Rəşid Mahmudov bu dəfə Hadı Rəcəbliyə cavab vermək istəmədi - SƏBƏB


Azərbaycanın tanınmış həkimi, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun səhhətində yaranmış problem tədricən aradan qalxır.
Bu barədə Yeniavaz.com saytına açıqlamasında R. Mahmudov özü məlumat verib.

Xatırladaq ki, vəziyyəti ağır olduğundan Rəşid Mahmudov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiyasına yerləşdirilmişdi. Öd kisəsindən əməliyyat edilən Rəşid müəllimin müalicəsi hazırda ev şəraitində davam edir.
Rəşid Mahmudov: "Oğul, ölmüşdüm, o dünyadan qayıtdım. İndi babatam",-deyib.
"Həmişə hər kəsə istər sağlamlıq, istərsə ağsaqqal kimi məsələhətlər verən Rəşid müəllim səhhətinin ağırlaşmasına niyə bu qədər biganə yanaşıb?" sualımıza onun cavabı belə oldu: "Problem birdən, qəfildən oldu. Heç kəsdə olan xəstəlik deyil, 2 orqan birdən-birə xəstələndi. Birinin təqsiri ucbatından. Pankreatit (mədəaltı vəzi iltihabı-red) idi. Pankreatitdən 100 adamdan 3-ü salamat çıxır. Sağalmağıma inanmırdım. Sağ olsun həkimlərimiz, böyük inad göstərdilər".
Həkimlər icazə verəcəyi təqdirdə R. Mahmudov yaxın günlərdə işə çıxmaq istəyir: "1-ci gün işə çıxmaq istəyirəm, görək həkim icazə verirmi?".
Rəşid Mahmudovdan gündəmdə olan mövzulara münasibət bildirib-bildirmədiyini də soruşduq.
"Nə mövzudur, məsələ nədir?", dedikdən sonra bildirdik ki, hazırda cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri uşaq pullarının bərpası ilə bağlı 100 gənc ailənin Milli Məclisə müraciətidir. Həmin gənc ailə başçıları 18 yaşadək uşaq pulu verilməsi xahişi ilə Milli Məclisə müraciət ünvanlayıblar. Ancaq Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında deputat Hadı Rəcəbli təklifində 3 yaşına qədər uşaqlara müavinət verilməsini istəyib. Bu isə birmənalı qarşılanmayıb. Hadı Rəcəblisinin feysbukdakı səhifəsinə rəy yazıb uşaq pulunun 18 yaşadək verilməsini istədiyini bildirənlərin şərhləri silinib.
Lakin Rəşid Mahmudov bu mövzuya münasibət bildirmək istəmədiyini deyib: "Nə istəyirsiniz, avtomat alım Hadı Rəcəblini güllələyimmi? Bir sözü də siz jurnalistlər deyin də. Deyin ay Hadı Rəcəbli, bəsdir də. Mən 2 dəfə demişəm. Məni öldütdürənə qədər əl çəkməyəcəksiniz siz jurnalistlər? Öz mövqeyinizi qoyun, yazın mən filankəsəm, bu belə olmalıdır. Jurnalist ancaq mikrofon tutandır? Get camaatdan soruş. Başqa deputat olsa, reaksiya verərdim, amma siz özünüz də bilirsiniz ki, mən onun neçə dəfə cavabını vermişəm".

DİGƏR XƏBƏRLƏR

Top