"Bu cavan oğlanı gecə Bakıda maşınla vurub qaçıblar" - Müraciət + FOTOLAR


"Bu cavan oğlanı dünən gecə Bakının Yasamal rayonunda maşınla vurub qaçıblar. Hal-hazırda "Semaşko"dadır (1 saylı Şəhər Kliniki Xəstəxanası) və vəziyyəti ağırdır. Beyin qapağında böyük çat var, gecə əməliyyat olunub və yenə əməliyyat olunmalıdır. Hər kəsin dəstəyi vacibdir".
Yeniavaz.com saytı sosial şəbəkədə bu elanı və fotonu paylaşan şəxslə - Elvin Hüseynovla əlaqə saxlayıb, hadisənin təfərrüatlarını öyrənib.
Elvin Hüseynov avtomobillə vurulan şəxsin xalası oğlu olduğunu bildirib: "Qəza Yasamal rayonunda, 77 nömrəli avtobusun son dayanacağında baş verib. Hər şey məlumdur, sadəcə sürücü qaçıb gizlənib. Xalam oğlu - Mürüdov Ülvi Cavid oğlu bir neçə ildir Qax rayonundan Bakıya gəlib "Ləziz dad" adlı restoranda kuryer işləyir, motosikletlə sifariş ünvanlarına dönər, pizza daşıyırdı. BMW markalı, 99-NP-202 dövlət qeydiyyat nişanlı maşınla vurulub".

Elvin Hüseynovun dediyinə görə, hadisə belə baş verib: "BMW markalı maşın qoşa xətti tapdalayaraq yolun əks istiqamətinə çıxıb, bu da öz yolu ilə gəlirmiş. Toqquşmanın zərbəsindən xalam oğlu motosikletdən uçub və başı asfalta çırpılıb.
Zərbənin təsirindən başının qapaq hissəsi açılıb. Gecə "Semaşko" xəstəxanasına gətirilib. Vəziyyəti ağırdır, dünən həkimlər dedilər ki, sağ qalma ehtimalı 1 faizdir. Biz artıq hər şeyə hazır idik, hətta yas üçün hazırlıq da görülürdü. Maşın sahibinin nömrəsi bilindikdən sonra yaxınları gəldilər, sonra isə qaçıb çıxıb getdilər. Yaralını o vəziyyətdə qoyub gediblər. Elçin adlı sürücü maşını hadisə yerində qoyub, qaçıb gedib".

Xəstəxanada yaralı əməliyyat olunub, beyninin içinə yığılan çirk, qanı təmizlənib: "Başqa bir problem olmasa, bir neçə günə yenidən əməliyyat olunub, başına plastik qoyulmalıdır. Hələki hər şey sual altındadır. Polisdən bildiriblər ki, sürücünü axtarırıq. Biz artıq vəkil tutmuşuq. Xalam və onun həyat yoldaşı səhər 8-də rayondan çıxıblar, birazdan Bakıya çatarlar. Bu dəqiqə xəstəxanadan çıxmışam, pul axtarıram. Həkimlər, tibb bacıları pul istəyirlər. Narkoz vuran gəlib 150 manat istəyir, həkim əməliyyata görə 3000 manat istəyir. Hərə bir tərəfən yapışıb, pul da verməyəndə ağız büzürlər. İstəyimiz həmin sürücünün tapılması, müalicəyə köməklik göstərilməsidir". 

Nicat



DİGƏR XƏBƏRLƏR

Top