ABŞ prezidentinin müşaviri Rusiyadan sonra Azərbaycana gəlib - SƏBƏB


"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiyadan sonra Azərbaycana gəldi. Bu Vaşinqtonun Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir".
Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Con Bolton Bakıda prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və SOCAR-ın rəhbəri Rövnəq Abdullayevlə görüşdü. Sonuncu görüş də əlamətdardır. Bununla Vaşinqton göstərir ki, Azərbaycanın iştirak etdiyi regional enerji layihələri dəstəkləyir. ABŞ Avropanın Rusiyadan qaz asılılığını azatlmaq istəyir. Ona görə də Vaşinqton Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasını dəstəkləyir.
“Birləşmiş Ştatlar Cənubi Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir” – bu Con Boltonun Bakıda dediyi fikirdir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bunun ardınca belə bir cümlə də işlətdi: “Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir, çünki Rusiya və İranla sərhədi olan yeganə ölkədir”.
ABŞ-ın Rusiya və İranla münasibətləri gərgindir. ABŞ hər iki ölkəyə qarşı sanksiya tətbiq edir. Azərbaycan isə ABŞ-ın tərəfdaşıdır. Ona görə də Vaşinqton Rusiya ilə İranın arasında olan Azərbaycana dəstəyini artırmaq istəyir.
Con Bolton Bakıda Rusiya və İran mövzusunu müzakirə edib. Azərbaycanın Rusiyadan çoxlu miqdarda silah alması Vaşinqtonun xoşuna gəlmir. Ancaq Azərbaycan öz təhlükəsizliyini gücləndirməlidir. ABŞ Azərbaycana silah satmır. Belə olan halda Azərbaycan bu silahı bölgənin əsas silah istehsalçısı olan Rusiyadan almaq məcburiyyətindədir. ABŞ prezidenti bir çox dövlətlə münasibətlərdə Amerikanın əldə etdiyi mənfəətə diqqət yetirir. Azərbaycan ABŞ-dan silah almaq istəyərdi. Ancaq bunun üçün Vaşinqton Azərbaycana silah almağa hazır olmalıdır və buna Konqresin razılığı olmalıdır. Konqresdə isə erməni lobbisinin təsir gücü böyükdür.
Boltonun Bakıda müzakirə etdiyi ikinci mövzu İran idi. Noyabrın 6-dan ABŞ-ın İrana qarşı növbəti sanksiyaları işə düşəcək. ABŞ İranla əməkdaşlıq edən dövlət və şirkətlərə qarşı da sanksiya tətbiq etməyi planlaşdırır. Ancaq bəzi istisnalar da var. Azərbaycan da istisna haldır. Çünki, ABŞ Azərbaycanın enerji layihələrini dəstəkləyir. Bu layihələrin bir qismində isə İran da iştirak edir. Məsələn, “Şahdəniz” qazının çıxarılması və boru xətləri ilə daşınması layihəsində İran şirkəti də iştirak edir. Bu layihənin əsas sponsoru isə BP şirkətidir. Amerika İranın “Şahdəniz” layihəsində iştirakına görə Azərbaycana və ya BP şirkətinə qarşı sanksiya tətbiq etməyəcək. Bundan başqa Azərbaycan İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar kredit ayırıb. Bu layihə də Azərbaycan üçün vacibdir.
ABŞ bölgədə Azərbaycanın güclü dövlət olmasını istəyir. Vaşinqton eyni zamanda onu da istəyir ki, Azərbaycana Rusiya və İrandan təhlükə olmasın. Bunun üçün də Azərbaycan qonşu Rusiya və İranla əməkdaşlıq etməli, birgə layihələri reallaşdırlmallıdır. Vaşinqton bu reallığı qəbul etməlidir.
Con Bolton Bakıda Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Bolton dedi ki, ABŞ münaqişənin həllində maraqlıdır. Bunu bütün amerikalı diplomatlar və rəsmilər bildirirlər. Ancaq bunun ardınca Vaşinqton işğalçı dövlət olan Ermənistana təsir etmir. Bu da bir başqa reallıqdır",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top