Vahid Əhmədov: "Dövlətin imkanı kifayət qədərdir, uşaq pullarını bərpa etmək lazımdır"


Azərbaycanda aylıq uşaq pulu yenidən bərpa edilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu məsələ 100 gənc ailə başçısının Milli Məclisə müraciətindən sonra yenidən gündəmə gəlib. Məsələ sosial şəbəkələrdə müzakirə olunur, aylıq uşaq pulunun bərpası təklifi rəğbətlə qarşılanır.
Məlumat üçün bildirək ki, hazırda qanunvericiliyə əsasən, uşaq doğularkən ailələrə birdəfəlik 109 manat müavinət verilir. Gənc ailələr isə bu məbləğin az olduğunu, aylıq uşaq pulu bərpa olunarsa, uşaqların həyat şəraitinin yaxşılaşmasına təkan olacağını bildirirlər.
Məsələ ilə bağlı Yeniavaz.com saytı deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovan münasibət öyrənib: "Mən o müraciəti almamışam, amma internetdən oxudum ki, belə bir müraciət var. Müəyyən millət vəkilləri, o cümlədən Fazil Mustafa müsbət reaksiya veriblər. Mənim də aylıq uşaq pulunun bərpası məsələsinə münasibətim, reaksiyam müsbətdir".
Vahid Əhmədov deyib ki, uşaq pulu uşaqların böyüməsi, tərbiyəsi və s. məsələlər üçün əhəmiyyətli amillərdən biridir: "Mən hesab edirəm ki, hal-hazırda dövlətin imkanı kifayət qədərdir, gənc ailələrə aylıq uşaq pullarının verilməsini bərpa etmək lazımdır".
"Sizcə, aylıq uşaq pulu bərpa olunarsa, məbləğ nə qədər olmalıdır?" sualımıza deputatın cavabı belə oldu: "Bunlar hamısı dövlət büdcəsindən, hökumətin ehtiyat fondundan və digər məsələlərdən asılıdır. Uşaq pulunun məbləğini dövlətin maliyyə orqanları müəyyən etməlidir".
Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top