həmişə şirin olmur

Ömür kimi xatirələr də həmişə şirin olmur

SƏMƏD MƏLİKZADƏ
Min illərin sınanmış bir həqiqəti var: “At insanın dostudur”. Bir vaxtlar igidlər səfərə çıxanda, cəng meydanına yollananda əvvəlcə atı ilə həmsöhbət olub, istəyini ona söyləyib. Atı da onu döyüşdən qalib çıxarmaq, yaxud hansı istəyinəsə qovuşdurmaq üçün irəli şığıyib, yel qanadlı olub. Buna görə də, ulularımız “At muraddır” deyiblər.
Türklər haqda kimsə belə söyləyib: “Onlar at belində doğulur, at belində yaşayır, at belində də dünyadan köçürlər”.
Tərəkəmələr də, bir türk toplumu olaraq, atı çox sevib, onu ailəsinin bır üzvü sayıb, ən çətin anlarında ata güvəniblər.
Mən tərəkəmə həyatı yaşamamışam, heç doyunca at da minməmişəm. Başım uşaqlıqdan kitab-dəftərə qarışıb... Amma indi - yaşımın və başımın bu çağında kənddə olanda əmimin kəhər atını minib sərhədləri daralmış Küdrüdə dördnala çapıram. Yüyənini çəkən kimi kəhər yovşanlı düzdə səmum yelinə bənzəyən isti küləyi yara-yara məni bəzən lap uzaqlara aparır. Nallı ayaqları günəşin qovurduğu torpaqda möhkəm izlər buraxır. Bu tappıltıdan perik düşən torağaylar daldalandıqları qarağan kolunun altından qalxıb yaxınlıqdakı zəmiyə doğru uçurlar.
Sərhədləri üfüqdə birləşən bu düzün özünəməxsus təbiəti - flora və faunası var. “Quuu” dedikdə “qulaq tutulan” bu səssizlikdə əslində daim həyat qaynayır. Bunun üçün gərək təbiətin səsinə qulaq verəsən, onu dinləməyi bacarasan, ürəyinə girəsən.
Uşaqlıqda qardaşımla bu yerlərə ova, yaşıdlarımla göbələk, dovğa üçün sirkan, quşəppəyi, cincilim yığmağa, yulğun qırmağa gələrdik. Arxların kənarlarında topa-topa boyanaya da rast gələr, onları toplayıb anamıza hədiyyə kimi aparardıq.
Payız-qış aylarında Küdrüdə çoxlu qoyun sürüsü, naxır qışlayardı. Fermalarda süd, pendir, yağ, ət, yun heç neçəyə idi. Yalançılar sözü olmasın, sürülərdə elə toğlular vardı kı, quyruğu özündən ağır gəlirdi... Elə kəndimizin özündə də hər evin azı əlli, altmış qoyunu, on, iyirmi baş mal-qarası olardı. Otlaqdan dönəndə sürünün əvvəli kəndə girəndə sonu hələ Cəngi gölünün yanında gələrdi...
Elə bil o sürülər göyə çəkildi, bərəkəti kəsildi... Çünki çölün, düzün gözəlliyini insanlar öz əlləri ilə məhv etdilər, ahəngini pozdular, otuna, suyuna zəhər qatdılar, bu torpağın yüz illərlə formalaşmış münbit qatını meliorasiya adı altında dağıdıb tökdülər, quşunu, dovşanını, tülküsünü didərgin saldılar.
Atla bəzən kəndin ətraf sahələrini gəzir, bu yerlərin vazkeçilməz toponimlərini yaşadan nəsnələri axtarıb tapmağa çalışıram. Nikolay vaxtında çəkilən poçt yolunu, Hacı Cəfər arxını, “Qağqa”nı, Səmidli qışlağını, “Çataşığ”ı, Qoşasöyüdlünü, Şor kanalı, Misir pambığı becərilən sahələri diqqətlə gözdən keçirir, o yerlərlə bağlı olayları, xatirələri yenidən yaşamağa çalışıram. İndiki gənclərin çoxu o toponimlərin nə ilə bağlı olduğunu bilmir. Mənə elə gəlir ki, o yer adlarını özündə yaşadan nəsnələr məhv olduqca kəndimiz də keçmişini, dünənini itirir. Bu, o torpağın insanlarının faciəsi deyilmi? Küdrünün sinəsinə çəkilən çarpaz dağları xatırladıqca göynəyirəm. Mütəxəssislər bilirlər, heç bir ölkədə təbii otlaqların şumlanmasına, həmin ərazilərdən başqa məqsədlər üçün istifadəyə yol verilmir. Çünki təbii otlaqlar kənd təsərrüfatının qızıl fondu sayılır. Bəyənmədiyimiz sovetlər dövründə də bununla bağlı xüsusi sənəd var idi. İndi isə elə bil təbii otlaqların axırına çıxmaq üçün hər kəs əlindən gələni edir, hökumət də səsini çıxarmır...

