DTX-nin arxivində saxlanılan sertifikatlar partizanların vərəsələrinə verildi


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində İkinci Dünya müharibəsi zamanı Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların vərəsələrinə DTX-nin arxiv fondlarında saxlanılan həmin sertifikatlar (şəhadətnamələr) təqdim olunub.

Yeniavaz.com xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli qəhrəmanlar, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi, DTX-nin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, İkinci Dünya müharibəsinin veteranları, azərbaycanlı partizanların övladları, “ASAN Könüllüləri” Təşkilatının üzvləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri, Akademiyanın müəllim və kursantları iştirak ediblər.

DTX-nin arxiv-uçot idarəsinin rəisi Ceyhun İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib: "Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Polşa, Çexoslovakiya, Yuqoslaviya, Fransa, İtaliya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb".

Xüsusi vurğulanıb ki, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizə aparmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə ilə bağlı arxivlərdə saxlanılan materialları dahi rəhbər Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə araşdırıb. Məhz Ulu Öndərin gərgin səyi və əməyi, qətiyyəti sayəsində toplanmış sənədlər keçmiş SSRİ-nin ali rəhbərliyinə təqdim edildikdən sonra Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi şücaət və qəhrəmanlıqlar nəzərə alınaraq, 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, onun haqqında bədii film çəkilib və əsərlər yazılıb. Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə isə Bakıda Mehdi Hüseynzadənin möhtəşəm abidəsi ucaldılıb.

Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların övladlarına DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar təqdim olunub. Sertifikatları general-polkovnik Mədət Quliyev, akademik Nailə Vəlixanlı, səfir Orelia Buşez və konsul Anna Mariya Biançi azərbaycanlı partizanlar - Allahqulu Quliyevin, İbrahim İbrahimovun, Əbdürəhman Novruzovun, Feyzulla İsmayılovun, Bayandur Hacıyevin və Famil Məmmədovun övladlarına təqdim ediblər.


DİGƏR XƏBƏRLƏR

Top