Bağçalar yenidən Təhsil Nazirliyinə qaytarılacaq? - AÇIQLAMA


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova uşaq bağçalarına nəzarətin icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilməsini təklif edib. Ombudusman bu təkliflə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasda çıxışı edib.
E. Süleymanova bildirib ki, uşaq bağçalarına nəzarət yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır. Təklifi müsbət dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu söyləyib ki, ombudusmanın bu təklifini dəstəkləyir: "Bir neçə il öncə, bu sahədə yanlış addım atıldı. Pedaqoji və tərbiyə sahəsi Təhsil Nazirliyindən (TN)alınaraq yerli icra hakimiyyətlərinə verildi. Nəticə isə göz qabağındadır. İcra hakimiyyəti bu işin öhdəsindən gələ bilmədi. 
Uşaq bağçaları TN-nin öhdəliyində olan müddətdə bir sıra dəyişikliklər etdilər. Və sonda yeni qərar verib, bağçalardakı problemləri aradan qaldırmaq məqsədi ilə onu icra hakimiyyətinə verdilər. Bununla yanaşı bir sıra dövlət bağçalarını ucuz qiymətə fəaliyyət göstərəcəyi adı ilə özəlləşdirdilər. Dövlət bağçalarında korrupsiya halı baş alıb gedir. 
Vaxtilə təhsil eksperti olaraq bu addımı tənqid etdim və bunun düzgün olmadığını dilə gətirdim. Artıq müəyyən vaxtdan sonra bütün qurumlar anladı ki, həqiqətən də uşaq bağçalarının icra hakimiyyətlərinə verilməsi lazımsız və yanlış qərardır. 
Əslinə bağçalarla bağlı bu qərararın verilməsi Misir Mərdanova qarşı aparılan kampaniyanın nəticəsi idi. Amma indi görürlər ki, bu kampaniya xalqa daha çox ziyan vurur. Hazırda bu sahədə yenidən dəyişikliklər edilməsi təklif olunur. Güman edirəm ki, yaxın vaxtlarda bağçalar yenidən Təhsil Nazirliyinə qaytarılacaq. Çünki pedaqoji və tərbiyə sahələri bu qurumun işidir".
("Şərq" qəzeti)

DİGƏR XƏBƏRLƏR

Top