SƏMƏD MƏLİKZADƏ

Sağ ol, Günəş!

Sağ ol, Günəş!

SƏMƏD MƏLİKZADƏ
Dörd divar arasında oturub gözəgörünməz, acımasız düşmənin insanlara divan tutduğu günlərdə həmsöhbətim daha çox mətbəxin pəncərəsi önünə qoyduğumuz dibçəkdəki Çiçək idi. Bəzən saatlarla orada oturub çöl-bayırda insan səsinin qəhətə çəkildiyi vaxtlarda həyətimizdə yenicə yarpaqlayan ağac dostlərıma, yaxınlıqdakı məktəb həyətində boy verən otlara, uşaq səsinə həsrət sinif otaqlarına, Ağabala kişinin o qədər də böyük olmayan dükanından ərzaq alıb sakitcə keçib gedən məhəllə sakinlərinə göz qoyurdum. Xəstəlikdən təzə-təzə ayağa qalxan Ramazan kişi əlindəki əsanın və arvadı Səkinənin köməyi ilə arabir həyətdə görünürdü. Həyat yoldaşı sanki kişinin hər addımını sayırdı...
Yaz gəlsə də o günlərdə göyün üzü daha çox buludlu olurdu. Sanki Günəş qorxudan soyumuş dünyanı isitmək üçün tələsmirdi. O balaca Çiçəklə mən Günəşi həsrətlə gözləyirdik. Günəşin parladığı səhərlər, adətən, mən Çiçəklə söhbətləşirdim:
- Necəsən dost, Günəş gülümsəyir, daha bu dünyada bizə zaval yoxdu. Bax, həyətimiz necə də gözəl görünür- quşlar oxuyur, ağaclar, gül kolları günbəgün pərvazlanırlar. Baxıram sənin yarpaqların, ləçəklərin də təzə-tər olub...
Çiçək mənim sözlərimə cavab verirmiş kimi:
- Sağ ol, dostum. Neylim, mənim qismətimə dibçəkdə yaşamaq düşüb. Amma sevinirəm, çünki köklərim, bir ovuc da olsa, torpaqdadı. Ayağı torpaqda, başı üzərində Günəş olanlar isə həyatda çox zaman romantikadan uzaq yaşayır, Tanrının qismətinə daim şükr edirlər. Hər səhər Günəş yenidən doğanda oyanır, pərvazlanıram. Günəşin ilıq telləri ləçəklərimi isitdikcə elə bilirəm anam əlləri ilə saçlarıma sığal çəkir. Bir də pəncərə arxasında olsam da sənin kimi dostum var - mənə su, gübrə verir, ömrümü uzadır. Bu çətin üzücü günlərdə səninlə dörd divar arasında yaşamaq mənə xoşdur. Bəs Sənə necə?

