Arif Alışanovun AzTV-yə buraxmadığı müğənni: "Nazirliyə məktub da yazdım, xeyri olmadı"


Prezident İlham Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun vəzifəsindən azad edilməsi haqqında sərəncamından sonra AzTV-nin efirinə buraxılmayan müğənnilər bu mövzuda son günlər münasibət bildirməyə başlayıblar.
Arif Alışanovun efir qadağası qoyduğu müğənnilərdən biri də tanınmış ifaçı Aslan Hüseynov idi.
Yeniavaz.com saytına açıqlama verən Aslan Hüseynov yeni sədr təyinatından sonra AzTV-yə dəvət alacağına inandığını bildirib: "Yeni sədr televiziya işçisidir və mən onu qiyabi tanıyırdım. "Lider" telekanalında şöbə müdiri idi, çox gözəl insandır. Müxtəlif insanlardan onun haqqında xoş sözlər eşitmişəm. Mənə belə gəlir ki, AzTV-də belə səhvlər bir daha təkrarlamayacaq. Ümumiyyətlə, tək AzTV-də yox, digər kanallarda da. Deyək ki, məni qoyduq bir kənara. Əgər dövlət başçısı bir sənətçiyə Xalq artisti, "Şərəf" ordeni, Əməkdar artist adı verirsə, onu şəxsi fikri ilə yaşayan hansısa bir sədr kanala buraxmırsa, bu, nə qədər düzgündür? Bu, hətta mənə belə gəlir dövlətə qarşı bir addımdır. Deyir "mən istəmirəm filan Xalq artistlərini, öz istədiklərimi buraxacam efirə". Mən neçə ildir Azərbaycana gəlmişəm və bütün dövlət tədbirlərində - sərhəddən tutmuş, paytaxtdakı bir çox tədbirlərə qədər iştirak etmişəm, Daxili İşlər Nazirliyinin solisti olmuşam, yəni mənim nə problemim var ki, dövlət kanalına çıxmayım? Mən əminəm ki, bu yaxınlarda AzTV-nin efirinə dəvət alacağam".
Aslan Hüseynov deyib ki, AzTV-nin efirinə buraxılmaması ilə bağlı vaxtilə bir çox dövlət orqanlarına məktubla müraciət edib: "Alışanov vəzifədən gedən son günə qədər mənə AzTV qadağası davam etdi. Mədəniyyət Nazirliyinə, digər dövlət qurumlarına məktub da yazmışdım. Düzdür, bütün məktublarıma reaksiya verdilər, çağırdılar, amma müsbət nəticə olmadı. ATV var, ARB var, "Space" var, "Lider" kanalı var, DTV var, “Muz TV Azərbaycan” var - bunlar sağ olsunlar, orda çıxış edirəm və mənə kifayət edir. Ümid edirəm ki, yenidən AzTV-nin verilişlərinə də dəvət alacağam".
"AzTV-nin efirinə buraxılmamağınızın səbəbi nə ola bilərdi?" sualımıza Aslan Hüseynovun cavabı belə olub: "Mənimlə başqa problem olmuşdu, bir az yekə-yekə danışdı və cavabını verdim, ona görə. Alışanov kimdir ki, əsas odur Allahın qadağasına düşməyək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top