Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi üzrə kompleks, bütöv mövqe hasil etməlidir. Hazırda belə mövqe yoxdur. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan deyib. O bildirib: “Mən münaqişənin nizamlanmasının müxtəlif elementləri üzrə natamam bəyanatlar eşidirəm, natamam mövqelər görürəm. Hansısa işlənib hazırlanmış, ümumi mövqe hazırda yoxdur”.
R. Koçaryanın fikrincə, Nikol Paşinyan bu məsələ ilə mövqeyini müəyyənləşdirməyib: “O başa düşür ki, bu çox incə məsələdir. Mən onun bəzi bəyanatlarında problemdən müəyyən dərəcədə uzaqda durmaq , onu Qarabağ “tərəfinin” üstünə atmaq cəhdini görürəm. Lakin bu alınmayacaq”.
Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak dərəcəsi, Qarabağın “təhlükəsizliyinin təmin edilməsi” məsələsində iştirakı o qədər böyükdür ki, bundan yayınmaq mümkün olmayacaq: “Heç kəs, nə həmsədrlər, nə də beynəlxalq ictimaiyyət bunu ciddi qəbul etməyəcək. Buna görə ümumi mövqe formalaşdırmaq, onu “Qarabağ”la razılaşdırmaq və buna sadiq qalmaq lazımdır”.