
Fransada həftəsonu keçirilən etiraz aksiyaları və sonradan baş verən iğtişaşlar zamanı təxminən 1500 mağaza və pərakəndə satış müəssisəsinə ziyan dəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa Pərakəndə Satış və Ticarət Federasiyasının rəhbəri Aleksandr Bompard LCI telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, baş verən hadisələr nəticəsində dəyən zərərin məbləği bir neçə yüz milyon avroya çata bilər.
Aleksandr Bompard qeyd edib ki, itkilərin dəqiq həcmini müəyyənləşdirmək hələ tezdir. Bununla belə, dağıntıların miqyası ticarət müəssisələrinin ciddi maliyyə itkiləri ilə üzləşdiyini göstərir.
İğtişaşlar yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi etirazlar fonunda baş verib. Bir neçə şəhərdə nümayişlər polislə toqquşmalar, talanlar və mağazalara ziyan vurulması ilə müşayiət olunub.
Fransa hakimiyyəti zorakılıq hallarını pisləyib. Yerli rəsmilər baş verən hadisələrdən narahatlıqlarını ifadə edərək, gələcək toqquşmaların qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının hazırlıq vəziyyətinə diqqət çəkiblər.
Hazırda ölkədə iğtişaşların ticarət sektoruna, sığorta şirkətlərinə və ictimai təhlükəsizliyə təsiri də müzakirə olunur.
Tətbiqimizi yükləyə bilərsiniz