Siqareti necə tərgidim?


İnsan sağlamlığına ən böyük və ən təhlükəli təsirlərdən biri də siqaretdir. Siqaretin əks təsirləri barədə az da olsa, demək olar ki, hamı məlumatlıdır. Ancaq yenə də dünyada siqaretdən istifadə kütləvi xarakter daşıyır. Bu bəla nəticəsində həyatını itirənlərin sayı isə olduqca çoxdur. Amerika Onkologiya Cəmiyyətinin təklifi ilə Beynəlxalq Siqaretdən İmtina Günü 1977-ci ildən bəri dünyanın bir sıra ölkəsində hər il noyabrın üçüncü cümə axşamı qeyd edilir. Həmin gün bu bəla ilə mübarizə aparmaq təbliğ olunur və insanlara siqaretin sağlamlığa vurduğu zərərlər çatdırılır. Biz də həmin günlə əlaqədar bu sayımızı siqaretin sağlamlığımıza vurduğu zərərlərə həsr etdik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə ağciyər xərçəngindən ölənlərin 90, xroniki bronxitdən dünyasını dəyişənlərin 75, ürək işemiyasından həyatını itirənlərin isə 25 faizinin səbəbi siqaretdir. Bu isə orta hesabla hər 10 saniyədə bir siqaret çəkənin dünyadan köçməsi deməkdir. Hətta ehtimal hesablamalara görə bu rəqəm 2020-ci ilə qədər 3 saniyəyə qədər azala bilər. Bu sahədə atılan əsas addımlardan biri də Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ildə qəbul etdiyi tütünə qarşı mübarizə üzrə çərçivə konvensiyasıdır. Azərbaycanda da artıq bu konvensiyanın tələbləri əsasında tütünə qarşı geniş mübarizə işi aparılmaqdadır. Ancaq təəssüflə qeyd etməliyik ki, aparılan müşahidələr nəticənin heç də ürəkaçan olmadığını göstərir. Ən əsas problem isə yeniyetmə və gənclərimizin hələ də bu bəlaya meyilli olmasıdır. 

"Hər 20 nəfər siqaret çəkən xəstədən birində ağciyər xərçəngi inkişaf edir"
Onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla jurnalımıza müsahibəsində siqaretin insan orqanizminə zərərləri barədə danışdı. Professor bildiridi ki, biz siqaret tüstüsündə yalnız nikotinin olduğunu eşitmişik: "Ancaq siqaret tüstüsündə kifayət qədər zərərli maddələr var. Bunların da ən əsası benzopiren törəmələridir. Politsiklik aromatik karbohidrogenlər - əsas xərçəng şişi törədən maddələr də bunlardır. Ümumiyyətlə, birmənalı olaraq sübut olunub ki, hər 20 nəfər siqaret çəkən xəstədən birində ağciyər xərçəngi inkişaf edir. Bundan başqa mədə, süd vəzi xərçəngi paralel olaraq siqaret çəkən adamlarda daha çox müşahidə olunur". 
Onkoloq-həkim ev şəraitində siqaret çəkilməsinin fəsadları barədə də xəbərdarlıq etdi: "Xüsusilə də, ev şəraitində siqaret çəkən adamlar düşünməlidirlər ki, həmin siqaret tüstüsü ilə evdə yaşayan digər şəxslər də nəfəs alırlar. Qadın, uşaq və evdə olan başqa insanlar - onlar da təbii olaraq, passiv siqaret çəkənlərə çevrilirlər. Ona görə də, qətiyyən ev şəraitində siqaret çəkmək olmaz. Siqaret çəkən adamlar mütləq evdən kənarda çəkməlidirlər. Şadlıq evlərində, restoranlarda, insanların toplaşdığı müxtəlif yerlərdə siqaret çəkmək də zərərlidir. Belə yerlərdə siqaret çəkmək xüsusilə hamilə qadınlara daha çox zərər vurur". 

"Süd vəzi xərçəngi siqaret çəkən qadınlarda daha çox rast gəlinir"
Son vaxtlar qadınların da bu zərərli vərdişə yiyələnməsi təəssüf doğurmaya bilməz. Kişilərdən fərqli olaraq qadınların orqanizminə nikotinin hansı təsirləri var? Bu suala cavabında professor bildirdi ki, siqaret ümumiyyətlə, insan orqanizminə ciddi mənfi təsir göstərir: "Ancaq qadınların siqaret çəkməsi ümumiyyətlə yolverilməzdir. Çünki, süd vəzi xərçəngi və digər kanserogen effektli situasiyalar siqaret çəkən qadınlarda daha çox rast gəlinir. Ona görə də, qadınların siqaret çəkməsi çox təhlükəlidir. Bir şeyi də unutmaq olmaz ki, onlar hamiləlik keçirirlər və belə olduqda siqaret birbaşa dölə təsir göstərir. Bu baxımdan bu işlə bağlı təbliğata daha çox diqqət yetirmək lazımdır. Hesab edirəm ki, televiziya kanallarında mənasız şou verilişlərindənsə bu cür təbliğatlar olsa, daha məqsədəuyğun olar. İnsanlar ən azından məsələnin nə qədər ciddi olduğunu dərk edərlər. Bundan əlavə damarların vaxtından əvvəl tutulması, daralması, ayaqlarda sinir prosesləri, həmçinin qanqrena hadisəsi də siqaretlə bağlı xəstəliklərdir. Nə yazıq ki, çox vaxt xəstələr buna əhəmiyyət vermirlər. Bundan başqa qırtlaq və ağciyər xərçəngi də siqaret çəkən adamlarda daha çox təsadüf edilir. Yəni, birmənalı olaraq statistika odur ki, hər 20 siqaret çəkən adamdan birində ağciyər xərçəngi inkişaf edir. Ən azı bu faktları bilə-bilə siqaretin nə qədər zərərli bir şey olduğu barədə düşünmək lazımdır". 

