"Yaralının valideynləri şokdadırlar" - Bakıda ağır qəzada ittiham olunan sürücü hardadır? - YENİ FOTOLAR


Bakının Yasamal rayonunda srağagün BMW markalı maşının motosiklet sürücüsü, restoranlardan birinin kuryeri işləyən Mürüdov Ülvi Cavid oğlunu vurması barədə məlumat vermişdik. Yeniavaz.com saytı yaralının xalası oğlu Elvin Hüseynovla əlaqə saxlayıb sürücünün tapılıb-tapılmaması ilə maraqlanıb. Yaralının yaxınlarının bildirdiyinə görə, BMW-nin sürücüsü hadisə baş verəndən sonra avtomobili hadisə yerində qoyaraq qaçıb.
Elvin Hüseynovun dediyinə görə, yaralının vəziyyəti ağır olduğundan hələ də reanimasiyadadır: ""Semaşko"dadır (1 saylı Şəhər Kliniki Xəstəxanası), palataya köçürülməyib. Avtomobilin sürücüsü hələki ortaya çıxmayıb. Müstəntiqlə danışmışıq, iş istintaqa veriləcək. Vəkilimiz dünən müstəntiqlə danışıb, ona deyiblər ki, qəzanı törədən Elçin adlı həmin sürücünün əvvəllər məhkumluğu olub".
Elvin Hüseynov bildirib ki, yaralının valideynləri hazırda Bakıdadırlar: "Hadisənin şokundadırlar. Bu gün səhər Ülvinin başını yenidən tomoqrafiya müayinəsi etdilər, irəliləyiş yoxdur. Bizim istəyimiz sözügedən sürücünün tapılıb üzə çıxarılması və xəstənin müalicəsinə maddi dəstək göstərilməsidir".
Məsələ ilə bağlı Yeniavaz.com işi araşdıran müstəntiq Elnur Haciyevlə də əlaqə saxlayıb. E. Hacıyev BMW-nin sürücüsünün istintaqa cəlb edilməsi ilə bağlı iş aparıldığını bildirib: "İşi istintaq şöbəsinə vermişəm. Daha ətraflı məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən öyrənə bilərsiniz".
İttiham olunan şəxsin narkotik istifadəçisi olması barədə iddialara gəlincə, Elnur Hacıyev: "Bunlar ancaq deyilir, biz onu hələ dəqiq deyə bilmərik. İşin gedişatında hamısı üzə çıxarılacaq",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top