"Deyirlər guya Babək prospektində piyada keçidi yoxdur..." - Anar Nəcəflidən açıqlama


Paytaxtın bu yaxınlarda təmirdən çıxan Babək prospektində piyada keçidlərinin olmaması ilə bağlı mətbuatda məlumat yayılıb. Müzakirələrə səbəb olan bu mövzudakı ilk xəbəri avtosfer.az saytı yayıb. 
Dünən Yeniavaz.com saytına açıqlama verən deputat Fəzail Ağamalı isə bunun mühəndis səhvi olduğunu bildirmişdi.
“Bizdə ümumiyyətlə, bütövlükdə mühəndis işində problem var və bu əzabı "Azəravtoyol" da çəkməkdədir",-deyə deputat qeyd etmişdi.

Yeniavaz.com saytına açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə məsələyə belə münasibət bildirib:
“Deyirlər orda piyada keçidi yoxdur, amma Babək prospektində 3 yerdə yeraltı piyada keçidi var. Üstəlik, 4-5 yerdə isə işıqforla idarə olunan keçid var. Əgər söhbət orda əlavə hər hansı piyada keçidi zolağının salınmasından gedirsə, bununla bağlı hələlik bir yenilik yoxdur. Yazırlar ki, piyada keçidi yoxdur, piyada zolağı yoxdur, amma əslində var. Bəzi yerlərdə zolaq olaraq yola çəkilməyib, amma orda işıqforlar var, maşınlar gəlib yolun hər iki tərəfində dayanırlar və vətəndaşlarda yoldan keçirlər”.
“Əgər əlavə olaraq piyada keçidlərinə ehtiyac varsa, təbii ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol hərəkətinin təhlükəsizliyi və təşkili ilə məşğul olan qurum deyil. Aidiyyəti qurumlar araşdırma aparıb, orda əlavə piyada keçidlərinin çəkilməsinə ehtiyac olduğunu bildirsə və bu Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən təsdiqlənsə, təbii ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi icraçı olaraq bunu yerinə yetirməyə hazırdır”.
Nicat

DİGƏR XƏBƏRLƏR

Top