Balıqları tokla kütləvi şəkildə məhv edirmiş - Tutuldu


Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar ölkənin sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər. Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri reydlər nəticəsində İmişli rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Rayon sakini olan Samir Teymurov qeyd olunan ərazidə kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul ikən elə iş başındaca yaxalanıb. Bu zaman ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.

İlkin təhqiqat zamanı bu şəxs göstərilən üsulla balıq ovlamağın qanunsuz olduğunu bilmədiyini vurğulayıb. Polis əməkdaşları qanunlardan xəbərdar olmamasının onu məsuliyyətdən azad etmədiyini, müvafiq dövlət orqanlarının rəsmi icazəsi (lisenziyası) olmadan balıqların, digər heyvanların ovlanmasının mövcud qanunvericiliyə zidd olduğunu, bu sahəni tənzimləyən qanunlara və digər normativ-hüquqi aktlara ciddi riayət edilməsinin zəruriliyini S.Teymurovun nəzərinə çatdırıblar.

Xüsusən kustar şəkildə hazırlanmış, heç bir standartlara cavab verməyən elektrik avadanlığı ilə respublikanın sututarlarında, o cümlədən İmişli rayonu ərazisindəki göllərdə, digər məkanlarda balıq ovunun həmin məkanlardakı ekoloji mühitə, faunaya ciddi ziyan vurmasıyla bərabər, belə fəaliyyətlə məşğul olan şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu, bu yaxınlarda respublikamızın Qərb bölgəsində məhz eyni üsulla qanunsuz balıq ovu edən bir şəxsin elektirk cərəyanı vurması nəticəsində dünyasını dəyişdiyi adıçəkilən şəxsə xatırlanıb.

Hazırda İdarədə faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq S.Teymurov barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əciddi tədbir görüləcək.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları xidməti ərazidə - sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı reydləri davam etdirirlər. Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.

Bununla yanaşı, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları artıq dənizkənarı ərazilərdə qanunsuz qum daşınması hallarına qarşı reydlər həyata keçirməyə başlayıblar. 

DİGƏR XƏBƏRLƏR

Top