Qurana giriş qapısı – Fatihə surəsi


Fatihə surəsini oxumağa “Əuzu-bəsmələ” ilə, yəni “Əuzu billəhi minəş-şeytanir-racim” “Bimilləhir-rahmənir-rahim” deyərək başlayırıq. Bu sözlərin mənasının nə olduğu, bizə hansı həqiqətlərdən xəbər verdiyi ilə bağlı daha əvvəlki "Nə üçün Allaha sığınır, Ona pənah gətiririk?" və "Bismillah”ın mənasına səyahət" başlıqlı yazılardan baxmaq olar. Bu yazı isə Fatihə surəsinin ümumi məzmunu və bu surənin bizə nələrdən bəhs etdiyi ilə bağlı olacaq.
Dünyada gün ərzində insanların ən çox təkrarladığı sözün Fatihə surəsi olduğunu desək, burada nə mübaliğəyə yer vermiş, nə də yanılmış olarıq. Həqiqətən də dünyada gün ərzində heç bir atalar sözü, şeir, ya da mahnı Fatihə surəsi qədər oxunmur. Həftənin, ya da ilin ən məşhur mahnıları olur ki, bunlar vaxt ötdükcə unudulur, köhnəlir, ya da klassik mahnılara çevrilir. Fatihə surəsi isə milyardlarla müsəlman tərəfindən hər gün beş vaxt namazda ilk nazil olduğu gündən bu yana oxunmağa davam edir.
Altmış yaşındakı bir müsəlman ömür boyu Fatihə surəsini bir milyondan daha çox oxumuş olur. Ancaq bununla kifayətlənmir, arxada qalan övladlarına özü üçün Fatihə göndərmələrini vəsiyyət edir. Varisləri də qəbir daşına “Ruhuna Fatihə” yazdıraraq gəlib keçənlərdən mərhum üçün Fatihə istəyirlər.
İslam alimləri qeyd edirlər ki, qəbir daşı ilə Fatihə istənməməli, əksinə həyatda ikən Fatihə oxudacaq gözəl işlərin sahibi olmalıyıq. Bir insan qəbirdaşına yazaraq Fatihə gözləməkdənsə, “sədəqeyi-cariyə” adı verilən cəmiyyətə fayda verən işlərə imza atmaqla, ağzı dualı övlad, nəsil yetişdirməklə, ya da insanlara fayda verən elmi nailiyyətlər ortaya qoymaqla arxasınca Fatihələr oxutdura bilər.
“Fatihə” sözü bir mövzunu, bir kitabı ya da başqa bir şeyi açmaq mənasına gəlir. Digər bir ifadə ilə “Fatihə” bir növ önsözdür. Bu surə həm də Cənab Allahın (c.c) kitabını oxumaq istəyənlərə öyrətdiyi bir duadır. Oxucuya bu mesajı vermək üçün Quranın əvvəlinə yerləşdirilmişdir: “Əgər səmimi olaraq Qurandan istifadə etmək istəyirsənsə, aləmlərin Rəbbinə (c.c) bu şəkildə dua etməlisən”.
Mövzusuna nəzər yetirəndə anlamaq olar ki, Fatihə ilə Quran arasındakı əlaqə bir giriş və kitab əlaqəsi deyil, bir dua və ona verilən cavab mahiyyətindəki bir əlaqədir. Fatihə bəndənin Cənab Allaha (c.c) duası, Quran isə Uca Yaradanın (c.c) bəndəsinə verdiyi cavabdır. Bir bəndə ona doğru yolu göstərməsi üçün Allaha (c.c) yalvarır. Allah (c.c) da həmin duaya cavab olaraq bütün Quranı onun önünə qoyaraq sanki belə deyir: “Məndən dilədiyin hidayət və doğru yol budur!”.
