Dövlət qurumu küçədə satılan bu pomidorları niyə tapa bilmir? - FOTOLAR


Son günlər Bakıda əcaib görünüşlü pomidorların satışa çıxarılması barədə Yeniavaz.com saytında bir neçə dəfə məlumat vermişik. Bildirmişik ki, bu pomidorların üzərində ağ rəngli qoz və ya fındıq boyda kiçik ağ yumrular var.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Yeniavaz.com saytına açıqlamasında bildirmişdi ki, pomidorların fotosunun təhlili bitkidə dozadan artıq oksin hormonunun çoxluğunu deməyə əsas verir: "Bu maddə xərçəng əmələ gətirən toksiki maddə hesab olunur və dünyanin əksər ölkələrində istehsalata istifadəsi qadağan edilib. Məhsul hökmən Qida Təhlükəsizliyi Agentliyinin toksiki laboratoriyasında analizdən keçirilməli, tərkibindəki maddə müəyyən olunmalıdır".
"Səfəroğlu" aqronomluq xidmətinin rəhbəri Zaur Səlim isə saytımıza bildirmişdi ki, oksin maddələr bitkilər tərəfindən həzm olunmur deyə həm onlarda, həm də onu yeyən insanlarda fəsadlar əmələ gətirir: "Oksin maddələr kanserogen hesab olunur və bitki daxilində çox sürətlə yayılır. Uşaq-böyük fərq etməz - insan orqanizmi eynidir. Oksin maddələr ümum təbiətdə bütün canlılar üçün nüvə enerjisini parçalayan maddələr sayılır. Yəni bütün canlılar üçün təhlükəli maddələrdir. O meyvə ki, oksin maddələrlə yüklənib, onu yeyiriksə, avtomatik olaraq pomidorda göstərdiyi fəsadı bizim orqanizmimizdə də göstərir".

Zaur Səlimin sözlərinə görə, həmin pomidorları yetişdirib-satanlar tapılmalı, boykot edilməli, dövlət isə həmin müəssisələrin fəaliyyətinə son qoymalıdır.
Yeniavaz.com saytı olaraq mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərmişdik.
Qeyd etmişdik ki, bu mövzuda hazırladığımız xəbər böyük marağa səbəb olub, odur ki, bu mövzuda videoxəbər də hazırlamaq istəyirik: "İstəyərdik ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri bu mövzuda açıqlama versinlər, suallarımızı cavablandırsınlar. Bu məsələdə operativ şəkildə bizə yardımçı olmağınızı xahiş edirik". Sorğuya pomidorların fotolarını da əlavə etmişdik.
Bu gün, yəni 8 gün sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab gəlib. İki cümləlik cavab belədir: "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bir çox meyvə-tərəvəz satışı məntəqələrinə baxış keçirilmiş və qeyd etdiyiniz formalı (üzərində qoz və ya fındıq boyda ağ rəngli kiçik yumrular olan) pomidorlara rast gəlinməmişdir. Əgər sizdə bu faktı təsdiq edən pomidor nümunələri varsa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim etməyiniz xahiş olunur".

Sonda onu da qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu sorğunu göndərərkən, yəni oktyabrın 16-da həmin pomidorlardan bir neçəsi nümunə olaraq bizdə var idi. Ancaq sorğumuza gec cavab gəldiyindən xarab olduğu üçün onları atmalı olduq. Həmin pomidorlardan yenidən alıb Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim etməyə çalışacağıq...

DİGƏR XƏBƏRLƏR

Top