ANAR QARAXANÇALLI

İsrail-Fələstin məsələsində kimin tərəfində olmalıyıq?

İsrail-Fələstin məsələsində kimin tərəfində olmalıyıq?

ANAR QARAXANÇALLI

Hər məsələyə futbol tərəfdarlığı kimi baxırıq, təəssüf ki. Ya bu tərəfdənik, ya o tərəfdən, qeyd-şərtsiz. İsrail Fələstin münaqişəsində də duruşumuz dəyişmədi. Yarımız İsraili dəstəkləyirik, yarımız da Fələstini. İsraili dəstəkləyənlər, İsrailin Azərbaycana verdiyi siyasi, hərbi dəstəyi əsas götürürlər. Fələstini dəstəkləyənlər, Fələstinin müsəlman olmasını, zəif olmasını və s. əsas götürürlər.
Halbuki, vətəndaş olaraq biz niyə tərəf tutmalıyıq? Ortada məsum insanların həyatını itirdiyi bir qarşıdurmada, vətəndaş niyə tərəf tutmalıdı? Dövlət, dövləti idarə edən hökumət tərəf tuta bilər. Hökumətin əlaqədar qurumları mənfəətlərimizi dəyərləndirərək mövqe ortaya qoya bilərlər. Amma vətəndaşlar, ən əsası, insan olaraq hər məsələni insani dəyərləndirməlidirlər. Əvvəla, sağlam cəmiyyət üçün hər kəs başda öz işi ilə məşğul olmalıdır. Müəllim ən yaxşı dərsini necə keçəcəyini, doktor xəstəsinə ən yaxşı müalicəni necə edəcəyinə daha çox zaman ayırmalıdır. Beləcə, hər vətəndaş öncə öz işini ən keyfiyyətli, məhsuldar şəkildə icra edərək sağlam cəmiyyətin əsas komponentlərini təşkil etmiş olacaq. Beynəlxalq mövzulara təbii ki, hər kəs fikir bildirə bilər. Amma fikir bildirənlər öncə bilgi sahibi olmalıdırlar. İkincisi də, sıravi vətəndaş kimi qarşıdurmaları deyil, sülhü, məsum insanların, istər israilli olsun, istər fələstinli, zərər görməməsini tələb etməliyik. Vətəndaş olaraq bizi idarə edənlərə də bu yöndə təzyiq etməliyik ki, onlar da hətta maraqlarımıza zidd olsa da, sülhə, danışıqlara tərəf olsunlar. 
Münaqişəyə gəlincə... Uzun illər bölgədə işləmiş bir jurnalistin iki xatirəsi;
Deyir ki, İsrail hücumları sırasında Qəzzada idim. Fələstində hakimiyyət Həmasda olduğu üçün, Həmaslı bir nazir jurnalistləri yeməyə dəvət etmişdi. Mən də bir sual verdim ki, hər gün uşaqların istifadə etdiyi oyuncaq partlayıcılar kimi roketlərdən İsrailə atırsınız. Bu oyuncaqların çoxunu İsrail havada məhv edir. Digərləri də ya boş əraziyə düşür, ya da bir binanın divarında sönür. Halbuki bu addımla İsrailin əlinə sizi məhv etməsi üçün əsas verirsiniz. Məqsədiniz nədir? Salonda buz kimi hava əsdi, nazir qaşlarını çatdı. Sualı tərcümə edən fələstinli qulağıma əyilərək, canına susamısan deyəsən, dedi. Həmaslı nazir cavab verdi ki, bu addımlarla Fələstin davasını canlı tutmağa çalışırıq.
İkinci xatirəsində, jurnalist İsrail hücumları nəticəsində, evi bombalanmış fələstinli ailəni ziyarət edir. Evi dağılmış adam danışır: İsrail hansı nöqtədən ona atəş açılsa, o nöqtəni məhv edir. Biz də evimizdə oturmuşduq. Bir də gördüm, bir nəfər əlində roket, evimizin üstünə çıxmağa çalışır. Əngəl olmağa çalışdım. Dedim ki, burdan atəş açsan, İsrail bütün binanı başımıza uçurar. O da, sən Fələstin davasına xəyanət edirsən, deyərək məni itələdi, evin damına çıxıb, atəş açdı. Başımıza gələcəyi bildiyimiz üçün küçəyə qaçdıq, qonşuya sığındıq. Gözlədiyimiz kimi, roketdən bir müddət sonra, bina yerlə yeksan edildi.
İsrail dövləti qurulduğu gündən (1948) bəri, beynəlxalq hüququ pozaraq Fələstin ərazisini addım-addım ələ keçirir. Bunu edərkən də önə sürdüyü ən böyük bəhanə ya da əsas, Fələstin ərazisindən atılan roketlərdir. İşin acınacaqlı və ağrılı tərəfi odur ki, Fələstin davasında ən radikal qrup olan Həmas rəhbərliyi öz əhalisinin mənfəətindən çox, İsrail hökumətinin mənfəətinə xidmət edəcək addımlar atır. Yəni, yuxarıda oturanlar “biznes” kimi işlərini “qurublar”, olan alt təbəqədə yaşayanlara olur.
Əslində, günümüz dünyasında Yaxın Şərqdə, İslam dünyasındakı ən böyük problem, rəhbərlərin mütləq əksəriyyətinin xalqların mənfəəti üçün deyil, şəxsi və xarici dairələrin mənfəəti üçün çalışmasıdır. Bunu da daha çox milliyyət, din, məzhəb, kimi insanların həssas nöqtələrini manipuliyasiya edərək gerçəkləşdirirlər. Acı reallıq budur. Aşağılar bir-birini boğazlayır, üstdəkilər də milləti coşdurub, sonra arxa otaqda “düşmən”lə çörək kəsir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top