Aparılan müşahidələr göstərir ki, son illər paytaxt Bakıda fitnes-klubların sayı sürətlə artmaqdadır. Yeniavaz.com xəbər verir ki, fitnes-klubların tərkibində əsasən trenajor zalları, arıqlamaq istəyənlər üçün qaçış xətti və velosiped olur. Bəzi məkanlarda, xüsusəndə 4-5 ulduzlu otellərdə mövcud olan fitnes-klublarda isə üzgüçülük hovuzları, bilyard, stolüstü tennis və s. idman növləri fəaliyyət göstərir. Fitnes-klublarda qiymətlər məşq günlərinin sayından və saatından asılı olaraq dəyişir.
"Numbeo.com" araşdırma portalı dünyanın 91 ölkəsində fitnes-klubların qiymətlərini araşdırıb. Məlum olub ki, Azərabaycanda fitnes-klubların aylıq orta qiyməti 31 dollara (53 manat) bərabərdir.
Bu region ölkələri arasında orta qiymət hesab olunur. Fitnes-klubların ən ucuz olduğu region ölkəsi Ukrayna hesab olunur. Bu ölkədə fitnes-klubların aylıq orta qiyməti 15 dollar təşkil edir.
Araşdırmada yer alan digər keçmiş SSRİ və region ölkələrində fitnes-klubların aylıq orta qiyməti belə olub:
1. Estoniya - 52 dollar
2. Qazaxıstan - 44
3. Gürcüstan - 38 dollar
4. Rusiya - 32 dollar
5. AZƏRBAYCAN - 31 dollar
6. İran - 30 dollar
7. Belarus - 29 dollar
8. Moldova - 25 dollar
9. Türkiyə - 24 dollar
10. Ukrayna - 15 dollar
Məlumat üçün onu da qeyd edək ki, araşdırmanın nəticəsinə görə fitnes-klubların ən ucuz olduğu ölkə Venesuela hesab olunur. Bu ölkədə fitnes-klubların aylıq orta qiyməti 6,6 dollara bərabər olub.
Venesueladan sonra fitnes-klubların aylıq orta qiymətinin ən aşağı olduğu ölkələrin ilk 5-liyini Kosova (11 dollar), Ukrayna (15 dollar), Şri-Lanka (16 dollar) və Əlcəzair (17 dollar) tamamlayır.
Fitnes-klubların aylıq orta qiymətinin ən yüksək olduğu ölkələrin ilk 5-liyinə isə Qətər (104 dollar), Sinqapur (87 dollar), İsveçrə (85 dollar), Səudiyyə Ərəbistanı (83 dollar) və Honq-Konq (81 dollar) daxildir.