Lənkəranda Çay, Çəltik və Sitrus Festivalı başlayıb


Lənkəran şəhərində II Çay, Çəltik və Sitrus festivalı başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda dövlət və hökumət, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.

Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkdakı örtülü pavilyonlarda və vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub.

Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif kabablar təqdim edilir.

Tədbirdə bədii özfəaliyyət kollektivlərinin rəngarəng musiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.

Festival axşam saatlarında Lənkəran Şəhər Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatacaq.(report)

DİGƏR XƏBƏRLƏR

Top