Qarabağ Komitəsi Gürcüstan səfirindən görüş istədi - Avakyanın abidəsinə görə


Qarabağ Komitəsi Gürcüstanda Xocalı qatilinə abidə qoyulması ilə bağlı qonşu ölkənin səfiri Zurab Patadzeyə məktub yazaraq görüşmək istədiyini bildirib.

QAT-dan verilən məlumata görə, məktubda deyilir: “Biz Qarabağ Komitəsinin təmsilçiləri olaraq təmsil etdiyiniz dost və qonşu ölkədə Xocalı qatili, hərbi cani Mixeil Avakyana abidə qoyulmasını qətiyyətlə pisləyir və bu hərəkətin yolverilməz olduğunu nəzərinizə çatdırırıq. M.Avakyan işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsində fəal iştirak edib, xüsusilə də Azərbaycanın Xocalı şəhərinin dağıdılması, dinc əhalinin, o cümlədən, qocaların, qadınların, uşaqların qətlə yetirilməsində iştirak edib. Belə bir caniyə abidə qoyulması təkcə Azərbaycana deyil, bütün insanlığa qarşı hörmətsizlikdir”. QAT xatırladıb ki, Azərbaycanla Gürcüstan arasında möhkəm və səmimi dostluq əlaqələri mövcuddur: “Erməni canisinə abidə qoyulması iki dost ölkə arasında münasibətlərə xələl gətirir. Dünyada mövcud olan hüquq və etik normalara görə də, qatil, hərbi cani, terrorçulara abidə qoyulması yolverilməz hesab olunur”.

Məktubda bildirilib ki, Gürcüstan hökumətinin bu anlaşılmaz hərəkətə şərait yaratması haqlı suallar doğurur: “Gürcüstan rəhbərliyi Azərbaycan xalqının bu hərəkəti hörmətsizlik kimi dəyərləndirəcəyinin fərqində deyilmi?! Bu hərəkətin Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir edəcəyini düşünmürmü? Bu hərəkətin Gürcüstanda yaşayan azərbaycanlıların heysiyyatına toxunacağını başa düşmürmü? Bu hərəkətin 10 minlərlə azərbaycanlı şəhidin ruhlarına təhqir olduğunu anlamırmı? Bu hərəkətin terrorçunun, hərbi caninin, uşaq-qadın qatilinin dəstəklənməsi anlamına gəldiyini bilmirmi? Bu və digər suallara aydınlıq gətirilməsi, həmçinin mövqeyimizin Gürcüstan rəhbərliyinə çatdırılmasında vasitəçi olmağınız üçün Qarabağ Komitəsinin bir qrup üzvünü qəbul etmənizi xahiş edirik”.(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top