ANAR QARAXANÇALLI

Qarabağ razılaşmasında kim qazandı, kim uduzdu?

Qarabağ razılaşmasında kim qazandı, kim uduzdu?

ANAR QARAXANÇALLI
Əvvəla, şəhidlərimizin, qazilərimizin, ailələrinin önündə baş əyirəm. Onlara millət, dövlət olaraq sonsuz borcluyuq. Onların problemini həll etmək ən önəmli vəzifədir, hamımız üçün. Şəhidlərin ruhları şad olsun! 
Çox sadə deyəcəm. Qarabağ probleminin səbəbi Rusiyadır. Həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaq üçün alətdir. Ona görə də, bəzən erməniyə yaxınlaşaraq bizə dərs verir, bəzən də bizə yaxınlaşaraq erməniyə dərs verir. Problemin tam həlli, Rusiyanın maraqlarına ziddir. Problem tam həll olarsa, rusun bölgədə olması ciddi sorğulanacaq.

Putin hökuməti bu əməliyyatlara niyə göz yumdu?
Paşinyan hökuməti Rusiyanın maraqlarına tam zidd hərəkət etməsi, Rusiyanın dayaqlarını yox etməsi, ən əsası, erməni ictimaiyyətinin ruslardan üz döndərməsi.
Azərbaycan hökumətinə Qarabağda müəyyən gedişlər üçün yaşıl işıq yandıraraq, daxildə başlayan anti-rus əməliyyatlarını nisbətən nəzarətə almaq. 
Türkiyənin açıq dəstəyi ilə əməliyyatların sürəti inanılmaz oldu. Təxminən 40 gün kimi qısa vaxtda 30 illik erməni istehkamları, birlikləri demək olar ki, tamamilə yox edildilər. Şuşa kimi bir əlçatmaz qalanın belə sürətlə azad olunması Rusiyanın işə təcili müdaxiləsini labüd elədi. Çünki faktiki olaraq, əməliyyatlar bitmək üzrə idi. Diqqətimi çəkən bir məqam da o oldu ki, Paşinyan razılaşmanı imzalamamaq üçün sona qədər dirəndi. Çünki Paşinyan başa düşürdü ki, problemin belə qalması onun, erməni xalqının əleyhinədir. Məncə, Paşinyan Qarabağdan tamamilə çıxmağa artıq razı idi. Sadəcə Rusiya imkan vermədi. 

Digər bir sual, 2 ay əvvəl yaxşı idi yoxsa indi?
Məncə, bu sualı şəhidlərin, qazilərin ailələrinə soruşmaq lazımdır. Cavab haqqı onlarındır. Təbii ki, indiki vəziyyət daha yaxşıdır. Həmçinin Türkiyə bölgəyə gəlməyə çalışır. Bu da bizim üçün yaxşıdır. 30 sentyabrda yazmışdım ki, sona qədər getməliyik, gələcək nəsillərə bu işğal miras kimi qalmamalıdır. Bəli, məsələ bitmədi hələ. Amma işğalın həlli istiqamətində böyük addım atıldı.  
Ən önəmli qazancımız, milli birlik və xalqın yenidən özünə inam və güvən əldə etməsi oldu. 30 ildir rus qulbeçələrinin rəhbərlik etdiyi media, ictimai sektor bu xalqın bütün dəyərlərini yox etmək üçün hər şeyi etdilər. Hətta həddindən çox etdilər. Təsir əks-təsiri gətirdi. Bu qədər anti-milli təbliğat, əksinə insanlarda ölməkdə olan mənəvi duyğuları diri tutdu, oyatdı. Əməliyyatlar başladıqdan sonra sıravi insanların canla-başla əsgərlərimizə əlindən gələn dəstəyi verməsi, vətəndaşlar arasında yardımlaşmanın maksimum səviyyəyə çıxması milləti bir mənada oyatdı. Bu oyanışın önümüzdəki zamanda daha çox fərqinə varacağıq. 
Ordumuzun az zamanda çox uğur qazanması, müasir silahlardan yüksək səviyyədə istifadə etməsi dünya müharibə ədəbiyyatına öz töfhəsini verdi. 
Hökumət xarici təzyiqləri yaxşı idarə elədi. Güclü erməni lobbisinə qarşı mübarizə aparmaq asan iş deyildi. 
Əldə olunan razılaşma tam icra olunsa, müsbət nəticələr daha da artacaq. Ümid edirəm ki, Rusiya yazılı razılaşmadan qaçmaz. 

Bundan sonra nə etməliyik?
Çox hissi davranırıq. Ya çox sevinirik, ya da çox üzülürük. Bunun səbəbi həm hökumətdədir, həm də özümüzdə. Hökumət əməliyyatların başında insanlara həddindən çox populist çıxışlar elədi, gözləntiləri çox yüksəltdi. Ona görə də, xalqın çoxu mütləq qələbə gözləyirdi. Bu gözləntinin isə başdan real olmadığını ən azı, hakimiyyət bilirdi, ya da bilməli idi. 
Bir digər problem, fərqli düşüncələrin xəyanət kimi qəbul olunmasıdır. Bu çox təhlükəli yanaşmadır. Əgər söz azadlığı deyilən bir şey varsa, xoşumuza gəlməsə də, ən radikal fikirlərə belə hörmətlə yanaşmalıyıq. Çünki kimin haqlı, kimin haqsız olacağını zaman göstərir. Demokratik inkişafın ən önəmli əsası söz azadlığıdır. Fərqliliklər, fərqli düşüncələr, əslində, zənginlikdir. Bunu qəbul etsək, çox problem həll olacaq.  
Artıq yeni bir dövrdəyik. Hakimiyyət də müəyyən səlahiyyətlərini xalq ilə bölüşməlidir. Parlament xalq iradəsini yansıtmalıdır. Bu gün faktiki Parlamentin funksiyasını da hökumət həyata keçirir. Əgər Parlament öz funksiyasını özü həyata keçirsə, bu hökumətin də işini asanlaşdıracaq, ölkənin gələcəyi ilə əlaqəli məsələlər Parlamentdə də müzakirə olunacaq. Gerçək mənada demokratik cəmiyyət Qarabağ probleminin əsas açarı olacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top