Ömrü-günü ağrılar, həsrətlər içində əriyən nənəm
Bu dünyadan 99 yaşında köç edən Göyçək nənəm adına layıq tərəkəmə qadını idi - gözəl, ucaboy. Yeddi taxta tuman geyinərdi. Uşaq vaxtı mən onun tumanından tutub ardınca gəzərdim.
Faşizmə qarşı müharibəyə bizim nəsildən babam, atam və əmim gedib. Babam Səməndər kişi şöhrətli 416-cı Taqanroq diziyasının əsgəri kimi Berlinədək döyüş yolu keçib, qələbədən bir müddət sonra həlak olub.
Atam Kerç uğrunda döyüşlərin iştirakçısı olub, iki dəfə yaralanıb. Xeyli orden, medal alıb. Onun pasportunda doğum günü yazılmamışdı. Atam deyirdi ki, müharibədən sağ çıxmışamsa, mənim doğum günüm 9 maydı.
Ələsgər əmim cəbhəyə gedəndə 17 yaşı olub. O, əvvəlcə Mahaçkalada hərbi məktəb bitirib və leytenant rütbəsi alıb. Dəstəsi ilə Ahıska türklərinin vətənində almanlara qarşı vuruşub. Şiddətli döyüşlərin birində həlak olub.
Müharibə illərində kənddə nənəm, üç ayın gəlini anam və 4 yaşlı əmim qalıb. Ailənin yükünü çəkən nənəm o illərdə çiynındə qoşalülə gəzdirərmiş. Qaçaq, quldur gecələr həyətlərə basqın edib, mal-qaranı aparırmış. Buna görə də, nənəm yazda, yayda həyətdəki çardaqda yatarmış. Səs-küy eşidən kimi qoşalüləni gecənin qaranlığına boşaldarmış. Kənddə qalan əhali deyirmiş ki, Cöyçək arvad sayıqdı, kimsə onun qorxusundan kəndə girə bilməz.
Anam danışardı ki, nənəniz bəzən alatoranda durub xalçalardan birini kürəyinə bağlayar, piyada Qarasu stansiyasına gedərdi. Oradan da Bakıya. Qayıdanda bir az un, qənd, yarma, sabun gətirərdi. Atam Kerç döyüşlərində yaralanıb Gürcüstandakı hospitallarda yatanda nənəm gəzə-gəzə onu tapıb, oğluna və digər yaralı əsgərlərə qulluq edib.
Babamın və Ələsgər əmimin müharibədən qayıtmaması nənəmin qəlbində heç vaxt qaysaqlanmayan yara açıb. O, bu dərdi illərlə çəkə-çəkə yaşayıb, ağlamaqdan gözləri işığa həstət qalıb. Tale ona çox ağrı-acı yaşadıb, ömrü-günü əriyib gedib.
Eldar əmim evlənəndən sonra Göyçək nənəm onlara köçdü. Amma biz qardaşlar ondan ayrıla bilmirdik, onun üçün darıxırdıq. Onu da deyim ki, nənəm nəvələrindən ən çox məni istəyirdi. Bunun səbəbini hamı yaxşı bilirdi. Çünki mən cəbhədən qayıtmayan Ələsgər əmimə oxşayırdım. Anam deyirdi ki, sən qapıdan girəndə elə bilirəm Ələsgər qayıdıb. Mən, demək olar ki, hər gün nənəmə baş çəkməyə gedərdim. O, məni görən kimi gülümsəyərdi. Tez-tez bişirib tavaya tökdüyü südün qaymağını kasaya yığıb, qarşıma qoyar və deyərdi:
- Yaman sınıxmısan, ye. O müəllim verən kitabları da az oxu, gözlərinin qarası gedər... O kitablarda yazılanların hamısı yalandı...
