Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq - Nazirlik


"Prezident İlham Əliyev yanvarın 15-də “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərman son illər dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə dövlət idarəçiliyində aparılan genişmiqyaslı struktur islahatlarının, bütün sahələr üzrə optimal, çevik və səmərəli idarəetmənin təmin edilməsi istiqamətində həyata keçirilən siyasətin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir".

Yeniavaz.com xəbər verir ki, bunu "Report"a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib. 

Onun sözlərinə görə, dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq, mədəniyyət sahəsində səmərəli idarəetmə sisteminin formalaşdırması məqsədilə bu sahədə də bir sıra vacib qərarlar qəbul edilib. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq 2017-ci ildən Nazirliyin Bakı şəhəri üzrə Baş idarəsi və 15 regional idarəsi fəaliyyətə başlayıb, ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

"Bu qərarlar ölkəmizdə mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, büdcə vəsaitlərinin qənaətlə və daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır. Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli fərmanı dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi davamıdır. Fərmanda beynəlxalq təcrübə, informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, nazirliyin tabeliyindəki musiqi məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məsələlər əksini tapıb. Bu məsələlərin həlli ilə bağlı fərmanla yaradılan Komissiyaya, o cümlədən Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilib. Mədəniyyət Nazirliyi tərəfindən fərmandan irəli gələn məsələlərin həlli, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bütün zəruri tədbirlər görüləcək", - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top