Mən Çiçəyin bu nəvazişli sözlərini cavabsız buraxıb ona təbəssümlə cavab verirəm. Amma, nədənsə, Çiçəyə yazığım gəlir... Belə dəqiqələrdə mən xəyalən kəndimizi gəzib gəlirəm. Düşünürəm ki, indi oralarda hava çox gözəl, səma buludsuzdu. Amma payızda və yazın əvvəllərində demək olar ki, yağış düşmədiyindən biçənəklər lazımınca boy atmayıb, zəmilər vaxtından əvvəl saralıb. Demək, bu il taxıl, ot-ələf qıt olacaq. Bu isə kənd adamlarını daha çox qayğılandırır... Əli bel tutanlar indi günün xeyli hissəsini bağda, bostanda keçirir, şitilliklərə qulluq göstərirlər. Yəqin qapımızdakı nar ağacları hələ çiçək açmayıblar. Alça, gavali və ərik ağacları isə ağ, çəhrayı "paltar"larına bürünüblər. Belə günlərdə adamın ürəyindən camış qatığının ayranı, sirkan tərəsi, quşəppəyi, cincilim, laladibi, quzuqulağu və sairdən bişirilmiş dovğa keçir. Arabir kətə də yemək pis olmaz... Bu məqam da deyirlər ki, ac toyuq yuxusunda darı görər...
Bayaqdan baxıram, həyətdəki titrəkyarpaq qovağın ağara qalmış budaqlarındakı yuvalar hələ durur. Adını bilmədiyim hansı quşsa tez-tez dimdiyində çöp yuvalardan birinin üstünə qonur. Yəqin köhnə yuvasını sahmana salmaq istəyir. İndi, bəlkə də, kəndimizin girəcəyindəki beton elektrik dirəyinin başında yuva qurmuş hacıleylək də qayıdıb və çöp yuvasını sahmana salır.
Rəhmətlik Şamxalın bu misraları yadıma düşür:
Xoş gəlib, bu ilin yazı, xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbiətə yır-yığış gəlib,
Quşlar çöp daşıyır yuva qurmağa.
Çiçəklərə layla çalır küləklər,
Dəyişir səma da, yer də təzədən.
Təzə məhəbbətlə, təzə ürəklə.
Köhnə yurd yerində bir də təzədən-
Quşlar çöp daşıyır yuva qurmağa.
Həzinlik bürüyüb aranı, dağı,
Bir baxın, necə də kövrəlmişik biz.
Ev-eşik tikməyi, yuva qurmağı,
Bəlkə də quşlardan öyrənmişik biz-
Quşlar çöp daşıyır yuva qurmağa.
Elə bildim indi Yer üzündən silinmiş Cəngi gölünün kənarında dayanıb uşaqlığım keçən yollara baxıram. O yollara ki, bir vaxtlar qonşu kəndə məktəbə, payızın leysan yağışlarından sonra göbələk toplamağa, quş ovlamağa, yazda yemlik, qanqal özəyi yığmağa gedərdik. Küdrü düzü istilər düşən kimi sanki ilğım içində əriyib gedərdi. Beton kanalların arasında on hektarlarla bostanlarda isə həyat qaynayardı. Bu bostanların kənarında qurulmuş çardaqların altı alış-veriş mərkəzinə çevrilər, buralardan şəhərlərə hər gün tonlarla tərəvəz, yemiş-qarpız yola salınardı... Belə günlərdə kənd uşaqlarının əsas oylağı Cəngi gölü olurdu. Mayın ortalarından başlayaraq avqustun sonunadək Cəngidə çımməyə gedərdik... Cəngi bu gün də mənim üçün heç vaxt bitib-tükənməyən şirin bir nağıldı. Təəssüf ki, indi o gölün yatağı qupqurudu və o sahələrdə təkəmseyrək yulğun kolları bitir. Amma Cəngi ürəyimdə daim yaşayır və ilin ən qaynar günlərində gecələr yuxularımda mən o gölün sularına baş vurub sərinlənirəm...
Gör haralara gedib çıxdım, ey! O günlər artıq ilğıma dönən illərin gümüşü dumanı arxasında gizlənib.
Bax, indi bu divarlar arasında oturub şirin xəyallarla yaşamaqdansa, bircə saat o yerləri gəzib-dolanmaq necə də gözəl olardı...
Son küləkli və yağışlı günlərdən sonra havalar xeyli isinib. Umayra xanım deyir ki, qarşıdan daha qaynar günlər gəlir. Hər səhər metronun ətrafındakı yaşıllıqda gəzib-dolanır, evə dönürəm. Mətbəxdə oturub çay içə-içə Günəşə boylanan dibçəkdəki Çiçəyə göz qoyuram. Son həftələrdə xeyli boy, qol-qanad atıb. Mən isə karantin günlərində bir az sifahiləşmişəm. Min şükr Rəbbimizə! Təşəkkürlərim isə Günəşədi:
- Sağ ol Günəş! Yaxşı ki, Sən varsan. Sən olmasan "qaranlıqlar necə çıxar aydınlığa". Sən olmasan dünya necə pərvəriş tapar, arzularımız necə çiçək açar. Sən gülümsəyəndə anam yadıma düşür, ağrı-acılarım dağılıb gedir. Hər səhər parla, gülümsə ki, hər yanı uşaqların şən səsləri bürüsün, Ramazan kişi əsanı atıb, əvvəlkitək yeriyə bilsin, mənim kimi dörd divar arasında olanlar, yuva qurmağa çöp daşıyan quşlar... və evimdə dibçəkdə yaşayan Çiçək də sevinsin...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top