Hər hansı istək və arzumuzu dərhal və heç bir giriş etmədən ortaya qoymaq doğru olmaz. Duaya başlamanın ədəb qaydası və ən yaxşı yolu, duada yönəldiyimiz zatın uca mövqeyini, verdiyi sonsuz nemətlərini və üstünlüklərini sıralamaqdır. Bu səbəblə dua mahiyyəti daşıyan Fatihə surəsinə Allaha həmd etməklə başlayır və belə deyirik: “Həmd (şükür və tərif) Allaha – aləmlərin Rəbbinə olsun” (Fatihə, 1/2).
Rəhman olan Allah (c.c) bioloji baxımdan mömin bəndəsinə nə veribsə, kafir bəndələrindən də o nemətlərini əsirgəməyib. Əllərimiz, ayaqlarımız, ümumiyyətlə bütün maddi varlığımız mömin-kafir ayırımı olmadan eynidir. Cənab Allahın (c.c) yaratdığı təbiətdən, havadan, sudan, digər nemətlərdən Ona (c.c) iman edən möminlərlə yanaşı iman etməyənlər də eyni ölçüdə istifadə edirlər. Cənab Allah (c.c) “Rəhman” isminin təzahürü olaraq dünyada mömin və kafir ayrı-seçkiliyi etmədən nemət verir, axirətdə isə “Rəhim” isminin təzahürü olaraq möminlə kafir arasında ayırım edir. Bu səbəblə Cənab Allah (c.c) özünü bizə tanıdıb vəsf edərkən: “(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olan” (Fatihə 1/3) buyurmuşdur.
Bu ayədən həmən sonra Cənab Allahın (c.c) “Haqq-hesab (qiyamət) gününün sahibi” (Fatihə, 1/4) olduğunun vurğulanması mərhəmətli (Rəhman) olma xüsusiyyətinin insanları qəflətə salmaması gərəkdiyini bildirmək üçündür. Dünyada hər kəsə mərhəmətli (Rəhman) olmaq, Onun (c.c) qiyamət günündə bütün insanları toplayacağı, hər kəsdən haqq-hesab soruşacağı həqiqətini unutdurmamalıdır. Bir müsəlman Allahın sadəcə mərhəmətli (Rəhman) deyil, eyni zamanda Adil olduğunu da bilməlidir.
Fatihə surəsindəki növbəti ayədə: “Sənə ibadət edirəm və yalnız Səndən kömək diləyirəm” deyil, birinci şəxsin cəm halında, yəni: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə, 1/5) buyurulması İslam alimlərinin diqqətini çəkmiş və bu haqda bəzi izah və şərhlər vermişlər. Namazı camaat halında əda etmək tək qılınan namaza görə daha üstün və daha fəzilətli olduğuna görə Fatihə surəsində “nəstəin” (yalnız səndən istəyirik) və “nəbudu” (yalnız sənə ibadət edirik) buyurulmuşdur. Hədislərdə də buyurulduğu üzrə ən fəzilətli namaz camaat halında qılınan namazdır.
Fatihə surəsində Cənab Allahdan (c.c): “Bizi doğru (düz) yola yönəlt”məsini (Fatihə, 1/6) istəyirik. Bu doğru yol peyğəmbərlərin yoludur. Əgər sadəcə doğru yolu istəmiş olsaydıq, sual ortaya çıxır ki, hansı doğru yol? Çünki dünyada insanların sayı qədər “doğru yol” var. Dünyada çox sayda yollar, adət-ənənələr var ki, hamısı da özünü doğru hesab edir. Öldükdən sonra anasının ətini yeyən yamyam bunu belə izah edir: “Anam məni böyüdüb bəsləyib, mənə baxıb, özü yeməmiş, geyinməmiş, məni yedirmiş və geyindirmişdir. Necə ola bilər ki, mən onu torpağa atım? Buna görə də onu yeyərək öz qanımda daşıyıram”. Ya da hindu bir şəxs: “Vəfat etmiş anamı torpağa basdıracaq qədər zalım deyiləm. Əvvəla onu öz əllərimlə atəşdə yandırar, sonra da küllərini Qanq çayına tökərəm”. Yenə dünyanın digər bir yerində: “Ölüləri torpaqda basdıra bilmərik. İnsan cəsədlərini şəhərin isinməsində istifadə edirik” deyirlər. “Dünya Sevgi Birliyi”nin rəhbəri də belə deyir: “Təbiətin mənə bəxş etdiyi gözəl qadını sadəcə özüm üçün saxlamaq eqoistlik olardı. Hər kəs ondan faydalanmalıdır”. Bu və ya digər belə düşüncə və fikirləri məntiqi əsaslarla izah etməyə, əsaslandırmağa çalışa bilərlər. Bütün bunlar göz önünə alınanda anlayırıq ki, ayədə kimlərinsə müəyyən etdiyi yola deyil: “Ey Rəbbim! Sənin peyğəmbərlərə verdiyin yola bizi yönəlt” deyirik.