İllər sonra mən bildim ki, nənəmin “yalan” deməsi nə ilə bağlı imiş. Sən demə, kolxoz qurulanda nənəmin atası əlində qalan bir cüt öküzü və arabanı kolxoza vermək istəməyib. Elə buna görə onu “kulak” adı ilə harasa sürgün eləyiblər. Böyük babamın oğlanları “xalq düşməni” adının ağrısını illərlə yaşamalı olublar. Bu söylədiklərim də nənəmin ürəyində bir ağrılı düyünə cevrilmişdi. O, bəzən saatlarla eyvanda oturub sonu ilğıma dönən tozlu yollara baxar, öz-özü ilə sakitcə danışardı. Hərdən mən ona yaxın dayanıb dediklərini öyrənmək istəyirdim. Ancaq o, küləyin oynatdığı yarpağın səsinə bənzər səs çıxardığından heç nə başa düşmürdüm. Bəlkə də nənəm cəbhədən dönməyən əzizlərinin ruhu ilə danışırdı. Bəlkə də biz nəvələrinə görə Uca Rəbbimizə dua edirdi. Bəlkə yola saldığı ağrılı həyata görə “üsyan” edirdi. Nə bilim. Şükür Xudanın kərəminə!
Mən universitetə girəndə nənəm sevinmədi. Dedi ki, oxuyub, nə bilim harada yaşayacaqsan, üz-gözünə həsrət qalacam. Buna görə də, mən tələbəlikdə, həm də təyinatla Şamaxıda işləyəndə kəndə dönən kimi nənəmi görməyə gedərdim. O illərdə artıq nənəm bu dünyanı alatoran görürdü. Gözləri əməliyyat olunsa da, tam açılmamışdı. Nənəm uzaqdan qaraltı görəndə soruşarmış ki, gələn Səməddi?
O, əllərimi tutub danışır, atamdan mənə şikayət edirdi. Deyirdi ki, dədən mənin yanıma niyə gec-gec gəlir? Mən isə nənəmin söylədiklərini atama deməkdən çəkinirdim, çünki o, sərt adam idi.
Bəzən də deyirdi ki, yenə kağız qaralıyırsan?
Mən isə cavabında:
- Kağız qaralamıram ee, nənə, qəzet üçün yazı yazıram.
O isə başını bulayıb:
- O nə işdi? Kimə lazımdı o yalanlar, - deyirdi. Sonra da əlavə edirdi ki, bu kənddə ev-eşik sahibi olan tay-tuşlarına bax, heç ağlı səninkinin yarısı olmayanlar özlərinə necə şərait qurublar. Sən nə ağıla qulluq eliyirsən, bilmirəm. Kişinin evi olar, həyəti olar, darvazası olar, iti, pişiyi olar...
Həyatımın ən gözəl illərini şəhərdə “yelə” verəndən sonra bir vaxtlar mənə həyat dərsi verən nənəmə haqq qazandırdım. Bir də illərin mənə verdiyi dərs bu oldu ki, insan hansı sənət, peşə sahibi olursa olsun, hansı vəzifəni tutursa tutsun, ancaq doğmalarının yanında, öz el-obasında daha xoşbəxt ola bilər.
Yazıq nənəm, gözəl nənəm, ömrü-günü ağrılar içində əriyən nənəm, ruhun şad olsun!

Orucalı kişinin nağılı
Həyətimizdən üç ev o yana Orucalı babanın evi vardı. “Qarlı aşırım” filmindəki kərbəlayini görmüş, Orucalı kişini görmüş, elə bil bir almanı yarı bölmüsən. Başında həmişə uzun tüklü qara papaq olardı. Əyninə dəri gödəkcə geyinərdi. Uzun qaşlarının altında qartal kimi baxışları həmişə nəsə axtarırdı. Yaşlaşanda çarıqları çıxarıb asmışdı divardan, tez-tez əli ilə onların necəliyini yoxlayırdı.