"Əsas məsələ iradədir, bu zəhərli vərdişdən azad olmaq lazımdır"
Siqaret çəkən adamlarla bu zərərli vərdişi tərgitmək barədə danışanda onu əsas gətirirlər ki, bu vərdişi tərgitmək çətindir. Bəs, görəsən siqaret asılılığı və tələbatı psixolojidir, yoxsa fiziki? Professor Adil Qeybulla bu suala da aydınlıq gətirdi. O bildirdi ki, əlbəttə siqaret çəkən adamlarda müəyyən qədər nikotin asılılığı var: "Necə ki, bizim müəyyən maddələrə, qidalara tələbatımız varsa, siqaret çəkənlərdə də belə asılılıq nikotinə qarşıdır. Məsələn, çay bizim məişətimizə daxil olub və bizdə çaya qarşı müəyyən asılılıq var. Siqaret asılılığı da belədir, siqaret çəkən adamlarda nikotin asılılığı var. Ancaq insan iradəli olsa, siqareti tədricən azaltsa, heç bir problem olmaz. Kim deyirsə ki, siqareti birdən tərgitmək olmaz, birdən tərgitsəm, başqa xəstəliklər yaranar - bunların hamısı bəhanədir. Əsas məsələ iradədir, bu zəhərli vərdişdən azad olmaq lazımdır". 

Siqareti tərgitsəniz, nə baş verəcək?
Təxminən 20 dəqiqə sonra arterial təzyiqiniz normallaşacaq. 8 saat sonra qanınızdakı dəm qazının miqdarı yarıbayarı azalacaq, oksigenin miqdarı isə artacaq. İki gün sonra orqanizm nikotindən təmizlənəcək, iybilmə və dadbilmə reseptorlarının həssaslığı normal hala gələcək. Üç gün sonra ağciyərinizdəki bronxiallar rahatlaşacaq və siz orqanizminizə daxil olan enerji axınını hiss etməyə başlayacaqsınız. Nəticədə, ümumi tonusunuz da yüksələcək. 2-10 həftə ərzində qan dövranı tədricən yaxşılaşacaq. 3-9 ay müddətində nəfəsalma ilə bağlı problemləriniz (öskürək, xırıltı və s.) azalacaq və ağciyərlərinizin həcmi 10 faiz artacaq. 1 il sonra ürəktutması riski iki dəfə azalacaq. 5 il sonra insult riski siqaret çəkməyənlər səviyyəsinə düşəcək. 10 il sonra ağciyər xərçəngi ehtimalı minimuma enəcək. 15 il sonra infarkt ehtimalı da adi insanlardakı qədər olacaq. 

Bəs siqaretin ailə büdcəsinə təsiri necədir?
Adının açıqlanmasını istəməyən 35 yaşlı, iki uşaq atası siqaret alüdəçisi bildirdi ki, hər gün azı qiyməti 2 manat olan bir qutu siqaret çəkir. O, bu vərdişin təsir gücü barədə danışarkən qəribə, həmçinin təəccüblü bir misal da çəkdi: "Əgər cibimdə 2 manatım varsa, mən acamsa və siqaretim də yoxdursa, mən o pulu siqaretə verərəm". 
Filtrli siqaretlərin qiyməti təxminən 1 manatdan 3-4 manata qədərdir. Siqaret çəkənlər arasında keçirdiyimiz kiçik sorğu nəticəsində belə qənaətə gəldik ki, qiyməti 2-3 manat olan siqaretlər daha çox istifadə olunur. Bunu nəzərə alaraq, hər gün 1 qutu 2 manatlıq siqaret çəkən bir adamın siqaret xərcini hesablayaq: Hər gün bir qutusu 2 manata siqaret çəkən adam ayda 60 manat, ildə 720 manat, 5 ildə 3600 manat, 10 ildə 7200 manat siqaretə pul verir. Nəticədə isə, o, həm pulundan olur, həm də sağlamlığından. Allahın ona bəxş etdiyi ömrü də xəstə yaşayır. Yəqin ki, düşünməyə dəyər!

Rasim Məmmədli,
"Ailəm" jurnalı, noyabr sayı

DİGƏR XƏBƏRLƏR

Top