ALLAHVERDİ AYDIN

Oxumaq, yoxsa başa düşmək...

Oxumaq, yoxsa başa düşmək...

ALLAHVERDİ AYDIN

İnsanın bəzi həqiqətləri başa düşməsi üçün çox yaşamasına, çox oxumasına ehtiyac yoxdur. Məsələn, “qırmızı işıq yandığı zaman yolu keçmək olmaz” həqiqətini öyrənmək üçün 4-5 il yaşaması və bu barədə özündən yaşca böyük insanların dedikləri kifayət edir. Amma bizi təəccübləndirməkdən yorulmayan bəzi insan tipləri bu cür sadə həqiqətləri başa düşməməkdə israr edirlər. İctimai yerdə yüksək səslə danışmağın, zibili küçəyə atmağın, yalan danışmağın, rüşvət almağın yalnış davranışlar olduğu həqiqətini başa düşmək üçün 70-80 il yaşamağa ehtiyac yoxdur axı… Cəmi 18-20 il yaşamq və üst-üstə 5-10 kitab oxumaqla bu həqiqətləri başa düşmək mümkündür. Bu cür sadə həqiqətləri başa düşməyən cəmiyyətlərdə insanların daha mürəkkəb həqiqətləri başa düşmələri imkansızdır. Sadə ictimai davranış qaydalarının nə olduğunu biməyən, başa düşməyən şagirdə birinci kosmik sürətin nə olduğunu başa salmağa cəhd etmək tamamilə mənasızdır. Əmin olun ki, tələbədən rüşvət alan riyaziyyat professorunun başındakı düsturların zibil yeşiyindəki tullantılardan heç bir fərqi yoxdur. Zibil yeşiyindəki tullantılar kimi onun başındakı düsturlarda heç bir işə yaramayacaq.

İstər sadə, istərsə də mürəkkəb həqiqətləri başa düşmək üçün öyrənmək lazımdır. Bəzən hər şeyi tərs başa düşdüyümüz kimi öyrənməyi də oxumaq kimi başa düşürük. Elə zənn edirik ki, çox oxuduğumuz zaman çox şey öyrənmiş oluruq. Halbuki öyrənmək oxuduqlarımızın içərisindən yalnız baş düşdüklərimizdən ibarətdir. Vasili Klyuçevski adlı rus tarixçisinin bu mövzuya aid maraqlı bir yanaşması var. Rus tarixçisi deyir ki, elmi çox vaxt biliklə qarışıq salırlar: “Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur”. Mənim burdan çıxartdığım nəticə, başa düşdüyüm həqiqət odur ki, çox oxumaq, bilikli olmaq insanın elmli olması, həqiqətləri başa düşməsi mənasına gəlmir. İnsan şüuru elmli olduğu zaman həqiqətləri başa düşə bilər.

Təxminən bir il əvvəl çox oxumuş, hər kəs tərəfindən bilikli olaraq tanınan bir şəxslə söhbət edirdik. Bəşəriyyətin inkişafını, tərəqqisini müzakirə edirdik. Həmsöhbətim türklərin, daha doğrusu Türkiyədə yaşayan türklərin bəşəriyyətin inkişafına verdiyi “töhfələrdən” danışırdı. Fikirləri ilə razılaşmadığımı bildirmək üçün Eynşteyni Türkiyəli elm adamları ilə müqayisə etdim. Və heç vaxt unutmayacağım cavabı aldım: “Eynşteyn atom bombasını kəşf etməkə bəşəriyyət üçün ən böyük pisliyi edib”. Təsəvvür edirsiniz, adam tonlarla kitab oxuyub, lakin Eynşteynin elmi nəzəriyyəsini “atom bombası” olaraq başa düşür.

Fikirimi daha asan izah edə bimək üçün “qırmızı işıq yandığı zaman yolu keçmək olmaz” həqiqətini bir daha xatırlatmaq istəyirəm. Bu sadə həqiqəti başa düşmək tamamilə şüurla bağlı məsələdir. Həqiqətləri yalnız şüurla, yaxud da Vasili Klyuçevskinin ifadə etdiyi kimi elmlə başa düşmək mümkündür. Elmə sahib olmadığı zaman insan şüurunun digər canlılardakı şüurla heç bir fərqi olmur. Hətta bir-çox hallarda digər canlılar insandan daha yüksək şüura sahib olur. Ağaclar sahib olduqları kiçicik bir şüurla “başa düşürlər” ki, yarpaqları günəşə, kökləri torpağa doğru uzatmaq lazımdır, lakin insanlar sahib olduqları “ali” şüurla “qırmızı işıq yandığı zaman yolu keçmək olmaz” həqiqətini başa düşmürlər. Ən yırtıcı heyvanlar belə öz həmcinslərini hücum etmədikləri halda, insanlar bir-birini acımasızca öldürə bilirlər.

Elm olmadığı zaman şüurumuz yalnız doğulmağımıza,yaşamağımıza və ölməyimizə yardım edə bilir. Bitkilərdə və heyvanlarda olduğu kim elmsiz şüurun bundan artığına gücü çatmır.

Çox oxumaqla insanın elmli olmasının, həqiqətləri başa düşməsinin eyni mənaya gəlmədiyinin ən böyük sübutu yaşadığımız cəmiyyətdir. Azərbaycan insanların oxuyub-yazma səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. ABŞ, İngiltərə, Almaniya kimi ölkələrdən də öndədir. Amma əldə olunan elmi nailiyyətlərə baxdığımız zaman dünyada son sıralarda yer alırıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top