Ərdoğan Qaşıqçının qətlinin təfərrüatlarını açıqladı


“Jurnalist Camal Qaşıqçı sentyabrın 28-də evliliklə əlaqədar rəsmi prosedurları həyata keçirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib. Bu səfər barədə jurnalisti öldürən qrupa məlumat verildiyi məlum olur. Konsulluq işçilərindən bəzilərinin ölkələrinə getmələri cinayətə hazırlığın orada aparıldığına işarədir”. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan C. Qaşıqçının öldürülməsinin detallarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, oktyabrın 1-də Səudiyyə Ərəbistanından 3 nəfərlik qrup təyyarə ilə İstanbula gəlib: “Bu zaman Baş Konsulluqdan olan başqa qrup isə Belqrad meşəsində və Yalovada müşahidələr aparır. Oktyabrın 2-də Səudiyyə Ərəbistanından digər qrup İstanbula gələrək otelə yerləşir. Cəmi 15 nəfərlik qrup həmin gün ayrı-ayrılıqda gələrək bir yerə toplaşır. Əvvəlcə konsulluğun müşahidə kamera sistemindəki sərt disk sökülür. Qaşıqçıya zəng edilərək onun konsulluğua gələcəyi təsdiq edilir. Qaşıqçı saat 13:08-da konsulluğa gəlir və bu saatdan sonra bir daha ondan xəbər alınmır. Saat 17:50-də Qaşıqçının nişanlısı onun zorla tutulduğuna dair müvafiq qurumlara müraciət edir”.

R.T. Ərdoğan qeyd edib ki, cinayətin planlaşdırılmış olduğuna dair işarələr var: “Bu 15 nəfər cinayətin törədildiyi gün niyə İstanbulda toplanıb? Bu insanlar kimdən əmr alıb? Baş Konsulluğun binası niyə bir neçə gündən sonra araşdırılması üçün açılıb? Cəsəd niyə hələ də ortada yoxdur? Cinayətin törədilməsində yerli şəxslə əlbir olunduğu deyilir. Həmin şəxsi açıqlamağa məcbursan. Təhlükəsizlik qüvvələrinin əlindəki məlumatlar hadisənin planlı olduğunu göstərir. Belə bir məsələni bir neçə təhlükəsizlik və kəşfiyyat əməkdaşının üzərinə atmaq yanlışdır. Buradan çağırış edirəm: təklif edirəm ki, cinayəti törədən qrup İstanbulda mühakimə olunsun”.

DİGƏR XƏBƏRLƏR

Top