Rəssam Eldar Əhmədovun xatirəsinə


Biz, gözəl sənətkar və əsl insan,ölkəmizin gözəl diyarı Lənkəran rayonunun yetirməsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, mərhum rəssam Eldar Əhmədovu, çox hörmətli bir dostumuzun qaynatası olaraq tanımışdıq.
O, son zamanlar, heyif ki, çox az-az rastımıza çıxan əsl el ağsaqqalı adına layiq, nəvələrinin təlim və tərbiyəsində əlindən gələni heç vaxt əsirgəməyən, onların sevimlisi olan gözəl bir baba, cəmiyyətə, vətənə, millətə son dərəcə faydalı övladlar yetişdirən məsuliyyətli bir ata, ailəsinin maddi və mənəvi ehtiyacları üçün gecə-gündüz çalışan mükəmməl bir ailə başçısı idi. Onun ailəsindəki hər bir fərdin oxumuş, ali savadlı amma eyni zamanda təvazökar və xeyirsevər insanlar olması bunun əyani sübutudur.
Mənim onunla tanışlığım, dostumun (mərhumun kürəkəni) dəvəti ilə qonaq getdiyim bağ evində olmuşdu. Çox gözəl bir insan olaraq həmişə rəhmətlə yad edəcəyimiz Eldar müəllim, əvvəlcə mənə yaşından çox gənc görünmüşdü. Amma hər görüşümüzdə iki saata qədər davam edən dialoqumuz davam etdikcə, onun sözün həqiqi mənasında yaş yetirmiş əsl bir el ağsaqqalı olduğunu anlamağa başlamışdım.
Rəssam idi amma mən çox rəssam görmüş bir insan olaraq onda dərhal nəzərə çarpan fövqəladə fərqliliyi hissetməyə bilməzdim. Nə çəkəcəyini, niyə çəkəcəyini bilən bir rəssam. Çəkdikləri ilə Yaradanı və Onun mükəmməl əsərlərini tərənnüm edən mükəmməl bir rəssam. Əlinə aldığı fırçası və palitrası ilə molbertin qarşısına keçməzdən öncə ağlında və ürəyində çəkəcəyi şəkli yaşayan və hissedən, hətta bunu başqaları ilə mükəmməl bir şəkildə paylaşa bilən bir rəssam.
Onun bir rəssam olaraq ərsəyə gətirdiyi gözəl əsərlərindən başqa əsl sənət əsəri adlandıra biləcəyimiz canlı sənət əsərləri, yəni yetişdirdiyi övladlar onun necə bir insan olduğunu ifadə etmək üçün canlıq sübutlardır.
Onun əsərlərini görəndə kim olduğunu, necə bir anlayışa sahib olduğunu dərhal anlamaq olar amma bir şərtlə ki, ali səviyyədə bədii təxəyyülə sahib bu insanın sadəcə bir rəssam olmadığını, onun əslində böyük bir mütəfəkkir olduğunu da nəzərə alasınız.
Son olaraq, mərhum Eldar müəllimə Allahdan rəhmət diləyərkən, onun bütün sevdiklərinə və bütün onu sevənlərə başsağlığı diləyir, belə bir sənətkarı canlı-canlı dinləmək şansımızı bu dünyada itirdiyimizə görə kədərlənir və əlavə etmək itəyirəm: nə yaxşı ki, Eldar müəllim rəhmətə getməzdən əvvəl hər bir xeyirli insan kimi öz üzərinə düşən vəzifəni icra etmiş və arxasınca mükəmməl əsərləri olan əsl xeyirsevər övladlar, nəvələr, nəticələr qoyub getmişdir...
Ümid edirəm ki, onun məna dolu sənət əsərləri isə uzun illər gənc nəsillərə dünyada əsl anlamaları tələb olunan şeyləri anlatmağa xidmət edəcəkdir...
Hörmətlə Elşad Abdullayev

DİGƏR XƏBƏRLƏR

Top