Danimarka İrandakı səfirini geri çağırır: Tehrana qarşı sanksiyalar tələb edir

 
Danimarka Xarici İşlər Nazirliyi məsləhətləşmələr aparmaq üçün İrandakı səfirini geri çağırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, rəsmi Kopenhagen, həmçinin Avropa İttifaqının (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışacaq.
 
Danimarkanın xarici işlər naziri Anders Samuelson bildirib ki, bu qərar İran xüsusi xidmət orqanlarının Danimarka ərazisində hücum həyata keçirmə ehtimalı ilə əlaqədar qəbul olunub. O qeyd edib ki, bu, çox güclü və olduqca qeyri-adi diplomatik addımdır: “Bunu bu gün etməyimiz vacibdir”.
 
Nazirin sözlərinə görə, İran hətta həmin məlumatı inkar edirsə də, bu, həmin hücumun arxasında İran dövlətinin dayanması faktını dəyişmir: “Danimarka istəyir ki, Aİ insidentlə əlaqədar İrana qarşı sanksiya tətbiq etsin. İran tamamilə qəbuledilməz davranış nümayiş etdirir və bu davranışa diqqət yetirməliyik”.
 
Xatırladaq ki, Danimarka təhlükəsizlik polisinin məlumatına əsasən, İran kəşfiyyatı İslam Respublikasında fəaliyyət göstərən “Əhvazın azad edilməsi uğrunda ərəb mübarizə hərəkatı” separatçı qruplaşmasının liderinə hücum təşkil edib. Bununla əlaqədar İran əsilli Norveç vətəndaşı oktyabrın 21-də İsveçin Höteborq şəhərində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top