Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi


Moskvada azərbaycanlılarla çeçenlər arasında yaşanmış insident Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafını yavaşlatmaq istəyənlərin təxribatıdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə report-a Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib.

"Çeçenistan Respublikasının tərkibinə daxil olduğu Rusiya Federasiyası üçün Azərbaycanla əlaqələr strateji xarakter daşıyır və ölkələrimiz arasındakı dostluq əlaqələri ildən-ilə möhkəmlənir", - D.Savelyev deyib.

O, 2018-ci ilin bütün göstəricilər üzrə - iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə rekord il olduğunu xatırladıb: "Yalnız onu söyləmək kifayətdir ki, ötən il müzakirəsi 25 il davam edən Xəzər dənizinin statusu nəhayət müəyyənləşdirildi. Dövlət başçılarımız tərəfindən müəyyənləşdirilmiş münasibətlərin inkişafının üfüqi səviyyədə, insan münasibətləri səviyyəsində dəstəklənməsi də az əhəmiyyət daşımır. Rusiya və Azərbaycan arasında çoxəsrlik qardaşlıq əlaqələri məhz regionların hesabına artır. Azərbaycan və Çeçenistan arasındakı çoxsəviyyəli əlaqələr isə iqtisadi sahədə birgə Rusiya-Azərbaycan layihələrinin inkişaf baxımından perspektivli istiqamətlərdən biridir".

"Şübhəsiz ki, ölkələrimizin mövqelərinin bu cür güclənməsi üçüncü qüvvələrin narazılığına səbəb olur. Məhz onların təsir gücü sayəsində bu insidentə mediada belə yanaşma formalaşdı. Şübhəsiz ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılacaq. Hökumətlərarası strukturlar isə hadisənin mətbuatda belə şəkildə işıqlandırılmasının haradan qaynaqlandığını müəyyənləşdirməlidir", - Dövlət Dumasının deputatı deyib.

DİGƏR XƏBƏRLƏR

Top