NAZİM MUSTAFAYEV

Bəs o binanın halı niyə belədir?

Bəs o binanın halı niyə belədir?

NAZİM MUSTAFAYEV
Adətən məktəb ya da universitet illərində müəllimin dediyi nəsə bir söz tələbənin yadında qalır. İllər keçəndən sonra həmin söz hansısa bir hadisəyə görə bir daha yada düşür. Bu zaman da deyirik ki: "Hə görürsən bu məsələni bizə filankəs müəllim demişdi".
Bilirsiz? Bu günlərdə bir müəllimimizin sözləri tez-tez yada düşür, o sözləri xatırlayıram. Hə bu arada söhbət universitet müəlliminin gənclərə verdiyi həyat dərslərindən, ya da dərin mənalı fəlsəfi fikirlərdən getmir. Təbii bunlar da ola bilərdi. Ancaq bəhs edəcəyim məsələ bu sadalananlarla bağlı deyil.
Deməli universitetimiz Zaqatala şəhərində idi. Bakıdakı universitetlərdən də həftədə bir dəfə bəzi müəllimlər dərs deməyə Zaqatalaya gəlirdi. Bir gün dərsdə söhbət hardan gəldisə yataqxanadan, tələbələrin sosial şəraitindən düşdü. Bu zaman həftədə bir Bakıdan gələn müəllimimiz Bakıdakı şəraitlə Zaqatalada oxuduğumuz universitetimizdə tələbələr üçün ayrılan şəraiti müqayisə etdi. Düzdü dərsdə idik. Ancaq mövzu bir az dərsdən kənara çıxmışdı.
2002-2007-ci illərdə Bakıda tələbələrin qaldığı yataqxana və ya ev şəraitindən çətin ki xəbərdar ola bilərdik. Təbii ki arada bu və ya digər fərqlər ola bilərdi. Ancaq hər həftə Bakı ilə Zaqatala arasındakı yolu arşınlayan müəllimimiz universitetlər arasındakı müqayisəni, ümumi mənzərəni bizdən daha aydın görüb analiz edə bilirdi.
Bütün bunlarla yanaşı müəllimimizin dedikləri şəxsən məndə bir az təəccüb doğurmuşdu. Qısaca sözləri belə idi: “Sizə ayrılan bu şərait, bu imkanlar Bakıda bir çox universitetdə yoxdur. Bakıda bir çox universitetin tələbə yataqxanası ya heç yoxdur, ya da olanlarda da sizin qaldığınız belə şərait, belə imkanlar mövcud deyil”.
Zaman göstərəcəkdi ki, bu sözlər doğru və həqiqəti əks etdirir. Ancaq bunun belə olduğunu daha yaxşı başa düşməmiz üçün bir az vaxt keçməsi gərəkirdi. Məgər vəziyyət həqiqətən də belə imiş. Onu da deyim ki, bu yazını yaxın günlərdə BDU-nun tələbə yataqxanasında baş vermiş tələbə ölümü ilə nəticələnən bir zəhərlənmə hadisəsinin fonunda qələmə alıram. Tələbə yanaqxanası mövzusuna daha əvvəl də bir yazı da toxunmuşdum. Orada deyilənləri burada yenidən təkrar yazmaq istəmirəm. İstəyən oradan baxa bilər. Hətta bu iki yazı ardıcıl oxunsa daha faydalı olar.
Deməli bu yaxınlarda BDU-nun tələbə yataqxanasında üç tələbə qızın zəhərlənmə hadisəsi oldu. Onlardan biri gənc yaşda dünyasını dəyişdi. Digərlərinin vəziyyətinin isə qənaətbəxş olduğu söyləndi. Bir çox insan kimi mən də bu xəbəri sosial mediadan, saytlardan öyrəndim.
Düzdür bu ölümlə nəticələnən zəhərlənmə hadisəsinin əsas səbəbi və nədən baş verdiyi yəqin ki, araşdırmalar nəticəsində ortaya çıxacaq. Bu mənada tələbələrin qaldıqları bina ilə bu baş verən hadisəni birbaşa əlaqələndirmək doğru olmazdı. Belə bir xoşagəlməz hadisə başqa hər hansı binada da baş verə bilərdi. Bu mənada dünyasını dəyişən tələbə qızı geri gətirmək bir daha mümkün deyil. Allah geridə qalanlarına, valideynlərinə səbir versin.
Bəs o tələbə yataqxanasının halı niyə o gündədir? Köhnə yataqxana olduğu üçün yeməkxana fəaliyyət göstərmədiyi, tələbələrin qidaların hamısını kənardan gətirməli olduğu belə bir binada insan zəhərlənməsə də, başına başqa bir iş gəlməsi də möhtəməldir. Bina çoxdan öz ömrünü başa vurub. Ancaq hələ də ayaq üstədi və hələ də orada insanlar yaşayır. Binanın ümumi görüntüsündən nəmişlik və rütubət hiss olunur. Ümumiyyətlə insan belə bir binada yaşaya bilərmi? Gəl gör ki, istifadə müddəti çoxdan bitmiş, adəta “artıq məni sökün, taqətim qalmadı, sökmürsüz məni təmir edin” deyə qışqıran həmin binada ya məcburi köçkünlər ya da tələbələr hələ də qalmağa davam edirlər.
Bəzən sözün bitdiyi məqamlar da olur. Qoy bir az da şəkillər danışsın...

Qeyd: Eyni məzmunlu “Tələbə yataqxanası” başlıqlı digər bir yazını buradan oxuya bilərsiniz...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top