ALLAHVERDİ AYDIN

İrana güzəşt limiti tükənib

İrana güzəşt limiti tükənib

ALLAHVERDİ AYDIN

İsrailin Baş naziri Netanyahunun Azərbaycana səfəri İran mətbuatında birmənalı qarşılanmayıb. Son günlər Azərbaycan əleyhinə yazıların sayı artıb. Etiraz təkcə yazı səviyyəsində qalsaydı dərd yarı idi. Utanmağın nə olduğunu bilməyən bir qrup İran vətəndaşı İsrailin Baş naziri Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq mitinq təşkil edib. İranın ali dini rəhbərinin Ərdəbil bölgəsindəki nümayəndəsi ayətullah Həsən Ameli həmin mitinqdə çıxış edib və deyib ki, İsrail baş nazirinin səfəri Azərbaycan xalqı üçün rüsvayçılıqdır.

Belə görünür ki, İran Azərbaycanla münasibətlərdə özünü "sonuncu yola" qoyub. İran rejimi hesab edir ki, Azərbaycanla hansı dildə istəsə danışa bilər. Düzdür, İran rəsmiləri bəzən fərqinə varmadan bu cür açıqlamalar verirlər. Çünki iranlılar nəyi, necə və harda demək lazım olduğunu çoxdan unudublar. Mən buna görə onları qınamıram. Başa düşürəm ki, qapalı mühitdə yaşamaq onları bu vəziyyətə gətirib. İranda yüksək çinli məmurlardan tutmuş sıravi vətəndaşlara qədər hər kəsin danışığında ciddi qüsurlar var. Bir az kobud sələnsə də yazmağa məcburəm. Onların danışığında ibtidailik hiss olunur. Düzdür internetin İrana daxil olması bu ibtidailiyi bir qədər azaldıb. Amma bu sahədə İranda hələ də kifayət qədər çatışmazlıqlar var. Xarici ölkələrdə İrandan gələn turistləri digər insanlardan asanlıqla ayırmaq mümkündür. Hündürdən danışmaq, cümlələri çətinliklə ifadə etmək, danışarkən əl-qol hərəkətlərinə üstünlük vermək iranlılara xas olan əsas xüsusiyyətlərdəndir. Mənim uşaqlığım Araz çayının kənarında, İranla həmsərhəd torpaqlarda keçib. İranlı hesab etdiyimiz, sonradan qohum olduğumuzu öyrəndiyimiz azərbaycanlılarla bizi bir-birimizdən eni 40-50 metrə çatan Araz çayı ayırardı. Biz həmişə o tərəflərə baxardıq. Ancaq onlar bizim kimi edə bilmirdilər. Səhərdən axşama kimi Arazın kənarında toz-torpaq içində işləyən kəndlillər başlarını qaldırıb bu tərəflərə - şurəvi (SSRİ) dövlətinə baxa bilmirdilər. Bəzən dəcəl kənd uşaqları ilə birlikdə hündür bir yerə çıxab Arazın o tərəfindəki insanları səsləyərdik. Əmin idik ki, səsimiz onlara gedib çatır. Onlar bizi eşitsələr də cavab verməzdilər. Nəinki cavab vermək heç başlarını da qaldırıb baxmazdılar. Bu bizə pis təsir edərdi. Buna görə uşaqlardan lap dəcəlləri hirslənib söyüş də söyərdilər, hətta rus sərhədçilərin görmədiyindən əmin olduqları zaman daş da atardılar. Bizə tərəf baxmadıqlarının səbəbini başa düşmürdük. Onların niyə belə etdiklərini böyüklərdən soruşardıq. Deyirdilər ki, onların günahı yoxdur, sərbazların (İran əsgəri) qorxusundan baxa bilmirlər. Ancaq bu izahat biz qane etmirdi. Çünki özlərindən uzun tüfənglər gəzdirən sərbazların da bu tərəflərə baxmadığını bilirdik. 37 ildir İran özü-özünü dünyadan təcrid edib. 37 ildir bu ölkədəkilərin gözlərini bağlayıblar. Onların hərəkətləri, danışıqları, hətta gülmələri belə dünya üçün başa düşülməz olub. Xatırlayırsınızsa, İranın eks-prezidenti Mahmud Əhmədinecatın az qala bütün hərəkətləri internetdə "ən komik videolar" adı ilə yayımlanırdı.

