Fransada kütləvi iğtişaşlar davam edir: 2397 nəfər saxlanılıb


Xəbər verdiyimiz kimi, Fransanı cənginə alan son kütləvi iğtişaşlar ölkədə ciddi fəsadlar törətməkdə davam edir.
Yeniavaz.com
Fransa mətbuatına istinadla xəbər verir ki, ölkədə baş verən iğtişaşlar nəticəsində minlərlə insan saxlanılıb, yüzlərlə polis əməkdaşı xəsarət alıb, çoxsaylı mağaza və tarixi binalara ziyan dəyib.
AFP agentliyinin Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, ölkə üzrə ümumilikdə 2397 nəfər saxlanılıb.
Məlumata əsasən, təkcə Parisdə keçirilən nümayişlər zamanı 855 nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında yetkinlik yaşına çatmayan şəxslərin də olduğu bildirilir.
Parisdəki Respublika meydanında etirazçılarla polis arasında baş verən qarşıdurmalar zamanı gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edilib. Hadisələr zamanı bir aksiya iştirakçısının öldüyü bildirilir.
Rəsmi məlumatlara görə, iğtişaşlar nəticəsində 997 polis əməkdaşı, jandarm və yanğınsöndürən xəsarət alıb. Onlardan 7-nin vəziyyətinin ağır olduğu qeyd edilir. Həmçinin Sent-Etyen şəhərində səs qumbarasının partlaması nəticəsində 17 yaşlı yeniyetmənin sağ əlini itirdiyi qeyd edilib.
İğtişaşlar ölkənin iqtisadiyyatına və tarixi irsinə də ciddi ziyan vurub.
BFMTV və “France 24”telekanallarının məlumatına görə, Marsel, Lill, Nitsa və Paris də daxil olmaqla bir sıra şəhərlərdə “Apple” və “Carrefour” kimi şirkətlərin obyektləri də daxil olmaqla, təxminən 1 500 mağaza və ticarət obyekti talan edilib.
Ölkənin cənub-qərbində yerləşən Limoj şəhərində isə 143 illik bələdiyyə binasında yanğın baş verdiyi bildirilir. Yanğın nəticəsində binanın dam örtüyünün və tarixi zəng qülləsinin çökdüyü qeyd olunur.
“Politico” nəşrinin təhlillərinə görə, baş verən hadisələr Fransa Prezidenti Emmanuel Makronun siyasi mövqeyinə də təsir göstərib.
Makron böhranla bağlı nazirlərlə keçirdiyi təcili iclasdan sonra vandalizmə yol verən şəxslərin sərt şəkildə cəzalandırılacağını bəyan edib. O, şəhərlərə vurulan maddi ziyanın təqsirkar şəxslərdən alınacağını da bildirib.
Hazırda yeni toqquşmaların və dağıntıların qarşısını almaq üçün ölkə küçələrində xüsusi təyinatlı polislər keşik çəkir.

DİGƏR XƏBƏRLƏR

Top