Orucalı kişi sağlam, qüvvətli idi. Öküzün buynuzundan tutub boynunu buraraq yerə sərirdi. Ətraf kəndlərdən olan cavanların heç biri onun kürəyini yerə vura bilməmişdi.
Günlərin bir günü - tərəkəmələrin yaylağa üz tutduqları bir vaxtda Orucalı kişi qapıdakı çardaqda oturub ətrafa baxırmış. Görür ki, onlara məxsus yoncalıqda bir sürü otlayır. Tez əmisi oğlu Pənahı çağırıb deyir ki, get sürünü biçənəkdən çıxar. Pənah dabrıya-dabrıya gedir və bir azdan “af-uf” eləyə-eləyə qayıdır. Orucalı soruşur ki, nə oldu, səni kim vurdu? Pənah bildirir ki, qağa, onlar 8 nəfər idi, gücüm çatmadı, məni vurdular. Orucalı bunu eşidib əsəbiləşir. Bəlgəyi qoluna dolayır və uzun çomağını götürüb gedir yoncalığa. Görür ki, sürü sahibləri bu yerin adamları deyillər. Buna görə də, məsələni sakitliklə həll etmək istəyir. Amma hiss edir ki, çağırılmamış qonaqlar onu da əzişdirmək fikrindədirlər. Buna görə də, fürsəti fövtə vermir. Elə ilk zərbə ilə birini yerə sərir. Ağacını fırladaraq ikincinin də əl-qolunu açmağa imkan vermir. Üzərinə şığıyan ən ucaboylu çobanın zərbəsinə zərbə ilə cavab verir. Ağaclar göydə şaqqıldayır. Lakin Orucalı kişi tez əyilərək ayağı ilə rəqibinin yanına güclü zərbə endirir... Altıncı da yerə yıxılandan sonra qalan iki nəfər ağaclarını yerə qoymalı olurlar. Orucalı kişi sürünün ağzını kəndə sarı döndərir. Sonra ürəyi yumşalır və sürü sahiblərinə deyir ki, heyvanlarınızı götürüb gedin...
Orucalı kişi qocalanda qıçlarını “qızıl yel” tutmuşdu. Buna görə əyninə sırıqlı şalvar və kürk geyinir, yaz-yay aylarında evinin yan balkonunda yatırdı. Bəzən ağrıların təsirindən kişi pələng kimi bağırırdı. Bir az sakitləşəndən sonra qəmli-qəmli oxuyurdu. Onun bu oxuması çoxlarını kövrəldirdi. Hərdən mən onun yanına gedir, şirin söhbətlərinə qulaq asırdım. Orucalı baba, maraqlı adam idi. Atını çox sevirdi. Xəstə olanda atı həyətdə özünə yaxın bir yerə, gözlərinin qabağına bağlatdırardı. Tez-tez atı ilə söhbət edərdi. Elə danışardı ki, elə bil yaxın dostu ilə söhbətləşir. Orucalı baba mənə deyirdi ki, yaxşı at sürməyi öyrənsən, atımı sənə verərəm. Amma mən bilirdim ki, o, bu sözləri elə belə deyir, atını mənə qıymaz.
Danışırdılar ki, bir gün kişi oğlanlarını yanına çağırıb deyir ki, atı yəhərləyin, məni də əlinizlə qaldırıb qoyun yəhərin üstünə. Qoy son dəfə kəndin ətrafını gəzib, görüm. Dediyi kimi də eləyirlər. Biri atın yüyənini tutur, digəri atın yanı ilə gedir və kişinin yəhərdən düşməməsi üçün çalışır. Kişi at üstündə gəzdikcə gözlərindən gilə-gilə yaş axıdır... Sonra onu yenə evin yan eyvanındakı yatağına qoyurlar. Kişi yastığa dirsəklənib xeyli uzaqlara baxır. Bir də görürlər ki, elə yastığa dirsəkləndiyi şəkildə canını tapşırıb və sakitcə bu dünyadan köçüb.
Onu da deyirlər ki, Orucalı kişini dəfn etmək üçün həyətdən çıxaranda atı bərkdən kişnəyib və bir müddət ayaqlarını yerə döyüb...
Bağışlayın ki, yaddaşımda yaşayan bu xatirələr bir qədər kövrək oldu. Amma o da var ki, insanın ömrü kimi xatirələri də həmişə şirin olmur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top