"Prezidentin göstərişindən sonra ev problemim həll olundu" - Şeyx Əbdül


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Qış Parkı"nı tikən zaman rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun evinə ciddi ziyan dəyməsi barədə uzun illər idi mətbuatda yazılırdı, televiziyalarda işıqlandırılırdı. Şeyx Əbdül Mahmudbəyov bildirirdi ki, məhkəmənin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti zərər vurulan evini təmir etdirməli, ya da ona dəyən ziyana görə kompensasiya ödənməlidir.
Təxminən 3 həftə öncə Yeniavaz.com-un redaksiyasında qonaq olan xalq artisti bu mövzuda açıqlamalar vermiş, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq meri Hacıbala Abutalıbovla bağlı ittihamlar irəli sürmüşdü. Müsahibə maraq doğurmuşdu.
Bu gün Yeniavaz.com saytı Şeyx Əbdül Mahmudbəyovla əlaqə saxlayıb. Xalq artisti probleminin artıq həll olunduğunu bildirib: "Sizin sayta müsahibə verəndən təxminən 3 gün sonra mənə dövlət səviyyəsində zəng gəldi, dəvət olundum və ev problemim istədiyim kimi həll olundu. Bu məsələ mənim üçün artıq qapanıb. Sağ olsun ölkə Prezidenti, bu söhbətə yüksək səviyyədə son qoydu. Xahiş edirəm, bundan sonra heç kəs o işi qabartmasın, çünki məsələ qapanıb".
Xalq artisti bundan sonra Hacıbala Abutalıbovla heç bir probleminin olmadığını deyib: "Mənim Hacıbala Abutalıbovla və onun işçiləri ilə bundan sonra heç bir problemim yoxdur, bu məsələyə son qoyuldu. Bəlli oldu ki, ortada 3-cü bir şəxs var imiş, "maşennik"in, alçağın biri. Sən demə, aləmi qarışdıran o imiş. O da cəzasını aldı. Vəkilimlə birgə dövlət başçısına da müraciət etmişdik. Bütün bəşər müharibələri sülhlə qurtarır. Bizim də məsələmiz həllini tapdı".
Şeyx Əbdül Mahmudbəyov bildirib ki, bu məsələ həll ediləndən sonra sosial şəbəkədə köhnə kadrlardan ibarət videolar təzədən paylaşılıb və o, buna görə narahat olub: "Dövlət səviyyəsində məsələ həll olunubsa, köhnə çuval işi eşmək, təzədən buna don geyindirmək lazım deyil, mən belə şeyləri xoşlamıram. Başım çəkilişlərə qarışmışdı, Badamdardakı sürüşmə hadisəsindən belə xəbərim yox idi. Mənim Hacıbala müəllimlə köhnə konfliktlərimi - köhnə yazıları Badamdardakı sürüşmə ilə bağlı təzədən adımdan yayıblar. Halbuki mənim Badamdarda nə villam var, nə evim".
Şeyx Əbdül Mahmudbəyov probleminin həllinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top