ALLAHVERDİ AYDIN

Xanımlar oğru olanda...

Xanımlar oğru olanda...

ALLAHVERDİ AYDIN

Mətbuat necə olmaldır? Nələri tirajlamalı, nələri təbliğ etməlidir? Bu suallara birmənalı cavab vermək olmaz. Qida qəbulunda olduğu kimi informasiya qəbulunda da zövqlər fərqli ola bilər. Kiminə iqtisadiyyat xəbəri maraqlı gələ bilər, kiminə də mədəniyyət xəbəri. Ola bilsin kimsə əyləncəli verilişlərə baxmağı xəbərlər proqramına baxmaqdan daha üstün tutur. Hesab edirəm ki, bu məsələ müzakirəyə açıq olsa da, mübahisə mövzusu ola bilməz. Amma aydın olan bir məsələ var: mətbuat nə "istehsal" edirsə-etsin bunu oxucu üçün, tamaşaçı üçün etməlidir. Bu məsələdə nəinki mübahisə, heç müzakirə də etmək olmaz.

Bu o qədər açıq bir həqiqətdir ki, bunu yalnız dəlilər inkar edə bilər.

Amma çox təəssüf ki, Azərbaycan cəmiyyətində bu həqiqəti açıq şəkildə inkar edənlərin sayı sürətlə artır. Çap mediasının küncə sıxışdırılmasından sonra ortaya çıxan internet mediası "hər şey oxucu və tamaşaçı üçündür" prinsipini bir kənara atıb. Adlarını xəbər portalı qoyublar, hər yerdə özlərini mətbuat nümayəndəsi kimi təqdim edirlər. Amma görünən odur ki, bunlar üçün oxucu və tamaşaçı anlayışı yoxdur.

Çünki bunlar oxucudan asılı deyillər. Bunlar "sponsor"lar hesabına ayaqda qalırlar. Artıq bunların sayı elə bir həddə gəlib çatıb ki, bunlarla mübarizə aparmaq mümkünsüz olub. Bunların oxucuya qarşı ən böyük hörmətsizliyi isə etdikləri oğurluqdur. Bunlar öz oxucularına oğurluq xəbər təqdim edirlər. Bu, bir mağazanın başqa bir mağazadan oğurladığı məhsulu öz müştərisinə satmasına bənzəyir. Özlərinə "mətbuat orqanı" adlandıran həmin "mağazalar" tərəfindən hər gün yüzlərlə, minlərlə "məhsul" oğurlanır. Başqasının əməyi, zəhməti hesabına ortaya çıxan "məhsulu" elə rahatlıqla oğurlayıb mənimsəyirlər ki, sanki bu belə də olmalıymış. Üstəlik mənim "məhsulumu" oğurlama dediyin zaman sənin özünü borclu çıxarırlar. Bir həmkarımın dediyi kimi, adamı iş üstündə tutursan, deyir sən nə haqla məni izləyirsən.

Bu çox acınacaqlı bir vəziyyətdir. Acınacaqlı olduğu qədər də iyrənc vəziyyətdir. Xüsusən də bu oğrular xanım olanda vəziyyət daha iyrənc olur.

Əvvəllər hesab edirdim ki, bu cür oğrulara əhəmiyyət vermək zaman və enerji itkisidir. Susub etiraz etmirdim. Amma indi görürəm ki, susmağımız bu oğruların sayının artmasına xidmət edir. Biz susduqca onlar öz əməllərinə davam edirlər. Məsələnin ən dəhşətli tərəfi odur ki, bu oğrular cəmiyyətdə normal şəxs kimi qəbul olunur. Məclislərdə, tədbirlərdə başda əyləşirlər.

5 il əvvəl 2011-ci ildə “Oğurluğu özlərinə peşə seçənlər...” adlı bir yazı yazmışdım. Həmi yazıda ermənilərin oğru millət olmasından bəhs edirdim. Həmin yazım 3 il sonra "gundelik-baku.com" saytında bir xanımın imzası ilə yayımlanmışdı.

Oğurluqdan bəhs edən bir yazını oğurlaya bilmək üçün bir insan, xüsusən də bir xanım hansı dəyərlərə sahib olmalıdır görəsən? İndiyə kimi bu mövzuda dəfələrlə yazı yazsam da, kiminsə adını çəkməmişəm. Etirazlarımı ümumiləşdirmişəm. Hesab etmişəm ki, bu insanların da dostları, tanışları, ailəsi var. Amma dediyim kimi, bizim bu yanaşmamız oğruların sayının artmasına xidmət edir.

Ən son qarşılaşdığım hadisə isə "femida.az" adlı "mağazanın" bizim məhsulu oğurlaması ilə bağlıdır. Saytda sahibinin Vüsal Məmmədov olduğu bildirilir. Amma xəbəri oğurlayan çox təəssüf ki, yenə də xanım əməkdaş olub.

Başqasının əməyini, zəhmətini oğurlayan şəxslər, xüsusən də xanımlar haqqında sadəcə onu demək istəyirəm ki, sizlər (ünvanlıdır) o qədər iyrənc görünürsünüz ki, adınızı yazmaq belə adamda ikrah hissi doğurur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top