Vaxtilə Heydər Əliyevin müalicəyə göndərdiyi Qarabağ qazisi kömək istəyir


2 qrup Qarabağ əlili, qazi Səmədov Qənimət Musa oğlu səhhətində yaranan problemlə bağlı Prezidentə müraciət edib. Məlumat üçün bildirək ki, Qənimət Səmədov 1992-ci il iyunun 17-də Mingəçevir Hərbi Komissarlığından Qubadlı bölgəsinə göndərilib. 706 nömrəli hərbi hissədə olub. Milli qəhrəman Əliyar Əliyevin I batalyonunun əsgəri olub.
Qənimət Səmədov Yeniavaz.com saytına açıqlamasında deyib ki, ağır döyüşlərdə iştirak edib: “Əslən Kəlbəcər rayonundanam. Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ müharibəsindən illər keçsə də, onun fəsadlarını bu gün də hiss edirik. O gündən bu günə qədər bədənimdə 50 qəlpə gəzdirirəm. 1993-cü ilin mart ayının 8-də Laçının Yuxarı Fərəcan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə mina partlayışından sol gözümü itirmişəm. Başımdan ağır yaralandım. Mənim baş nahiyəmdə alın sümüyüm yığmadır. Bunun fəsadları məni çox incidir. 1999-cu ilin yanvar ayında ulu öndər Heydər Əliyev müalicə üçün məni Moskva şəhərinə göndərib. Orada əməliyyat olunmuşam. İndi mənə yenidən əməliyyat lazımdır. O da Türkiyədə mümkündür. Dəfələrlə Səhiyyə Nazirliyinin komissiyasına müraciətlər etmişəm, qərarlar veriblər, amma heç biri icra olunmayıb. Hazırda başımda olan qəlpə məni çox incidir. Bir gözüm yoxdur. Ona görə də mənə qapaqlı göz əməliyyatı da olunmalıdır. Eks Əmək və Əhalinin Sosial Müdafiəsi  naziri Səlim Müslümovun, Səhiyyə naziri Oktay Şirəliyevin qəbulunda olmuşam və lazım olan sənədləri təqdim etmişəm, lakin heç bir tədbir görülmədi”.
Ailə vəziyyəti çətin olan Qarabağ qazisi 14 il işsiz qaldığını da bildirdi: “Ailəm də mənimlə bərabər bu dözülməz vəziyyətdə yaşadı. Aldığım pensiyanı güc-bəla ilə dərmanlarıma çatdırırdım. Mingəçevirdə İcbari Tibbi Sığorta yaranandan bu xəstəxananın xidmətlərindən istifadə edirəm, lakin mənim müalicəm Azərbaycanda yoxdur. Xəstəliyimlə və işsizlik problemimlə bağlı Mingəçevir Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov vəziyyətimlə yaxından maraqlandı. Bilmirdim xəstəliyimin dərdini çəkim, yoxsa işsizliyimin.14 il iş üçün hər yerə müraciət etmişdim. Sağ olsun Könül həkim, həm mənə xəstəxanada iş verdi, həm də müalicələrimi davamlı alıram. Cənab Prezidentimizə müraciət edirəm ki, mənim Türkiyədə müalicəmin təşkili üçün göstərişini versin. Məcburi köçkün düşdükdən sonra ailədən qalan bircə mənəm. Ailəmizdə hamı rəhmətə gedib, heç kimdən köməyim yoxdur. Xahiş edirəm, Prezidentimiz səsimə səs versin”. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top