ALLAHVERDİ AYDIN

"Nevroz" bayramı...

"Nevroz" bayramı...

ALLAHVERDİ AYDIN

Hər il rəsmi, ya da qeyri-rəsmi olaraq onlarla bayram qeyd edirik və bunlardan biri də Novruz bayramıdır. Novruz bizdə olduğu kimi başqa məmləkətlərdə də təntənəli şəkildə qeyd olunur və hər kəs bu bayramı özününkiləşdirmək istəyir. Elə bu səbədəndir ki, uzun illərdir Novruzun mənşəyi, kökləri barədə aparılan mübahisələr səngimək bilmir. Bir çox xalqlar, o cümlədən də biz Novruzu milli bayramımız hesab edirik. Onu başqaları ilə paylaşmaq istəmirik. Bir-neçə il əvvəl yazdığım yazıların birində Novruzu atəşpərəstliklə əlaqələndirməyə cəhd etmişdim. O zaman həmin yazıma çox sərt münasibət göstərənlərin sayı heç də az olmadı. Fikirimə etiraz edənlər Novruzun atəşpərəstliklə heç bir əlaqəsinin olmadığın bildirirdilər. Hətta bəzi insanlar Novruzu atəşpərəstliklə əlaqələndirməyi özlərinə təhqir hesab etdilər...

Hazırda Novruz bayramının mənşəyi ilə bağı bir neçə geniş yayılmış fikir mövcuddur. Türklərin yaşadığı coğrafiyada Novruzu türklərin qaranlıq mağaradan işıqlığa çıxdığı gün kimi yad edirlər və buna "Ergənəkon" bayramı deyirlər. Dindarların bəziləri (daha çox şiələr) bunu Hz. Əlinin hakimiyyətə gəldiyi gün, bəziləri də yazın gəlişi kimi qeyd edirlər. Hər kəs də özünün haqlı olduğunu əsaslandırmağa çalışır. Əvvəlki yazımdan fərqli olaraq bu dəfə Novruzu atəşpərəstliklə əlaqələndirmək fikirim yoxdur. Əslində Novuruzu atəşpərəstliklə əlaqələndirmək üçün əlimdə əsaslandırılmış bir dəlilim də yoxdur. Həm əlimdə tutarlı dəlil olmadığı, həm də bayram qabağı kiminsə xətrinə dəymək istəmədiyim üçün bu dəfə Novruzu atəşpərəstliklə əlaqələndirməyəcəm. Kim Novruzu necə başa düşürsə, qoy, o cür də qeyd etsin. Çünki belə olanda Novruz daha gözəl və zərərsiz olur...

Sadəcə olaraq Novruzla bağlı bir məqama toxunmaq istəyirəm. Hesab edirəm ki, hazırda Novruzun Azərbaycanda, xüsusən də Bakı kimi böyük şəhərdə qeyd olunmasının heç bir mənası yoxdur. Bakıda yaşayanlar üçün Novruz bayramdan çox əzab-əziyyətdir. Novruzun şəhər əhli üçün yalnız bir müsbət tərəfi var: insanlar bu bayramın hesabına düz bir həftə istirahət etmək imkanı qazanırlar. Başqa heç nə...

Deyirlər Novruz bolluq, bərəkət rəmzidir. Ola bilsin kənd yerlərində bu belədir. Amma şəhərlərdə, xüsusilədə Bakıda Novruzun bu deyilənlərə heç bir aidiyyəti yoxdur. Şəxsən öz payıma deyirəm ki, mart ayı çox bərəkətsiz aydır. Başqa aylarda 10 günə xərclənən pul, mart ayında 2-3 günə yox olur. Novruz olsa-olsa yalnız bir qrup işbaz üçün "bərəkət bayramı" ola bilər. Əminəm ki, insanların böyük əksəriyyəti bazarlarda bayram tonqalı kimi alovlanıb yanan qiymətlərin əlindən Novruzun tez başa çatmasını arzulayır.

Mart ayı girər-girməz qalustuklu kişilərlə, ənlikli-kirşanlı xanımlar bir-birinə aman vermədən efirlərdən xalqa Novruz adət-ənənələri barədə dəyərli "məsləhətlər" verirlər. Novruz bayramında süfrəyə düzüləcək naz-nemətlərdən danışırlar. Sən demə süfrədə mütləq qoz ləpəsi olmalıdır. Guya bayram süfrəsinə qoz ləpəsi qoymayanlar adət-ənənələrimiza hörmətsizlik edirlər. Görəsən xalqa adət-ənənə nağılı danışanlar 1 kilo qoz ləpəsinin neçəyə satıldığından və insanların o puluq qazanmaq üçün nələrə qatlaşdıqlarından xəbərləri varmı...

Novruz sözü hər bir xalqın dilində müxtəlif cür tələffüz edilir. Məsələn, özbəklər "Navruz", qazaxlar "Naurız", qırğızlar "Nooruz", türklər "Nevruz" deyirlər. Ancaq bunların içərisində ən düzgün tələffüz kürdlərə məxsusdur - "Nevroz" bayramı...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top