“Doğru yol” (Sirati-mustəqim) iki nöqtə arasındakı ən qısa xətt deməkdir. İslama görə “doğru yol” (Sirati-mustəqim) dünya nöqtəsindən cənnət nöqtəsinə gediləcək ən qısa yolun adıdır. Fatihə surəsində: “Bizi doğru (düz) yola yönəlt” (Fatihə, 1/6) deyərkən məhz bunu istəyirik.
Fatihə surəsi bizə həm də irşad və təbliğ metodunun necə olduğunu göstərir. Biz tağutdan (yoldan çıxarıcı ünsürlər) əvvəl Allahı (c.c), küfrdən əvvəl İslamı yaxşı tanımalı və tanıtmalıyıq. Cənab Allah Fatihə surəsinin ilk altı ayəsində rizasına gedən yolu bizə tanıdır. Daha sonra isə bu yoldan sapanlardan olmamağımız barədə bizi xəbərdar edir: “(Bizi) Nemət verdiyin kəslərin yoluna (yönəlt)! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə, 1/7).
Düzdür hər bir haqq yoldan sapmanı araşdırmaqda, onlardan agah olmaqda fayda var. Əslində klassik təfsir əsərlərində qeyd edildiyi üzrə, yalnız yəhudi və xristian din mənsublarının deyil, digər din və millətlərin də doğru yoldan sapma səbəblərini bilmək olduqca mühüm məsələdir. Çünki əgər sən bunu bilməsən, eyni, ya da ona bənzər bir yerdən (Allah qorusun) sənin də sapma ehtimalın var. Belə bir doğru yoldan uzaqlaşma, haqq yoldan sapma ehtimalı müsəlmanlar üçün ehtimal xaricində olsaydı, Quran ayəsində bu duaya yer verilməzdi.
Yazını bir xatirə ilə bitirmək istəyirəm... Praqada olduğum zaman şəhərdəki məscidlərdən birində camaat halında yatsı namazı qılmışdıq. Namazı qıldıran imamın oxuduğu Fatihə surəsindəki “Bizi doğru (düz) yola yönəlt!... Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” ayəsi sanki orada başqa mənaları da çağırışdırırdı. Deyə bilmərəm, bəlkə də fərqli məkanların insana yaşatdığı fərqli duyğular da var. Məsciddən ayrılarkən elə yol boyu bu haqda düşündüm… Bu gün insanların yaşamaq arzusunda olduğu, məmləkəti daha gözəl, şəhərləri təbiət dostu, insanları daha firavan yerlər müsəlmanların məmləkəti deyil, İslamla hələ tanış olmamış şəhərlər və ölkələrdir. Burada problem, haşa Fatihədə deyil, biz müsəlmanlardadır. Biz müsəlmanlar ipin ucunu nə vaxt və harda itirmişiksə, düyməni harda yalnış ilgəyə keçirmişiksə, gərək onu tapaq... Əks halda sadəcə dilimizin söylədiyi: “Bizi doğru (düz) yola yönəlt!” ayəsi dada yetişməyəcək.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top