NAZİM MUSTAFAYEV

Tələbə yataqxanası

Tələbə yataqxanası

NAZİM MUSTAFAYEV

Bakı Dövlət Universitetinin önündən keçirdim. Divarlarda yüzlərcə ev kirayəsinin elanına rast gəldim. Yeni yapışdırılan, qoparılıb izi qalan, keçən ildən qalan və s. yüzlərcə elan ətrafdakı divarları “bəzəyir”di. Bu mənzərəni bir mənada insan bədəninə bənzətmək istəyirəm. İnsan bədənində elə problem və xəstəliklər var ki, əlamətləri dəridə müxtəlif şəkildə ortaya çıxır. Bizə problem və xəstəlikdən xəbər verir. Həkimlər dəridəki həmin əlamətlərə baxaraq problemi, xəstəliyi müəyyən edə bilirlər. Universitetin önündəki yolun hər bir tərəfində gözə dəyən kirayə elanları da tələbə yataqxanasının olmamasından, ya da yataqxanaların tələblərə cavab verməməsindən xəbər verir. Əks halda, bu qədər kirayə ev elanını bir küçədə görməzdik.

Bir dostumun sözlərini xatırlayıram. O belə demişdi: “Əgər Bakıda tələbə olanda təmiz, səliqəli və nəzarətin olduğu bir yataqxanada qalsaydım, indi məhz öz ixtisasım üzrə işləyirdim”. Bu sözü ilk olaraq başa düşməmişdim. Dostum bu sözləri deyəndə işləyirdi, vəziyyəti, güzəranı elə də pis deyildi. Soruşdum ki, nə üçün belə deyirsən? Cavabı belə oldu: “Tələbə olduğum 4 il ərzində dost-tanışla qalırdıq. Dərslərə o qədər də vaxt ayıra bilmirdim. Geriyə dönüb baxanda gördüm ki, təhsil olaraq heç nə qazana bilməmişəm, sadəcə vaxtım gedib”.

Düzdür, bu subyektiv bir fikirdir. Hamı belədir mənasına gəlmir. Ancaq bir həqiqət də var ki, tələbəlik illəri nə qədər məişət qayğılarından, maddi problemlərdən uzaq keçərsə, o qədər məhsuldar olar.
Belə demək olmaz ki, kirayə ev tutub qalan tələbələr bütün günü evdə “plastation” oynayır. Xeyr, belə demirəm. Oynamaq istəyənlər elə tələbə yataqxanasında da oynayacaqlar. Sadəcə tələbələrin qarşısında geniş seçim olmalıdır. Onların bircə yolu gedib kirayə ev tutmaq olmamalıdır.

Bir tələbənin ildə bir neçə dəfə kirayə ev axtarma dərdi, ev daşıma dərdi yoxdursa, hər gün yemək bişirmə, növbə ilə qabları, vaxtaşırı paltar yuma və s. kimi məişət məsələlərini tələbə birbaşa özü həll etmirsə, bu onun üçün geniş və bol vaxt deməkdir. Tələbə bu problemlərinin həllini yataqxanada qalmaqla həll edə bilər. Təbii ki, belə bir yataqxana varsa!..

Bir dəfə CV doldurarkən indiyə qədər iştirak etdiyim seminar və konfransları orada yazmalı idim. Bu zaman fərqinə vardım ki, bir çox tanınmış simaların seminar və konfransına məhz qaldığım tələbə yataqxanasının konfrans salonunda qatılmışam. Qaldığım tələbə yataqxanası Konyada Səlcuq Universitetinin kampusunə yaxın yerdə yerləşirdi. Bəlkə də bir daha canlı olaraq görməyəcəyim fərqli-fərqli fakültələrin müəllimləri, mütəfəkkir və yazıçılar burada səmimi şəraitdə, çox maraqlı çıxışları ilə yadda qalırdılar. Bu seminar və konfransları məhz tələbə yataqxanasının idarə heyəti təşkil edirdi. Universitetləri gəzir, seminar və konfrans vermək üçün Universitet müəllimlərini tələbə yataqxanasına dəvət edirdilər. Yataqxana sanki ikinci universitet rolunu oynayırdı.

Biz xalq olaraq çayxana, restoran, şadlıq sarayı kimi obyektlər aça, oradan az, ya da çox gəlir əldə edə, pis, ya da yaxşı oranı idarə edə bilirik. Ehtiyac duyanda şəhərdə çay içmək üçün çayxana, yemək yeməyə restoran və ya şadlıq sarayı tapmaq olar. Xidmətin keyfiyyəti müzakirə edilə bilər, ancaq pis və ya yaxşı ortada nə isə var.

Uşaq bağçaları, abituriyent hazırlıq mərkəzləri də günbəgün çoxalır. Bazarda qalmaq, “brend” halına gəlmək üçün bunlar arasında rəqabət formalaşır. Valideynlərin əlinə də bunlar arasında daha yaxşısını seçmə şansı düşür. Zənnimcə, bu sadalananları tələbə yataqxanası haqqında demək mümkün deyil. Təsəvvür edin ki, övladı universitetə daxil olan valideyn Bakıya gəlir. Hansısa tələbə yataqxanasını bəyənmir, gedir başqa yataqxananın şərtlərinə baxır. Ən sonda başqa birini bəyənir. Övladını oraya yerləşdirir. Sizcə, valideynlərin, tələbələrin belə bir seçim şansı var?!

Hüquqi baza, hüquqi normativlər müəyyənləşdirilərək tələbə yataqxanası məsələsini təhsilin yan sahəsi kimi inkişaf etdirmək olar. Bir tələbə universitet binasındansa daha çox vaxtını kirayə tutduğu evdə, qaldığı, yaşadığı məkanda keçirir. Bu baxımdan bu sahənin inkişafı labüddür.

Bir məqamı da vurğulamaq istəyirəm. Yuxarıda qeyd etdiyim qaldığımız yataqxananın geniş ərazisini xeyirxah bir insan məhz tələbə yataqxanası tikmək üçün hədiyyə etmişdi. Bu xeyirxah insanın hədiyyəsi Səlcuq Universitetinin yaxınlığındakı 300 mənzillik yaşayış kompleksi tikməyin mümkün olduğu bir ərazi idi. O isə bu ərazini məhz tələbə yataqxanası tikmək üçün hədiyyə etmiş, özü də vəfat etmədən əvvəl inşaatında işləmişdi.

Yeri gələndə Hacı Zeynəlabdin Tağıyev və bu kimi xeyriyyəçi şəxslər haqqında danışırıq. Ancaq elə məqam gəlib çatır ki, artıq danışmaq kifayət etmir, o işi etmək lazımdır. Düzdür, hər şeyi gətirib xeyriyyəçiliyə bağlamaq da doğru deyil. Ancaq həm bazarın tələblərinə cavab verən, həm də tələbələrin maddi imkanına uyğun keyfiyyətli tələbə yataqxanaları açmaq mümkündür. Yetər ki, tələbələri, gələcək nəsilləri düşünək...


Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top