Venesuela ilə qızıl ticarətinə görə Türkiyəyə xəbərdarlıq edilib


Türkiyə rəsmiləri Birləşmiş Ştatlardan olan həmkarlarına bildiriblər ki, Ankaranın xarici ticarəti beynəlxalq qanun və qaydalar çərçivəsindədir. 

Reuters agentliyi yazır ki, bundan əvvəl Vaşinqton rəsmiləri Türkiyə ilə Venesuela arasında ticarəti monitorinq etdiklərini bildirmişdilər. ABŞ-ın vəzifəli rəsmilərindən biri yanvarın 31-də demişdi ki, NATO müttəfiqi Türkiyənin Venesuela ilə ticarəti Vaşinqtonun sanksiyalarını pozduğu təqdirdə Birləşmiş Ştatlar Ankaraya qarşı tədbir görə bilər.

Bu məsələ Türkiyə və ABŞ maliyyə nazirliklərinin danışıqlarında da müzakirə olunub. 
BBC yazır ki, Venesueladan Türkiyəyə ixrac edilən qızılın buradan da İrana ötürülməsinə dair bəzi şübhələr mövcuddur. Bu isə ABŞ sanksiyalarının pozulmasına bərabərdir.

Qərblə Venesuela arasında yaranmış qarşıdurmada Türkiyə prezidenti Recep Tayyip Erdoğan Venesuelanın hakimiyyətini qoruyub saxlamağa çalışan prezidenti Nicolas Maduronu birmənalı dəstəklədiyini bildirib.

Xəbər verilir ki, Venesuela ilə Türkiyə arasında qızıl ticarəti sürətlə artmaqdadır. Ötən il Venesuela Türkiyəyə dəyəri 900 milyon dollar olan qiymətli metallar ixrac edib. Bu qızıl Türkiyədə emal edildikdən sonra Venesuelaya qaytarılmalıdır. Buna baxmayaraq qızılın təkrar ixrac olunmasına dair sənədlər yoxdur.

Venesuela ilə belə qızıl emalı sxeminə daxil ölkələrin sırasında Rusiya və Birləşmiş Ərəb Əmirlikləri də var. Son günlərdə Rusiya və Türkiyənin ağır nəqliyyat təyyarələri Karakas hava limanında tez-tez görünür. (azadliq.org)

DİGƏR XƏBƏRLƏR

Top