Amma ayətullah Həsən Amelinin açıqlaması bir daha onu göstərir ki, İrana güzəşt etdikcə hədlərini aşırlar. Yaxın tariximizə nəzər saldığımızda görürük ki, bugünə qədər İran xüsusi xidmət orqanlar və onların açıq şəkildə dəstəklədikləri "Hizbullah" təşkilatı Azərbaycanda dəfələrlə terror hadisəsi və sui-qəsdlər həyata keçiriblər, yaxud da buna cəhd ediblər. Hər il İrandan ölkəmizə tonlarla narkotik maddə gətirilir və bunun arxasında İran rəsmilərinin dayandığı heç kimdə şübhə doğurmur. Bütün bunlar azmış kimi Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana açıq-aşkar dəstək verirlər. Kimin nə deməsindən asılı olmayaraq, mən belə hesab edirəm ki, İran Azərbaycana qarşı elan olunmamış müharibə aparır. Buna başqa ad vermək olmaz. Öz ölkəsində insanları qorxudaraq idarə edənlər elə hesab edirlər ki, başqa ölkə vətəndaşlarını da bu üsulla özlərinə tabe etdirə biləcəklər. Cənubi Azərbaycanda 30 milyondan artıq həmvətənimizin hüquqları tapdanlılır. Hər il İran rejimi yüzlərlə, minlərlə soydaşımızın ölümünə, həbs olunmasına, vətənindən didərgin düşməsinə səbəb olur. Bu məsələdə o qədər irəli gediblər ki, Cənubi Azərbaycandan qovduqları soydaşlarımızı Şimali Azərbaycanda da yaşamağa imkan vermirlər. Bütün üsullardan istifadə edərək onları buradan da didərgin salırlar. İran əleyhinə danışanları terrorla, sui-qəsdlə susdurmaq istəyirlər. Halbuki nə Azərbaycan, nə də azərbaycanlılar İrana qarşı eyni münasibəti sərgiləmir. Bizim əlimizdə daha geniş imkanlar olmasına baxmayaraq İranın "daxili işlərinə" qarışmırıq. Birmənalı şəkildə demək olar ki, Azərbaycan cənubdakı soydaşlarımızın milli-azadlıq hərəkatına rəsmi dəstək vermir. Azərbaycan hakimiyyəti İranla münasibətlərə xələl gəlməsin deyə Çöhrəqaninin Bakıda qalmasına bircə gün belə icazə vermədi. Biz güzəştə getdikcə İran rejimi hesab edir ki, biz onlardan qorxuruq. Təzyiqlərini hər keçən gün bir qədər də artırırlar. Ancaq məşhur məsəldə deyildiyi kimi, su meymunun boğazına çatanda balalarını da ayaqları altına alar. Artıq İrandakı mövcud siyasi rejimə "dur" deməyin vaxtı çatıb. İran orada yaşayan bütün xalqlarla birgə 37 ildir mövcud siyasi rejimin idarəsi altında əzilir. Bu illər ərzində özünü dünyadan təcrid edib. Zəngin yeraltı və yerüsü sərvətlərinə baxmayaraq hələ də iqtisadi sıxıntılardan xilas ola bilməyib. ABŞ-ı imperializmdə ittiham edir. Digər tərəfdən isə ABŞ-la eyni "status"da olan Rusiyanın müttəfiqi olur. Milliyətindən asılı olmayaraq İranda yaşayan bütün xalqalar bu rejimdən azad olmaq istəyir. 21-ci əsrdə insanları qadağalarla idarə etməyin mümkün olmayacağını İran rəhbərliyinə başa salmağın vaxtıdır. Ancaq bunu dinc yolla, qan tökmədən etmək lazımdır. Bütün keçmiş təcrübələr göstərir ki, silah gücünə, zor gücünə həyata keçirilən dəyişikliklər uğursuzluğa düçar olub. Azərbaycan İrandakı siyasi rejimin dəyişməsi üçün cənubdakı soydaşlarımızın təşkilatlanmasında aktiv rol oynamalıdır. ABŞ, Kanada və Avropaya səpələnən onminlərlə cənublu soydaşımızı Azərbaycana dəvət edilməliı və onlara həm maddi, həm də siyasi dəstək göstərilməlidir. Hesab edirəm ki, bu məsələdə İrana güzəşt etməyin limiti artıq tükənib. İran Azərbaycana qarşı bütün təzyiq vastələrindən istifadə edib. İranın bundan sonra etsə-etsə Azərbaycana qarşı müharibə edə bilər...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top