“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu


Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ını Azərbaycan və rus dillərində nəşr edib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”da (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modeli dərc olunub.

Digər jurnalda isə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, tam orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanının 2019-cu ildə tətbiqi nəzərdə tutulan modelləri çap olunub.

Jurnallarda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. (http://dim.gov.az/news/2504/).

Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top