SƏMƏD MƏLİKZADƏ

Siz hər cür hörmətə və məhəbbətə layiqsiniz!

Siz hər cür hörmətə və məhəbbətə layiqsiniz!

SƏMƏD MƏLİKZADƏ

Qısaca xatırladım ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə kömək olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.

Mənə elə gəlir ki, müstəqillik illərində ölkəmizdə ən sürətlə inkişaf edən kütləvi informasiya sahəsidir. Bir dönüb keçdiyimiz illərə baxın... Bu illər ərzində Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı xeyli müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Prezident Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafı, vətəndaşların hüquq normaları Azərbaycan Konstitusiyası ilə təsbit olunub... Bəli, danmamalıyıq ki, ötən illər ərzində mətbuatın və digər kütləvi informasıya vasitələrinin sayı qat-qat artıb. Bu, şübhəsiz, mətbuatımızın, belə demək olarsa, çəkisinin və keyfiyyətinin yüksəlməsinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və yaxın tariximizin yazılması üçün qiymətli mənbə və kömək olub.

Amma bəllidir ki, sözün və mətbuatın azadlığı təkcə bu göstəricilərlə ölçülmür. Həqiqət odur ki, ötən illərdə azad söz üçün həyatını itirən, xarici ölkələri həyatı üçün vətəndən azad sayan, təqib olunan jurnalistlərimiz də az deyil. Hər il dövlətimiz KİV-in yaşaması, genişlənməsi üçün Dövlət Dəstəyi Fondunu çoxlu vəsait ayırır. Amma hələ də maddi dəstəksizlik ucbatından qəzetlər, dərgilər, informasiya saytları fəaliyyətlərini dayandırırlar. Bu səbəbdən də sosial mediaya meyllilik artır...

Bütün əsrlərin ən böyük yazıçı və azad düşüncəli insanlarından olan Lev Tolstoy deyir ki, azadlığa təzyiq göstərməklə ona meyli daha da gücləndirmiş oluruq. Volterin fikrincə, fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. Xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov isə bu yolda qənaətə gəlib ki, fikir azadlığı olmadan tərəqqi mümkünsüzdür.

Mən bu cümlələri yazarkən yenə elə bil içimdə bir senzura oturub və deyir ki, onu yaz, bunu yazma. Çünki mən, ilk növbədə, iqtisadi cəhətdən azad deyiləm. Mənim kimi KİV əməkdaşı o qədərdi ki... Hazırda millət vəkilinin, adi polis əməkdaşının, hakimin, prokurorun, icra hakimiyyəti nümayəndəsinin və başqalarının aylıq məvacibləri jurnalistlərinkindən qat-qat çoxdu. Elə düşünməyin ki, mən həmin insanların əmək haqqlarının daha yüksək olmasının tərəfdarı deyiləm.  Xeyr! Bunu günün reallığı, bazar və yaşam tərzi tələb edir. Amma jurnalistlər də bu vətənin, bu ölkənin inkişafı və sabahı üçün çalışırlar, axı. Onlar sabahımız üçün insan yetişdirir, ölkədə həyata keçirilən islahatları işıqlandırır, insanlarımızın azad fikirli, dünyagörüşlü olmaları üçün çalışır, müxtəlif formada günün salnaməsini yazırlar. Amma həqiqəti deyən, xalqı vətənin birliyi üçün səsləyən jurnalistlər bəzi məqamlarda qınanır, döyülür, çətin şəraitdə yaşayırlar. Təbii ki, hər bir sahədə olduğu kimi, jurnalistlər arasında da ələyri, reket, ağa qara deyən və aldığı məvacibə qane olmayanlar var. Neyləyək, yəqin ki, onların xeyi hissəsi bunu dolanışıq ucbatından edir. İstərdik ki, bu xoşagəlməz hallar olmasın... Lakin, necə deyərlər, dəniz dalğalandıqca içindəki çirkabı sahilə atır... Hər kəsə azad və təmiz, dalğalı dəniz ömrü arzulayıram.

Azad söz, millətimizin və milli mətbuatımızın inkişafı üçün ömürlərini şam kimi əritmiş Zərdabilərin, Mirzə Cəlillərin, Ömər Faiqlərin  ruhları şad olsun! Azad söz yolunda həyatlarını qurban vermiş qardaşlarımıza rəhmət diləyirik! Bu gün də milli-mənəvi birliyimiz, sözün və mətbuatın azadlığı naminə hər cür fədakarlıq göstərən həmkarlarımızı təbrik edirik!

Bayramınız mübarək, dostlar. Siz hər cür hörmətə və məhəbbətə layiqsiniz!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top