ABŞ-ın “terrora qarşı müharibəsi” nəticəsində yarım milyon insan ölüb

 
ABŞ-ın İraq, Əfqanıstan və Pakistanda apardığı müharibələrdə ölənlərin sayı yarım milyona çatıb. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Braun Universitetinin yaydığı hesabatda deyilir.
 
Hesabata əsasən, ABŞ-ın “Əl-Qaidə” tərəfindən hücuma məruz qaldığı 11 sentyabr 2001-ci il tarixindən bəri dünyanın müxtəlif nöqtələrində “terrora qarşı müharibə” adı altında girdiyi silahlı toqquşmalarda 480-507 min insan ölüb.
 
Bildirilir ki, sentyabrın 11-dən etibarən həyatını itirən ən azı 480 min nəfərdən 260 mindən çoxu mülki vətəndaşdır. Statistikalara əsasən, İraqda təqribən 200 min, Əfqanıstanda 38 min, Pakistanda isə 23 mindən çox dinc sakin ABŞ-ın apardığı müharibələrdə həlak olublar.
 
Bu müharibələr, həmçinin 10 milyondan çox insanın evlərini tərk etməyə məcbur edib. ABŞ-ın bu müharibələrə 5,6 trilyon dollardan çox vəsait xərclədiyi güman edilir. Silahlı toqquşmalarda 7 mindən çox amerikalı əsgərin həlak olduğu vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Top